Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib


Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Mübariz Cəfərlinin “Amerika” hekayəsini təqdim edirik.
 
YUXU
 
Yuxuda gördüm ki, iri bər-bəzəkli otaqdayıq. Sevdiyim qızla nişanlanmışıq, qızın barmağındakı nişan üzüyünün qaşı bərq vurduqca gözlərim qamaşır.
 
Ovqatım təlxdi, bir ucdan elə hey uduzuram, əlim gətirmir. Qız isə yanımda oturub gülümsünür. Nəhayət, axırıncı dəfə kartları sıxıram. Qurtardı, olan-qalanımı uduzdum. Süst-süst rəqiblərimə baxıram. Yenə qızın nişan üzüyü gözlərimi qamaşdırır. Durmaq istəyirəm, ancaq qalxmıram, qəfil qıza:
 
- Üzüyü çıxart, - deyirəm yavaşca.
 
O, dinməz-söyləməz üzüyü çıxarıb masaya qoyur. Təzədən oyuna başlayıram, bütün uduzduqlarımı geri qaytarıram, üstəlik bir xeyli irəli düşürəm...
 
KƏŞF
 
...Yadımda deyil niyə ona “Amerika” deyirdik...
 
Biz bir məhəllədə böyümüşdük. O, məndən bir yaş böyük idi, məndən bir sinif yuxarıda oxuyurdu. Məktəbə də az getdi. Zor-güc beşinci sinfi bitirdi, heç düz-əməlli adını da yaza bilmirdi.
 
Uşaqlıqda qarış oynayardıq, adi oyundu, gərək rəqibin yerə tulladığı xırda pula yaxın ataydın pulunu. Əgər pulların arasındakı məsafə ən çoxu bir qarış olurdusa, udurdun, yoxsa uduzurdun... Bir az böyüyəndən sonra dominoya başladıq. Oyunu üç manatdan... Yeniyetmə vaxtı karta aludə olduq. Pokeri daha çox oynayardıq, yerdəki pullar daima dəyişirdi, həm də təkcə əlindəki xalda deyildi məsələ, gərək yeri düşəndə risk eləyəydin, qorxudaydın rəqiblərini... Bizim o vaxtkı təbirimizcə desək, blefə gedəydin... Elə olurdu ki, əlindəki ölüvay xalla bir ətək pul gotürürdün yerdən. Ancaq vay ondan ki, rəqibin duyuq düşə, ya da rəqibin əlində yaxşı xal ola və səninlə axıracan burun-buruna dayana...
 
Sonra biz rəqib yox, şərik olduq, necə deyərlər, bir ələ oynadıq. Çünki oyunçular qonşu məhəlləyə yığışırdı, təklikdə ikimizə də çətin idi. Şərik olandan sonra nadir hallarda uduzurduq, bəzən axıra ikimiz qalırdıq və əlimizdəki xalın fərqinə varmadan yerdəki pulları bölüşürdük. Burası məlum məsələdi ki, hərdənbir dava-şavaya da düşürdük. Gah onlar bizim sir-sifətimizə naxışlar vururdular, gah biz onların üz-gözünü “bəzəyərdik”. Ekstremal şəraitdə - yəni ki, görürdüm məni vuracaqlar mən qabaqlayırdım - davaya qoşulardım, sən deyən dalaşqan deyildim, bədəncə də zəifdim. Ancaq onun davası... Allah göstərməsin... “Amerika” dalaşanda gözü ətrafı görmürdü...
 
Yayda dənizə çimməyə gedərdik. Nəfəsini içinə çəkib bədənini şişirdirdi, sanki parçalamağa adam axtarırdı. Göydəki qızmar günəş, yerdəki ləpəli dəniz onun əzələləri ilə müqayisədə fağır görünürdü. Hələ mən öz sısqa bədənimi demirəm.
 
Bir dəfə dəniz qırağında mənə baxıb qəfil dedi:
 
- Yaxşı ki, biz şərikiy...
 
Uzanmışdıq qumun üstündə, özümüzü günə verirdik.
 
- Gicsən, - dedim, - şərikliyin dənizə nə dəxli?
 
Nədənsə, mənə elə gəlirdi ki, sahildə dənizlə günəşin birliyindən ləzzət alırıqsa, elə söz-söhbətimiz də günəşə və dənizə aid olmalıdı.
 
“Amerika” qumun altından siqaret qutusunu çıxarıb iki siqaret götürdü, birini damağına qoydu, birini mənə verdi.
 
- Yox e, yəni sən tülküdən bicsən, - dedi. – Mən də güclüyəm... – kibrit çəkib əvvəlcə öz siqaretini alışdırdı, sonra əyilib mənimkini yandırdı.
 
Siqareti tüstülədib:
 
- Bic sənin dədəndi, - dedim.
 
Sözlərimi vecinə almadı.
 
- Səndə baş var, məndə güc... – yumruqlarını düyünləyib əzələlərini oynatdı.
 
- Baş üstə gəl güc, nə eləyər? – soruşdum, sualı ikimizə verirdim, amma ağlıma qənaətbəxş cavab gəlmədi.
 
“Amerika” isə azca fikrə gedib:
 
- Raykom, - dedi.
 
O vaxt mən kəşfimizi riyazi düstur şəklində qumun üstünə yazdım:
 
B + G =R 
 
DƏRS
 
“Amerika”nın bir bacısı vardı. Cəmilə... İdmançı idi, qaçış üzrə ustalığa namizəd... Həm də basketbolla-zadla məşğul olurdu və bir axşamüstü mən Cəmiləni məhəlləmizdəki orta məktəbdə gəzintiyə dəvət elədim. Cəmilə oğrun-oğrun ətrafa baxa-baxa iki-üç il qabaq bitirdiyi – guya, bu xaraba məktəbdə nə isə dəyişmişdi və evlərinin iki addımlığındakı məktəb üçün Cəmilə doğrudan-doğruya qəribsəmişdi – uçuq-sökük binaya girdi. Mən də tez onun ardınca özümü içəri atdım. Əlbəttə, mən uşaq deyildim, bilirdim ki, Cəmilə məktəbə tez-tez baş çəkir, onu “gəzintiyə” çağıranacan bir neçə gün “bişirmişdim”.
 
Yarıqaranlıq dəhlizdə Cəmilə əlimdən tutub pıçıltı ilə:
 
- Gəl, - dedi.
 
İkinci mərtəbəyə qalxdıq. Sakitlik idi, amma mənim ürəyim bərk-bərk döyünürdü. Şükür, deyəsən, zəhmətim hədər getməmişdi, Cəmilə mənə maraqlı şeylər göstərəcəkdi.
 
Pəncərədən bayıra baxdım. Gün batandan sonra məktəbin həyətindəki çinarın yarpaqları qara yelkənə bənzəyirdi. Bir az aralıdakı dayanacaqda tum satan Fatma xala yır-yığışa başlamışdı.
 
- Gəl də, nə durmusan... – Cəmilə buralara məndən də yaxşı bələd olduğunu büruzə verdi.
 
Mən onun arxasınca otağa girdim, Cəmilə qapını örtüb:
 
- Qorxma, - dedi, - gözətçi hava qaralanda gəlir...
 
Onsuz da dünya vecimə deyildi, adi, mənə tanış sinif otağıdı, neçə dəfə dərs keçmişdik burda. Löhvəsinə də yazılmışdı: “Uşaqlar qar topu oynayırlar”. Düz yazmamışdılar, qartopunu bir yerdə yazaydılar gərək. Löhvəyə göz gəzdirəndən sonra səfehlik də elədim; divardakı düyməni basıb işığı yandırdım. Tez işığı söndürdü.
 
- Neynirsən? – pəncərənin qabağına gəlib həyətə baxdı ürkək-ürkək...
 
...Cəmilə köynəyini çıxarıb masanın üstünə uzandı. Bu masada müəllimlər jurnal yazardı...
 
CİNS
 
Cəmilənin birinci “dərsindən” sonra “Amerika” ilə şərik olmadım. “Amerika”nın gözləri kəlləsinə çıxmışdı:
 
- Nöş getmirsən oynamağa? Pulun yoxdu verim... – inamsızcasına deyirdi, bilirdi ki, evdəkilər məni pulsuz qoymur.
 
- Yox, pulum var. Day oynamayacam, - bəlliydi ki, bu yerdə izahsız ötüşmək mümkün deyil. – Şəhərə gedəcəm oxumağa. Məktəbi qurtaran kimi... İnstituta hazırlaşmalıyam. Onuncuya keçirəm axı...
 
Heç nə deməyib getdi. İki gün onu görmədim, üçüncü gün gəlib məni evdən çağırdı:
 
- Day mən də oynamayacam, - dedi. – O banditdərnən tək bacarmaq olmur. İki gündü məni sağırlar...
 
- Get nömrəni nənənə gəl... – dedim. – Dərd Lalə dərdidi...
 
“Amerika” dik atıldı:
 
- Yox, Allah haqqı!..
 
- Lalə qoymur səni...
 
- Yox!.. – “Amerika”nın cin atına minməyi canıma yağ kimi yayıldı, qoy bir də məni hərifləməyi ağlına da gətirməsin...
 
Lalə mənimlə oxuyurdu, bizim sinifdə. Arıq, çəlimsiz qız idi, ayaqları üzükdən keçərdi. Di gəl, “Amerika” boyda əjdahanı dəli eləyib salmışdı çöllərə, lap dəqiqi, qapılarının ağzında zəncirləmişdi, “Amerikan”ı harda axtarsaydın Laləgilin məhəlləsində tapardın. Mən Laləyə “Cins” deyirdim. Bu söz, bu ləğəb, bu ayama da “Amerika”nın vicdanına yazılmalı idi. Çünki günlərin birində mənə doğrudan-doğruya bir məsələni “Amerika”dan soruşdum:
 
- Nə düşmüsən Lalənin dalına, nə var e, onda?
 
“Amerika” dinmədi.
 
- Başdan-ayağa sür-sümükdü, əti-məti də yoxdu...
 
Bu dəfə qızışıb üstümə gəldi:
 
- Nə gijdiyirsən sən? Qurtar də...
 
Mən geriləsəm də dilimi dinc qoymadım:
 
- Dayan görüm... Biz nəyik? Dostuq, hə? – gördüm əclaf cavab vermir özüm təsdiqləməli oldum. – Hə... Mən bir dost kimi səndən söz soruşa bilərəm?... Hə, ya yox?
 
Bu dəfə çar-naçar başını tərpədib mızıldandı:
 
- Hə...
 
Mən qızışdım:
 
- Bax, Laləni verdilər sənə ki, ala, - əllərimdə nəsə varmış kimi irəli uzatdım. – Sən neyniyərsən ona?
 
“Amerika” duruxub key-key üzümə baxaraq fikrə getdi, handan-hana:
 
- Ona bir cinslər geyindirrəm ki... – kəlmələri pıçıltı ilə dodaqlarından axdı.
 
Bu “Amerika”nın qırx qıfıllı qapının arxasındakı arzusu idi. Mən o arzunu oğurladım. Oğurlamadım yox, zor-güc, həm də, min bir hiylə ilə aldım ondan, yoxsa, “Amerika” sirli-sehrli qapılar arxasındakı arzusunu nə təkcə zorla, nə də yalnız hiylə ilə əldən verərdi. Məndən qəhqəhə qopanda “Amerika” özünə gəldi, lakin gec idi, iş-işdən keçmişdi.
 
O gündən Laləni “Cins” çağırmağa başladım. Səbəbini qıza deyəndə o da qəhqəhə çəkdi.
 
QƏTL
 
Sonra mən şəhərə oxumağa gəldim...
 
Sonra Lalə ərə getdi...
 
Sonra “Amerika”nı öldürdülər...
 
Keçən həftə sevdiyim qızın ad günü idi. Hədiyyə almaqdan ötrü mağazaları gəzəndə gördüm Cəmiləni. Mən mağazadan çıxanda o, başılovlu içəri dürtüldü. Az qala kəllə-kəlləyə dəyəcəkdik.
 
- Gözün görmür? – yüngülcə payımı verdi və üzümə baxıb geri çəkildi. – Aa... qonşu... – deyəsən, adım yadına düşmədi. – Sənsən?...
 
Gülümsündüm:
 
- Yox, kölgəmdi...
 
- Gedək oturaq bir yerdə, dərdləşək... - ərklə qoluma girib dedi.
 
- Hələ gəzişək bir az, - dedim. – Oturmalı hava deyil... - Yönümüzü bağa tərəf saldıq. - Çoxdan şəhərdəsən? – soruşdum.
 
- Hə, - dedi. – Xalamnan qalıram burda...
 
Eşitdiyimə görə xalasının yanına özxoşuna gəlməmişdi, evdəkilərin qorxusundan qaçmışdı.
 
- İşləyib eləyirsən?
 
İçini çəkdi:
 
- Yox...
 
Akasiya ağacının kölgəsindəki skamyada oturdum, o da yanımda əyləşdi.
 
- Bayaqdan deyirdin gəzişək, boş yer görən kimi oturursan...
 
- Bağda oturmaq elə gəzişməkdi də...
 
- Tək qalırsan sən?
 
- Hə...
 
- İşləyirsən?
 
- Hə... Bura bax, ərə-zada getməmisən ki? – deyəsən, korladım işləri.
 
Cəmilə qızarıb:
 
- Yox, - pıçıldadı. – Sən evlənmisən?
 
- Yox.
 
Araya sükut çökdü. Əlimi Cəmilənin saçlarına çəkdim, o, gözlərini yumsa da etiraz elədi:
 
- Camaat baxır...
 
Əlimi saçlarından götürdüm:
 
- Evinizdən nə xəbər?
 
Gözlərini açdı:
 
- Necə ki?
 
- Heç elə-belə... Görəsən oralarda nə var, nə yox? “Amerika”  neyniyir?
 
Cəmilə kəsik-kəsik:
 
- Sən... bilmirsən?.. – soruşdu və donuq-donuq üzümə baxdı.
 
Çiyinlərimi çəkdim:
 
- Nəyi?
 
O, bir müddət susdu, sonra:
 
- “Amerika”nı öldürüblər, - dedi, yüngülcə nəfəsini dərdi, elə bil ağır işdən sonra yorğun-arğın yatağa uzanıb bütün bədəninin xoş giziltisindən ləzzət alırdı. – Yazığın yasına da gedə bilmədim.
 
Mən yanımı kənara çəkdim, sanki indicə “Amerika” gəlib ikimizin arasında oturacaqdı.
 
- Kim öldürüb onu?
 
Cəmilə titrək əllərini üzündə gəzdirdi, barmaqları ilə burnunu sığalladı.
 
- Elə öz uşaqlarınız...
 
Elə deyirdi ki, guya, qardaşının ölümündə mənim də günahım vardı.
 
- Bizim uşaqlar adam öldürən deyil. Özü də kimi-kimi “Amerika”nı. Açıq de görüm...
 
Sözümü bitirməyə imkan vermədi, daha doğrusu, mən kəlməmi yarıda kəsdim.
 
- Lalənin əri... öldürdü onu... – dedi.
 
ZƏNG
 
O gün sevdiyim qıza alacağım hədiyyənin pulundan bircə manat da xərcləmədim.
 
Telefonun zəngi çalındı. Dəstəyi götürdüm.
 
- Alo... Salam... Yaxşıyam... Sən necəsən? Yuxumu qarışdırmışam, yaman əzginəm... Qadan alım, incimə, qoy qalsın sabaha... Küsmürsən ki? Yaxşı, hələlik...(kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar