Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alın yazımız kəpənək qanadlarına yazılıb


Rahid Ulusel yazır...


Kulis.az Rahid Uluselin “Biz və Dünya” essesini təqdim edir:
 
I məqalə
 
Dünya mədəniyyəti orqanikasında Azərbaycan
 
Mədəniyyətlər öz anatomiyasına görə elə quruluş tapıb ki, o, öz ənənələrində nə qədər dəyişikliklərə uğrasa da, nə qədər yeni keyfiyyətlərə yiyələnsə də, nüvəsində dəyişməz qalır. Qafqaz arxitektonikasını yaradan mədəniyyətlər buna parlaq örnəkdir. Yaradılışın bənzərsizliyi embrional başlanğıcdadır. Etnogenetik yaddaş da mədəniyyətin toxumundadır. Tarixin seleksiyasından yalnız diri mədəniyyətlər salamat çıxa bilir. Mutant mədəniyyətlər də tarixin istisnası deyil. Lakin mədəniyyətlər polifoniyasında milli cəhətdən özgür mədəniyyətlərin yaradıcılıq, törədicilik gücü sumbioz durumundakılardan qat–qat çoxdur. Mədəniyyətin nüvəsinə doğru onun milliliyi güclənir, qıraqlarına doğru seyrəlir. Qıraq (marqinal) hüdudlarda, aralıqlarda mədəniyyətlərin oxşarlıqları artır. Təmas nöqtələri mədəniyyətlərin yaradıcı–təcrübi enerji toplamasında mühüm məqamdır. Bu nöqtələrdən mədəniyyətlər qayıdıb öz nüvələrinə baş vurur, bir az da möhkəmlənir, kristallaşırlar.
 
Dünya mədəniyyətinin elə böyük abidəsi varmı ki, o, milli özəlliklərdən məhrum olsun?! Bütün ümumbəşəri «izm»ləri xalqlar kənardan götürəndə «özünküləşdirirlər»: çinlilər sosializmi, iranlılar İslamı, Avropa millətləri Antikliyi və Xtistianlığı... Ümumbəşəri din yaradan ərəblər öz milli ərəb mədəniyyələrindən üz döndərməyiblər. Həm maddi, həm də mənəvi mədəniyyət nümunələrindəki milli kolorit, çalar zərrə-zərrə toplanıb şəbəkələnərək dünya mədəniyyətinə möhtəşəm rəngarənglik gətirir. Mədəniyyətlərin təması onları zənginləşdirir, ancaq onlar yeni qazandıqlarını yenə öz mayaları ilə yoğururlar. Mədəniyyətlərin dialoqu onları təcrübələndirir, varlandırır, ancaq yenə hər bir mədəniyyət öz dilində danışır. Kimlər ki milli mədəniyyətlərin silinməsini planlaşdırır, demək, onlar bəşəriyyətin lampasını söndürmək üçün ovurdlarını şişirib. Mənəviyyatları dölsüzlüyə aparan mədəniyyətlərin sonsuzluğu iraq olsun.
 
Özülünü milliliyin və bəşəriliyin vəhdətindən tutan dünya mədəniyyəti insanlığın ən böyük sərvətidir. Çünki bu mədəniyyət bağında hər xalq öz ruhunun, düşüncəsinin ideya ağaclarını, sənət çiçəklərini əkir. Burada nəhəng palıdlar da, cır kollar da var. Muzey donuqluğu yox, məhz bağ yaradıcılığı olan bu münbit torpağa zaman-zaman yeni şitillər əkilir. Bu bağın bağbanı dünya sənətkarlarıdır. Hər xalqın təmsilçisi. Bəşəriyyətin ilahi arzuları yalnız Bağ Mədəniyyətində cücərə bilər...
 
...Planetin efirini quşların cəh-cəhi, yarpaqların xışıltısı kimi təbiətin ilahi səsləri qədər poetik söz, müsiqi, hikmət estetikləşdirir. Bəşəriyyətin epos mədəniyyəti dağlar qədər möhtəşəm, zirvəli, qırçınlı, uçurumlu, kahalı, labirintlidir.
 
Okeandibi təlatümləri əks etdirir incəsənət. Okean sularının duruluğunda, dərinliyində, genişliyində ləpələnir poeziya misraları, musiqi notları, heykəllərin hərəkəti. Antik heykəltəraş Fidiyin xanım heykəllərində daş tüllər belə titrəşir. Okeanda İntibah da, Dekadans də var. Mədəniyyətə hücum çəkmiş köpək balıqları onun nə qədər incə ideyalarını udub. Okean – bizim içimizdədi. Okean suları dörd ildən bir dəyişir. İnsan qanı da dörd ildən bir. İnsan toxumu da okean sularının tərkibincədi. İncəsənət duyğusu yaradılışın qaynar nöqtələrindən, maddənin ruhundan, canın qımıltılarından keçir. Ona görə də o tərpədir, ehtizaza gətirir...
 
«Lövhi-məhvuz» kəpənək qanadlarına da yazılıb. Balıq pulcuqlarına da. Körpə barmaqlarına isə onun musiqisi bəstələnib...
 
Təbiətin bütün səsləri incəsənətdə insaniləşib. Təbiətin dörd ünsürü – səs, daş, rəng və hərəkət ən müxtəlif kombinasiyalarda musiqi, heykəltəraşlıq, memarlıq, boyakarlıq, dramaturgiya və s. sənət dürlərinin yaradılışına can verib... Qalalar, qəsrlər, məbədlər, sütunlar, heykəllər... Qayalar, dağ süxurları, aysberqlər eyni İlahi Estetikanın duyuluşlarıdır... Mədəniyyət təbəqələrində hansı yer boşdursa, oraya yad süxurlar, yabançı elementlər doluşur.
 
Tanrı «Qurani-Kərim»in son surələrində həm də ona görə təbiət varlıqlarına and içir ki, onların Materiyasında həm də Mənəviyyat olduğunu insanoğluna anlatsın. Təbiətdən – Ölü Cismi deyil, Yeni Canlı Materiyanı, məhz Təbiətə və İnsana məxsus sənətkarlıqla İncə Sənət, Əsər yaratmağı öyrətsin. Təbiət Yaradıcılığı təməlində İnsan Yaradıcılığı bərqərar olsun. Ptolomey, Platon, Aristotel, Siseron, Boetsi, Avqustin, Kepler, Şekspir, Hote, Blok, Cibran kainatdakı səma cisimlərinin musiqili harmoniyasından fəlsəfi, elmi nəzəriyyə qatında, poeziya dilində söz açmışlır. Bethovensə Vaqnerə deyirdi: Tanrı kainatdan öncə onun səs harmoniyasını yaradıb. Və o bu inamla da yaratdığı simfoniyalarda Ümumdünya harmoniyasının dalğalarını tuta bilirdi. Buna görə də onun Doqquzuncu Simfoniyası ümumbəşəri birliyin ilk real mərhələsi kimi meydana gəlmiş Avropa Birliyinin himnidir. Bu dahiyanə əsərsə bütün ümumbəşəriliyi ilə məhz alman ruhunun təcəssümüdür.
 
Planetimizin bətnində yaranan bu mədəniyyət haçansa kosmik məkanın harasında doğulacaqsa, dünya xalqlarının könül dəsti kimi doğulacaq. Kosmosun dərinliklərinə başqa sivilizasiyalarla əlaqə məqsədilə yer mədəniyyətinin təcəssümü kimi seçilib göndərilən musiqi səsləri – siqnallar arasında Bəhram Mansurovun çaldığı «Rast» da vardı. Dünya mədəniyyətinin orqanikasında Azərbaycanı gərək bu simvolikası ilə duyaq və duyuraq...
 

 
Azərbaycan mədəniyyətinin tarixi qatlarında dünya mədəniyyətinin bütün fikir cərəyanları var. Azərbaycan dövlət quruculuğu və siyasi mədəniyyət, hərb sənəti və diplomatiya, ticarət və iqtisadiyyat, beynəlxalq münasibətlər, elmi, dini, fəlsəfi, əxlaqi, estetik dünyagörüşü, incəsənət, təsərrufatçılıq, sarsılmaz ailə, məişət ənənələri, dunyaya açıqlıq və gələnəkləri qoruma, özünüyaşatma və özünüyaratmanın çevik siyasəti, dil mədəniyyəti təcrübəsi (üstəgəl zəngin sərvətləri) ilə dünya mədəniyyətinin nəinki ayrılmaz, üzvi tərkib hissəsidir, həm də onun aparıcı ideyalarının yaradıcısı, ən yüksək ideallarının ifadəçisidir.
 
Dünya mədəniyyətinin qanı həmişə Azərbaycandan durulmaq üçün axıb. Fəqət, lüt görünməmək üçün çıxarıb atdıqlarımızı əyninə taxanlardan fərqli olaraq, biz başqa mədəniyyətləri əynimizə geyinmədik.
Planet sivilizasiyasının hər mərhələsində Azərbaycanın ona uyğun və özünəməxsus yaşam tərzi, həyat qanunları, dövrün  tələbinə adekvat münasibəti olub.
 
Azıx və Qobustan bənzərsiz estetikası ilə Azərbaycan ibtidai mədəniyyətini dünyada unikallaşdırır. Ümumtürk epos mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan epos mədəniyyəti dünya epik təfəkkür və süjet ənənələrini təkcə yaşatmasına görə deyil, həm də sinkretik elementləri, ozan, aşıq fenomeni, müdriklik siqləti (ustadnamə!) və orijinal janr yaradıcılığı ilə zənginləşdirməsinə görə axarbaxarlıdır.
 
Antik dövrün ilk böyük mədəniyyət dalğası da, orta əsrlərdə dünya İntibah trayektoriyası da Azərbaycandan keçir. İntibah dühaları Nəsimi və Nikolay Kuzanlı, Füzuli və Mikelancelo, demək olar ki, eyni illərdə Tanrısal İnsan ideyasının daşıyıcıları idilər.
 
Şərqin üç böyük dilində – ərəbcə, farsca və türkcə əsərlər, divanlar yazan, bununla da İslam mədəniyyətini dini, siyasi görüşlərindən dil müxtəlifliyinədək, fəlsəfəsindən estetikasınadək bütövləyib zənginləşdirən Azərbaycan dühaları hələ yüz illər bundan öncə  –planetdə Orta Çağ feodal müharibələrinin arasıkəsilməzliyində dünya mədəniyyətinin qlobal məkanını yaradırdılar.
 
Tarixin bütün dövrlərində Azərbaycan mədəniyyətinin tutarı onun siyasi coğrafiyasından gen olub. Şərq (Türk–İslam) mədəniyyəti içrə bulunan Azərbaycan həm öz ərazisində böyük fəlsəfə (panteizmin müxtəlif cərəyanları) və incəsənət (miniatür, memarlıq və s.) məktəbləri yaradıb, həm onun ideya bahadırları İslam Şərqinin hər guşəsinə hikmət, irfan nuru səpələyiblər. Azərbaycan-Türk dünyasının mədəniyyət ərənləri bu dünyanın fatehlərindən də çox könül, düşüncə əraziləri fəth ediblər. Həm döyüş, həm söz meydanında cahangirlik etmək Azərbaycanın Şah-Şairlərinin şəninə gəlib (Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai).
 
İki əsrə yaxın Rusiya imperiyasının tərkibində yaşasa da, Qüzey Azərbaycan Qərb mədəniyyətilə ilk təmaslarını quraraq bu əlaqələri yüksək inkişaf səviyyəsinə çatdırıb, özü də Şərqlə bağlarını qırmadan.
 
Ancaq bununla bərabər, xüsusilə Avropa maarifçiliyini mənimsəməklə yanaşı, Azərbaycan gülüş mədəniyyətinin təməlində ilk Azərbaycan, həm də şərq komediyalarını yazan, tənqidi realizmin bünövrəsini qoyan Mirzə Fətəli Axundzadə artıq Qərblə ayaqlaşa bilməyən Şərqin hansı səbəblərlə Qərb imperializminə yenildiyini açıqlamış, Şərqi zamanın səsinə səs verməyə çağırmışdı. Şərqin və Azərbaycanın ilk demokratik mətbuat başcılları «Əkinçi», «Molla Nəsrəddin», «Füyuzat», «Kaspi», «Həyat», və s. Azərbaycanda, ümumən Şərq–Türk dunyasında milli-demokratik hərəkatı qaldırır, buna görə də Rusiya imperiyasının amansız təzyiqləri ilə üzləşirdilər...
 
Böyük faciəmizdir ki, son iki yüz ildə Azərbaycan tarixi ərazilərinin böyük hissəsini itirib, qalanı iki hissəyə parçalanıb, Qarabağı əldən verib. Bunlar böyük səbəblərlə sonuclanan ağır itkilərdir. Ancaq tarixin dərslərindən görk almağa məhkum olan, tarixi yaddaşına sadiq Azərbaycanın hər cəhətdən, xüsusilə rəqiblərindən güclü olmaq, Türk dunyasının birləşdirici həlqəsinə çevrilmək strategiyası ilə qüdrəti çatar ki, bu yaralarını sağaltsın.
 
XIX əsrin sonu – XX əsrin əvvəllərində Qüzey Azərbaycanda neft sənayesinin inkişafı onu bu sahədə dünya liderinə çevirdi. Demokratik hərəkatın inkişafı Şərqin ilk demokratik respublikasının Qüzey Azərbaycanda qurulması ilə nəticələndi.
 
Bütün XX əsr Azərbaycan mədəniyyətinin dünya mədəniyyəti ilə çulğaşmasının ən bəhrəli dövrüdür. Dünya romantizm və realizm ədəbiyyatının incilərini Azərbaycanda Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yaratdılar. İqtisadiyyatın modern təşkili, arxitektura mədəniyyəti ilə Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Elm və incəsənətin çağdaşlaşmasında Azərbaycan Şərqə öndərlik edirdi. Üzeyir Hacıbəyov məhz milli mədəniyyət (musiqi mədəniyyəti) əsasında milli-ümumbəşəri dəyərlər yaratmağın və bununla dünya mədəniyyətinə qovuşmağın klassik nümunələrini yaratdı. Bu sınanmış ənənə XX əsrin əvvəllərindən milli mədəniyyət yaradıcılığımızın kanonikası oldu...
 
Şərq və Qərb klassikasının gələnəkləri təməlində Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə milli musiqimizin şedevrlərini yaratdılar. Fikrət Əmirov Şərqin ilk simfonik muğamının əsasını qoydu. Çox maraqlıdır: Şərq və Qərb mədəniyyətlərinin incə harmoniyası və seçilənliyi Fikrət Əmirovun simfonik muğamlarına dirijorluq edən dünyaünlü böyük maestromuz Niyazinin və Amerika sənətçisi Stakovskinin interpretasiyalarında aydınca görünür. Niyazi «Kürd Ovşarı» və «Şur» simfonik muğamlarını Şərq fəlsəfi düşüncəsinə məxsus müdrik ləngəri ilə ifa edir, Stakovski isə teztembrli, oynaq, çevik ritmlə. Ancaq hər ikisində musiqi dramaturgiyası olduqca qüvvətlidir. Qara Qarayev «Üçüncü simfoniya»sı ilə modern dünya musiqisinə yeni, dərin fəlsəfi ahəng gətirir. Mehdi Məmmədovun səhnə dramaturgiyası isə ümumiyyətlə, bu sənətin estetik-fəlsəfi məzmununu qüvvətləndirmək üzərində qurulur. 

Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Mircavad Mircavadov, Arif Hüseynov Azərbaycanın milli koloritini kətana elə köçürürlər ki, bu əsərlərə baxan, rənglərdə Azərbaycanın ürəyini oxuyur. Azərbaycanın ürəyini Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımova bacıları, Alim Qasımov, Azərin xarici ölkələrin konsert salonlarında oxuduqca, Fərhad Bədəlbəyli çaldıqca,  Rauf Abdullayev  orkestrdə səsləndirdikcə, dünyanın ürəyinə daha yaxşı yatırıq. Onlar dünya xalqlarının musiqisini bizə təqdim edəndə, öz musiqi sənətkarlarımızın ifasında bu ifanın bənzərsizliyi ilə o xalqın qəlbini, Dünyanın Qəlbini gözəlcə duyuruq. Niyazi də dünya klassik simfoniyasını bizə bu ikili effekti ilə (Azərbaycan qəlbindən keçən ümumbəşəriliklə) çatdırırdı... Alim Qasımov xarici ölkələrdə Azərbaycan muğamlarını təkcə məharətlə ifa etmir, o həm də Azərbaycan (Şərq) mədəniyyətinin çağımızda necə böyük potensiyaya malik olduğunu göstərir, Ümumdünya mənəvi İntibahına qanad açır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar