Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ag Evdə tək-Trampın portret ştrixləri - Həmid Herisçi


Vaxtilə “Evdə tək”də epizodik rolda oynayan Amerika prezidenti üçün əsl film indi başlayır...


Yadımdadır, Hillari Klintonla Donald Tramp arasındakı seçki marafonunu canlı şəkildə izləmək üçün Bakıdakı ABŞ səfirliyi “Hyatt Regense” hotelində hər cür... inanın, hər cür şərait yaratmışdı. İçəridə toxdayıb özümə gələn vaxt gördüm kənarda Donald Trampın karton müqəvvası  bayaqdan intizarla yolumu, salamımı gözləməkdədir. 

Trampla yanaşı durmaq, bəri başdan deyirəm, çoxlarına sərf deyil. Əvvəla, boyda fərqlər anında üzə çıxıb, səni gülməli vəziyyətə salacaq. İkincisi, ən vacibi, deyəsən, burda Tramp aşiqləri sayca azlıqda idi... 

Məclisdə özümdən başqa tumluq bir Trampərəst aşkarlamadığım üçün gedib dayanıram “FOX NEW” monitoru tərəfdə. Burda, vallah kimsə yoxdur. Azərbaycan müxalifəti yekdilliklə Hillari Klinton ətrafında sıx birləşərək saat 10:00-u səbirsizliklə gözləyirdi. Bu vaxt, səfir Robert Sekuta, əlində sıxdığı boş qədəhi, nəhayət, süfrəyə qaytardı. Səhnəyə cəld sıçrayıb ordan seçki qalibini elan edəcək guya. 

Ortada Milad bayramı havası əsirdi elə bil. Hillari, deyəsən, “Qar qız”idı, Tramp isə Şaxta baba... 

Qəfil, havada ildırım çaxdı elə bil. Robert Sekutanın ətrafından müxalifətçilər silinib hakim iqtidar komandası-Səməd Seyidov, Asim Mollazadə, Fuad Muradovla əvəzləndi bir göz qırpımında. Səfir Sekuta, anında, “uf” belə demədən, ətrafındakı fəxri müxalifət qarovulunu başqası-iqtidar keşikçiləri ilə əvəzləyib başladı telekameralara gülümsəməyə. 

***

Donald Tramp öz saysız qəribəliklərini başqalarına sevdirməsə, fərdi-fərqli cəhətlərini ictimailəşdirməsə, görəcəksiz, gecələr yata bilməyəcək. Tramp, əslinə qalsa, həqiqətən az yatır-cəmi dördcə saat bəsdir ki, gözünün acısını alsın. Səhər obaşdan durdumu, gedəcək qolf oynamağa. Başı ağ şapkalıdısa, demək, ovqatı əladır. Zordur... Belə vaxtlar o adətən çox mülayim, səxavətlidir. Cəmiyyətə tam açıqdır.

Ancaq bu açıq səma, bir göz qırpımında buludlu havayla əvəzlənə bilər. Azərbaycan siyasi elitasını bəri başdan xəbərdar edirəm ki, Trampla təmaslar zamanı bunu qulaqlarına sırğa edib assınlar. Trampın qara şapkalı vaxtında nəbadə...nəbadə onunla oynamaq, danışmaq azarına düşəsiz haaa... 

İctimai-siyasi, şou-biznes aləmlərinə kobud müdaxilələri də onun ancaq...ancaq bax bu psixoloji kompleksi ilə-fərdiliyini ictimailəşdirmək azarı ilə ələqədardır. Psixoterapevtika elmində buna “nərgiz kompleksi” deyilir, unutmayasız. Belələri, möhkəmcə şan-şöhrət sevdasındadırlar. Yuxudadırlar, nəinki reallıqda. Kino qəhrəmanı olmaq ən böyük arzularıdır. Hollivud aktyor məktəbi, De Niro-zad qələt edir bu baxımdan Trampın yanında. Görəcəksiz, tezliklə o, Hollivudla Ağ Ev arasındakı uzun məsafəni xeyli qısaldacaq.



Camaat, Hollivud filmlərindən nəzərlərini kənara çəkib əsl filmi Donald Tramp ifasında qəbul edəcək. Tramp bütün bunlara çoxdan...lap çoxdan...hələ 90-cı illərin əvvəlində  “Evdə tək” filmində ifa etdiyi epizodik xırda roldan hazırdır. Filmdə az yaşlı Kevin Makklaster, Milad gecəsi vaxtı yolunu azıb Nyu-Yorkun düz mərkəzində aşkarlayır özünü. Ucaboy birisinə yaxınlaşıb “Plaza Hotel”də qeydiyyat masasının ünvanını soruşur. Cavab qısa səslənir-"Düz gedib sola burulun".

Filmə o vaxtlar baxarkən hardan biləydik ki, ekranda cəmi bircə saniyə parıldayan həmin bu hündürboy kişi sonralar Amerikanın prezidenti seçiləcək. Bütün dünyanı məcbur edəcək ki, həmin epizoda bir də diqqətlə, saatlarla baxsın.

*** 
Səbirli olun. Mövzuya hələ nöqtə qoymamışam. Məşhur sovet kinorejissoru, “Brilyant əl” filminin müəllifi ölməz Leonid Qayday  da  Donald Trampa şəxsi simpatiyasını gizlətməyi bacarmayıb . Qayday “Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır” filminin son titrlərində tarixə düşəcək öz səmimi etiraflarını qeyd edib: “Çəkiliş heyəti, cənab Doland Trampa, ”Tac-Mahal" kazinosuna, habelə Nyu-Cersi ştatı rəhbərliyinə çəkilişlər zamanı göstərdikləri qayğıya görə dərindən minnətdarlıq bildirir".

Zaman qum saatında axan çaydır. Böyük rus rejissorunun tarixə həkk etdiyi bu qanadlı aforizmin yanına  sonralar rus-prezident Vladimir Vladimoroviç Putin də öz imzasını qoymağı unutmur. Demək istəyirəm ki, Tramp-Rusiya mövzusu çoxdan başlayıb indiyədək davam edir. O, Şərqi Avropa, Rusiyaya öz simpatiyası ilə seçilir. Kapitoliyada hökm sürən ənənəvi anqlo-saks rusafobluğu ona yaddır. Trampın üç arvadından ikisinin slavyan mənşəli olmasını da (ikinci arvadı İvana çex, indiki arvadı Milena sloven mənşəlidir) biz məhz bununla izah edilməlidir. Donald Trampa, qohum-qardaş əhatəsində “Don” deyə müraciət edənlər arasında, şükür, Azərbaycan iş adamları da var. 2013-cü ildə Ağalarovlar ailəsinin dəvəti ilə Moskvaya gələn “Don”, burda öz qədim arzusuna-istəyinə yetişərək, dünya çapında  gözəllik yarışması keçirdib. Qısası, Donu Rusiyaya bağlayan amillər bir deyil, iki deyil. Siyahıda rus gözəlləri də mövcuddur.


***
Burda həm də Trampın alman mənşəyi öz son, qəti sözünü deyib, məncə. Hələ uşaqlıqdan öz dəcəlliyi, ipə-sapa yatmamağı ilə  yadda qalan Trampı almanpərəst atası bir dəfə möhkəmcə döyüb. Salıb təpikləri altına. Sonra bu zavallı 13 yaşlı uşağı adi “Kyu Forest” məktəbindən çıxardıb. Deyib “Zarafat qurtardı. Səni göndərirəm internata. Nyu-York Hərbi Akademiyasına”. 

Yuxudan erkən saatlarda durmağı Tramp bax o zamanlardan öyrənərək indiyədək uğurla davam etdirir. Qolf oyununa, reqbiyə, beysbola, qısası hər cür idman növünə marağı da təhsil aldığı Nyu-York Hərbi Akademiyasından başlayır. Hərbi təhsil zamanı, 1964-cü ildə o özü kimi dəcəllərdən böyük bir bölük yaradaraq, onlara iri hərbi addımlarla, nizamlı şəkildə yürüməyi öyrədir. Amerikalılar üçün sülh mənasını verən “Barışıq günü” bu şəxsi heyətin başında 5-ci Avenyuda peyda olaraq əvvəlcə valideynlərin, sonra bütün Amerikanın məhəbbətini qazanır özü üçün. Daha bundan sonra dayanmır. 

Elə hey addımlayır...addımlayır... Gəlir yetişir son seçkilərdəki finiş nöqtəsinə. Gövdəsi, ayaqları arxada qalsa da, sinəsi ilə  qırmızı lenti parçalamağı bacarır.

Məhz həmin 60-cı illərin ortasında eyforiyaya qapılmış Tramp, hərbi təhsilini aktyor sənəti ilə əvəzləmək, Hollivud məktəblərindən birinə daxil olma barədə çiy xəyallara qapılır.

Lakin sonra nəsə baş verir bu dəcəl uşağın beynində. Həmyaşıdlarının Vyetnam müharibəsinə nifrəti, kosmopolitizmi, habelə digər incə nüanslar alman qayda-qanununa öyrəncəli Trampa xoş gəlmir. Birtəhər görünür. Gələcəkdə bu hislər onda bir zaman yatıb sonra yenidən oyanacaq. Son seçkilər zamanı tale onu yenidən sanki 60-cı illərə qaytarıb Hillari Klintonla üzbəüz, təkbətək qoyduğu zaman, həəə...Tramp təzədən o günlərini xatırlayacaq.

Ovaxtkı Klintonlara uduzan Tramp bu dəfə hisslərə qapılaraq geriyə addım atmayacaq. Əksinə, ovaxtkı bütün acılarını xatırlayaraq Klintonlara, demokratlara, liberallara, sosialistlərə qarşı öz qələbə əzmini qoyacaq ortaya. Və...

Və qələbə çalacaq bu nihilistlər, liberallar dəstəsi üzərində. Yəni həm də liberal Azərbaycan müxalifəti üzərində.

***

Həmin dövrdə Amerika gəncliyi Klintonlar ailəsi nümunəsində başdan-ayağa nihilizmə, inkarçılığa, hippiliyə, sosializmə, demokratiyaya aludəydi. Tramp kimi idman həvəskarları, ordu, nizam-intizam aşiqləri gülməli görünürdü cəmiyyətdə. Belələrini satqın, yaltaq, qaragüruh adlandırıb ayrı-seçkiliyə, təzyiqə məruz qoymaq, artıq öz dövrünün bir növ adətinə çevrilmişdi.

Həmin vaxtlar-60-cı illərin axırlarına yaxın, Tramp, Amerika vətəndaş cəmiyyətindən, hippilərindən, ümumiyyətlə, gənclikdən inciyərək sözün əsl mənasında depressiyaya düşür. Əlacı biznesdə taparaq atasının yardımı ilə tikinti biznesinə qatılıb tez zamanda böyük uğurlar, qazanclar götürür özünə bu sahədə. Daha, bir nöqtədə dayanmaq istəmir.

***
70-cilərdə Tramp, Manhetten fatehi azarına düşərək Nyu-York tikinti maqnatları sırasına daxil olur. Bir-birinin ardıca ölkənin bir çox ünvanlarda orta təbəqəyə uyğun çoxmərtəbəli göydələnlər ucaltmağa başlayır. Qəsr tikmək, qüllə sahibi olmaq azarı, deyilənə görə, Trampın uşaqlıqdan gözündə qalmış nakam arzusuymuş. Həyatının Manhetten dövründə Tramp bu uşaqlıq komplekslərini uğurla reallaşdırır. Okean sahillərindəki qumluqlarda göydələn ucaldan körpələr sayağı, bütün Amerikanı öz yeni hündür qəsrləri ilə valeh edir. Kiçik oğlu Berrona, belə göydələnlərin birində bütöv bir mərtəbə hədiyyə edən Tramp, onu başdan-ayağa uşaq oyuncaqları ilə doldurub. Desələr ki, bu oyuncaqlarla Berrondan çox Trampın özü oynayır, mən buna iynə ucu qədər də təəccüblənmərəm. 

Yəni öz fərdi-fəqrli komplekslərini ictimailəşdirmək ehtirasını Tramp həmişə bu və ya digər şəkildə həyata keçirməyə bacarıb. Oyuncaq arzusu da, deyəsən, onun hələ də ən nakam arzusu olaraq qalır.

***

Siyasətdə də bu, mən sağ, siz salamat, görəcəksiz, sözün əsl mənasında təkrarlanacaq. “Vaşinqton bataqlığını qurutmağa” söz vermiş bu həmişəyaşıl qəhrəmana qarşı  mənim nədənsə böyük simpatiyam var.

İnanıram ki, o, Bakıda təkcə yerli oliqarxlarla deyil, həm də bizim kimi öz təəsübkeşləriylə də görüşəcək. 

Azərbaycan maraqları, məncə, Tramp dövründə ziyan görməyəcək. Əksinə, bu dövrdə fürsətdən istifadə edib Hesparid bağlarından Herakl kimi qırmızı almanı dərmək olar.

Sadəcə, biz gərək indidən aydın bilək ki, nədir bizim üçün həmin o qızıl alma?  

Tramp, çoxlarından fərqli olaraq, bu qızıl almanı çox real bilir. 

Qırmızı almaların, oyuncaqların sahibi indi məhz odur axı.

Həmid Herişçi(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar