Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədova qarşı gözlənilməz zərbə


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qarant İnvest”in broker fəaliyyətinə qadağa qoydu; ölkənin ən qüdrətli nazirlərindən birinin oğlunun xarici bazarı bağlandı; hökumətin bu addımı haqda sensasion iddialar “Yeni Müsavat”da Azərbaycanın ən qüdrətli oliqarxlarından olan nəqliyyat naziri Ziya Məmmədovun ailə biznesinə ciddi zərbə vurulub. Əvvəllər “ZQAN Holdinq” olan, sonra isə adını dəyişərək “Qarant-Holdinq” adlandırılan şirkətə daxil “Qarant-İnvestin” lisenziyası dayandırılıb. Bu həm də faktiki olaraq şirkətin də fəaliyyətinin dayandırılması deməkdir...


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib ki,  “Qarant İnvest” MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazə-lisenziya sentyabrın 16-dan ləğv edilib. “Qarant İnvest”in broker fəaliyyəti üzrə lisenziyasının hansı səbəblərdən geri alındığı göstərilmir. 

Qeyd edək ki, broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Broker fəaliyyəti Mülki Məcəllənin 992-1.7. bəndləri ilə tənzimlənir. 
“Qarant İnvest” şirkəti “Qarant Holdinq”in tərkibində 2011-ci ildə yaradılıb. Elə həmin ilin noyabrının 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  broker fəaliyyətinin göstərilməsinə dair “Qarant İnvest”ə 5 illik broker lisenziyası təqdim edib. 

“Qarant İnvest” lisenziya alandan sonra bir sıra investorlara xarici şirkətlərin səhmlərini almaqda, habelə onların pullarının İsveçrə banklarında yerləşdirilməsində kömək edib. “Qarant İnvest” Azərbaycanda fəaliyyəti müstəsna olaraq xarici investisiyalardan ibarət olan yeganə lisenziyalı broker şirkəti olub.  

“Yeni Müsavat”ın Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən əldə etdiyi məlumata görə, “Qarant İnvest” MMC 11 avqust 2011-ci il tarixində qeydiyyata alınıb. Onun yeganə təsisçisi kimi adı ictimaiyyətə tanış olmayan Məmmədrəhim Əmirçoban oğlu Həsənov göstərilib. 2011-ci il məlumatlarında cəmiyyətin nizamnamə kapitalının ilkin olaraq 10 000 manat olduğu əksini tapıb. 2011-ci il məlumatlarında “Qarant İnvest” MMC-nin direktoru kimi yenə də adı geniş ictimaiyyətə tanış olmayan Rauf Nizami oğlu Əliyev olduğu bildirilib. 

Cəmiyyətin Müşahidə Şurasının üzvləri arasında Vaqif Əmirçoban oğlu Həsənovla yanaşı (böyük ehtimalla təsisçinin qardaşıdır), Elnur Nazim oğlu Abdullayev və Xəyal Kamran oğlu Şərifzadə də var. 2012-ci ildə şirkətin yaranmasının 1 illiyi ilə bağlı təşkil olunan mərasimdə isə “Qarant İnvest”in direktoru kimi Fərid Səttarov hesabat verib. Aldığımız məlumata görə, F.Səttarov “Qarant-İnvest”in yaradılmasında iştirak edib və əvvəl direktor müavini olub. Son aylarda da quruma məhz onun rəhbərlik etdiyi söylənilir. 

Heç şübhə yoxdur ki, xaricdə mülkiyyət məsələləri və investisiya kimi çox vacib və ən əsası konfendensiallıq tələb olunan bir qurumu Məmmədovlar ən yaxın adamlarına etibar edə bilərdilər. 

“Qarant-İnvest”in lisenziyasının iki il öncədən dayandırılması səbəbləri barədə ətraflı məlumat almaq üçün şirkətin 012-499-79-69  nömrəsinə dəfələrlə zəng etsək də, dəstəyi qaldıran olmadı. 

Broker bazarına böyük iddialarla daxil olan “Qarant-İnvest”in lisenziya müddətinin başa çatmamış ləğv edilməsinin əlbəttə ki, ciddi səbəbləri var. Azərbaycan kimi beş-on nəfərdən asılı ölkələrdə bu cür “ləğvetmələrin” bazar iqtisadiyyatı ilə heç bir əlaqəsi olmur, burada əsas məsələlər siyasi qərarlarla həll edilir. Ona görə də nə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, nə də “Qrant-İnvest”in buna izahat verəcəyini gözləmək sadəlövhlük olardı. Bəs nə baş verib ki, hakimiyyət belə bir addım atmalı olub?   
Burada diqqət çəkən əsas nüans lisenziyanın məhz müddəti başa çatmamış ləğv edilməsidir. Lisenziya o vaxt ləğv edilir ki, bunun üçün ciddi səbəblər olur. Bu ciddi səbəblər sırasında şirkətin özünü doğrultmaması da, bazarda fırıldaqlarının üstünün açılması da ola bilər. Məsələn, bu səbəblər sırasında xaricdən mülk alan Azərbaycanın  məşhur isimlərindən birinin sonradan qiymətdə aldadılmasının olması da mümkündür. O da mümkündür ki, “Qarant-İnvest” hansısa məmur-oliqarxın pullarını banklarda “yandırıb”. 



Başqa bir mənbə isə “Yeni Müsavat”a daha bir sensasion versiya üzərində araşdırma təklif edib. Qaynağımız deyib: “Ola bilsin ki, Anar Məmmədovun şirkəti xarici banklara pul yerləşdirən və ya mülk alan varlıların adlarını gizli saxlamaqla bağlı öhdəliyi pozub. “Ya da bu adamlara qarşı yuxarılara ötürülən kompromatlar da istifadə edilib”. 

Virtualaz.org saytı bu mövzu ətrafında olan suallara cavab axtararkən belə bir versiya üzərində dayanıb: “Bəs indi hansı səbəblərdən Azərbaycan oliqarxlarının pullarını xarici banklarda yerləşdirməkdə və xarici şirkətlərin səhmlərinə yatırmaqda vasitəçilik edən ”Qarant İnvest"in yolunu kəsdilər? Görəsən, şirkət hansı səhvə yol verib, yaxud hansı qüdrətli oliqarxın pullarını batırıb?". 



Z.Məmmədov təbii ki, sıradan nazir deyil və onun hakimiyyətdə mövqeyi hələ də çox güclüdür. Onun oğlu A.Məmmədov da ailənin nəhəng biznesini təkcə öz ağlı və gücü ilə idarə etmir, burada əsas faktor Z.Məmmədovdur. Amma aydındır ki,  “Qarant-İnvest”in lisenziyasının ləğv edilməsində əsas zərbə özünü “uğurlu biznesmen” və “hakimiyyətin xaricdə uğurla lobbisti” hesab edən A.Məmmədova dəyib. Azərbaycan-Amerika Alyansı vasitəsilə ABŞ-da lobbi və əlbəttə ki, ticari fəaliyyətlə məşğul olan, gördüyü işləri reklam etməyi də sevən nazir oğlunun “xaricə bazarının və yolunun bağlanması” qərarının arxasında duranlar kimdirsə, onlar Z.Məmmədovdan daha qüdrətlidir demək. Çünki “qiymətli komitə” heç vaxt bu cür qərarı təkbaşına və ya bazara uyğun verə bilməzdi. 
Yeri gəlmişkən, nazir oğlunun rəhbərlik etdiyi “Qarant-Holdinq” son aylar “qara zolağa” düşüb. İyun ayında  “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın hüquqşünası Natəvan Əliyeva öz mənzilində öldürüldü. Bundan sonra avqust ayında “Qarant-Holdinq”in Müşahidə Şurasının üzvü, A.Məmmədovun bibisi oğlu Emil Ələsgərovun xanımı Günay Ələsgərova avtomobil qəzasında həlak oldu. G.Əsgərova A.Məmmədovun əmisi qızı idi. 

Sonda “Qarant-İnvest”in bazardan çıxarılmasına dair daha bir qısa araşdırma da apardıq. Məlum oldu ki, “Qarant-İnvest”in adı artıq rəsmi saytdan yığışdırılıb. Hazırda qiymətli kağızlar bazarında 13 broker MMC fəaliyyət göstərir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytında “BoB Broker”, “Brokdil.az”, “Çelsi-Kapital”, “Texnika Kapital Menecment”, “Unicapital”, “Yapi Kredi İnvest”, “İnrterneşnl Tranzakşn Sistem”, “Paşa-Kapital”, “PSG-Broker”, “İnvest.AZ”, “Xalq Kapital” və “AzFinance” MMC-lərin  adları var. Bu brokerlər içərisində də Z.Məmmədovun və oğlunun bazarını bağlamaq gücündə olan var... 

Mediaya savaş açan, “Yeni Müsavat” qəzetinin baş redaktorunu tutdurmaq istəyən, adları müxtəlif qalmaqallarda hallanan Məmmədovlar erasının sonunun çatdığı barədə informasiyalar dolaşır. Mümkündür ki, bu, Məmmədovlara ilk siqnaldır. Bunun davamı mütləq olacaq.    
   
Bu barədə araşdırmalarımızı və yeni xəbərlərimizi izləyin.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar