Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Admiral Şahin Sultanovu tutdular, növbə generala çatdı


Dəniz Qüvvələrinin sabiq komandanı həbs olundu; Şahin Sultanov vəzifə saxtakarlığı və korrupsiyada ittiham olunur; vitse-admiralın həbsi Səfər Əbiyevə ən ciddi “hazırlaş” siqnalıdır; sabiq nazirlə bağlı siyasi qərar verilib...


Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş  komandanı, vitse-admiral Şahin Sultanov aprelin 23-də həbs edilib. APA-nın məlumatına görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ş.Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. 

Bir neçə gün əvvəl isə Şahin Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə məlumatlar dərc edilib. 

Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə HDQ-də kompleks yoxlamalar başlayıb. Bu yoxlamalar qurumun son 15 ildəki fəaliyyətini əhatə edir. 

HDQ-də başlanan daxili təhqiqat nəticəsində Ş. Sultanovun əsas adamlarının, yüksək rütbəli zabitlərin həbsi və işdən kənarlaşdırılması “qandallanmaq” növbəsinin tezliklə vitse-admirala çatacağına işarə idi.  

Qeyd edək ki, həbslər seriyası HDQ-nin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşevlə başlamışdı. Az sonra HDQ-də nüfuz sahibi olan, arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Seyfi Hüseynov və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev həbs olundu. Hər üç şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bundan başqa, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev də HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsindən çıxarılaraq, istintaqa cəlb edilib. 

Amma həbslər bununla da yekunlaşmadı. HDQ-nin Hidroqrafiya bölməsinin keçmiş rəisi, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizionunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçildi. İttihama əsasən, hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə (311-ci maddə - rüşvət alma) təqsirləndirilirlər. 

Həbs edilən HDQ rəsmiləri Ş.Sultanovun göstərişi ilə  hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satılması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə villalar alması, hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətməsi, işçiləri rüşvətlə vəzifələrə təyin etməsi, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. cinayətlərdə ittiham olunurlar. 

Vitse-admiralın adı hələ bir neçə il əvvəl  hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana düşmüş evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. Bu qalmaqallı mövzuda yazan “Yeni Müsavat”ı Ş.Sultanov məhkəməyə də vermişdi.  

Məlumatlara görə, son vaxtlar Ş. Sultanov ümumiyyətlə evdən çıxmırmış. Bu həbslərdən sonra özünün də istintaqa cəlb olunacağını bildiyindən yaxın ətrafı və münasibətdə olduğu keçmiş xidmət yoldaşları ilə hətta “halallaşdığı” haqda informasiyalar da vardı.  
Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. 

Müdafiə Nazirliyi sistemində ötən ilin oktyabrından baş verən kadr dəyişikliyindən sonra bir sıra yüksək vəzifəli hərbçilər saxlansa da, Ş.Sultanovun həbsi artıq yeni bir dalğanın başladığını göstərir. Ş.Sultanovun həbsi artıq bu dalğanın generallara çatdığını göstərir. Bu sırada isə artıq neçə vaxtdır sabiq müdafiə naziri Səfər Əbiyevin adı ən ön sırada çəkilir.

Ötəni ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra nazir vəzifəsini itirən S.Əbiyevin həbs ediləcəyi barədə xəbərlər yeni deyil. Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra Müdafiə Nazirliyində ona yaxın hesab edilən şəxslərin əhəmiyyətli hissəsi ya işdən çıxarılıb və ya da həbs edilib. Uzun müddət mətbuatda S.Əbiyevə hansısa vəzifə veriləcəyi barədə yayılan xəbərlər təsdiqlənmədi və o, mart ayında 7 generalla bərabər ordu sıralarından tərxis edildi. S.Əbiyev oktyabrdan bəri yalnız bir dəfə mətbuata onun nazir olduğu dövrdə orduda korrupsiya faktları olması barədə danışıb. Sabiq nazir yalnız onu deyib ki, ona qarşı kampaniyanın hansı mərkəzdən idarə olunduğunu və onların kimliyini bilir.

Hərbi ekspertlərdən birinin “Yeni Müsavat” a verdiyi məlumata görə, Şahin Sultanovun həbsi artıq S.Əbiyev üçün ən ciddi “hazırlaş” siqnalıdır. Ekspert şübhə etmir ki, HDQ-dəki korrupsiya zənciri Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinədək uzanıb: “HDQ komandanının müavini Yunus Həsənov həbs edildikdən sonra Şahin Sultanovla bağlı ifadələr verib. Qərargah rəisi komandanın, sadəcə olaraq, qanunsuz əməllərini yerinə yetirdiyini söyləyib. Təbii ki, Şahin Sultanov da istintaqda birbaşa tabe olduğu Səfər Əbiyevin adını çəkməlidir. Bu istintaq da domino daşı effekti kimi aparılır. Əvvəl aşağı rütbəli hərbçilər tutuldu, onlardan sonra admiral. Ondan sonra həbs edilənlər sırasında kimin adı ola bilər, bunu bilməyə nə var?”    

Ekspert S.Əbiyevi bu vaxtadək həbsdən sığortalayan ilginc bir səbəb barədə də danışdı: “Onun nazir olduğu dövrdə Azərbaycan ordusunda hər şeyin qaydasında olması təbliğ edilirdi. İndi onu həbs etsələr, 20 illik informasiya siyasətləri sabun köpüyünə dönər”. 
Ş.Sultanovun həbsi isə artıq S.Əbiyevlə bağlı siyasi qərar verildiyini göstərir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar