Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adı olub, özü olmayan pulsuz müayinə...


Səhiyyə xərcləri artır, keyfiyyət isə dəyişmir; ekspertlər şəfaflığın tibbi sığortadan keçdiyini desə də, qanun hələ də tətbiqini gözləyir


“Bu gün gördüm ki, hələ də vicdanlı həkimlər var. Prezidentin tapşırığı olduğu üçün məndən, doğrudan da, pul almadılar. Əvvəllər böyrəyimə görə müayinəyə gəlmişdim, 10 manat almışdılar. Ancaq indi bir qəpik də almadılar. Kaş bu, həmişə belə olaydı...”. Bu, Sumqayıt şəhər sakini, 57 yaşlı Rzivan Mehdiyevin arzusudur. İşsiz və təqaüdsüz Rzivan kişi deyir ki, xəstə olduğu zaman həkimə gedə bilmir. Çünki dövlət tibb müəssisələrində xidmət pulsuz sayılsa da, həkimə pul verməlisən-pul da yoxdur. Ona görə də pulsuz tibbi xidmət kampaniyasının adını eşidincə, Rzivan kişi fürsəti qaçırmayıb.
Artıq üç aya yaxındır ki, Rzivan Mehdiyev kimi səhiyyə ocaqlarına üz tutanlar az deyil.

Fevralın 17-dən prezidentin göstərişi ilə ölkə ərazisində əhalinin icbari dispanserizasiyasına - müayinə və müalicəsinə başlanılmasını onlar da eşidib. Müayinələr mayın 1-dək davam edəcək və 18 yaşından yuxarı əhalini əhatə edir.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib ki, müayinələr əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyır. R.Nağıyevin sözlərinə görə, sağlamlığında problem olmayanlar siyahıya salınır, problem aşkarlanarsa, dispanser qeydiyyata götürülür və müalicəsini aparırlar: “Müalicə ambulator şəraitdə mümkün deyilsə, davamlı müalicə getmək üçün xəstəxana və klinikalara göndəriş verilir. Vətəndaşların həkim və tibb müəssisəsi seçmək hüququ var. O istədiyi həkimin müayinəsindən imtina edə bilər”.

“Pulsuz xidmətin yalnız adı var”

36 yaşlı Nuranə Şahbazov 1 saylı Sumqayıt şəhər xəstəxanasına pulsuz müayinə üçün gələnlərdəndir. Deyir ki, qəbul şöbəsində qeydiyyata düşdükdən sonra poliklinkaya müayinəyə gedib: “Bütün poliklinikalarda müayinə və müalicələrin pulsuz olması barədə televizorda eşitdim və mən də gəldim. UZİ müayinəsi etdirdim. Sonra burun-boğaz həkiminin yanında oldum. Heç bir həkimə pul vermədim”.

İlahə Səmədovanın yaxın qohumu artıq bir həftədir xəstəxananın kardeologiya şöbəsində yatır. Deyir ki, bu müddət ərzində dava-dərmanla birlikdə xəstəxanaya 400 manat xərcləri çıxıb: “Guya 3 aylıq pulsuz tibbi xidmət elan ediblər. Xəstəxanaya girdin – “sanitarka”dan, tibb bacısından tutmuş həkimə qədər hamısı puldur. Süpürgəçiyə bir manat verməsək, palatanı təmizləmir. Həmçinin tibb bacısına pul verməsən, vaxtında iynəni vurmur. Pulsuz xəstəxanalarda adama bir stəkan su da vermirlər. Pulsuz xidmətin yalnız adı var”.

“Məcburi də müayinə olar?!”

Xəstəxananın qəbul şöbəsində qələbəlik idi. Vətəndaşlar siyahıya alınır və müayinə üçün həkimlərin yanına göndərilirdilər. Sumqayıt dövlət idarələrinin işçilərinin əksəriyyəti isə bura məcburi gətirildiklərini dedilər. Adının çəkilməməsini istəyən vətəndaş bildirdi ki, şəxsiyyət vəsiqəsini alıb, siyahıya alırlar və sonra onlara kağız verirlər: “Həmin kağıza imza atırıq, ad da olur “pulsuz müayinədən keçdik””. Əksəriyyət isə xəstəxananın qarşısında  həmin kağızı doldurub, tibb işçilərinə verib gedirdilər.

Vətəndaş Şahin Məhərrəmov isə düşünür ki, bu cür kampaniyalar gözdən pərdə asmaq üçündür: “Üç aya  bu qədər adamı müayinə etmək mümkün deyil. Yalandan statistika açıqlayırlar ki, guya filan qədər adam müayinədən keçib. Belə biabırçılıq olmaz. Məcburi də müayinə olar?! Dünyanın harasında belə şey var?”.

“Həkimə pul verəndə adamın ürəyi sakit olur”

Bakının müxtəlif poliklinikalarının önündə isə pulsuz müayinəyə dair sorğuya qatılanlar fərqli fikirləri dilə gətirdilər:

“Adı pulsuzdur. Amma gedəndə mütləq pul alırlar. Pulsuz baxsalar da yalandan gözəyarı olar. Digər tərəfdən də həkimə pul verəndə adamın ürəyi sakit olur”.

Azərbaycanda pulsuz heç nə yoxdur. Pul verməsən heç kim sənə baxmır. Heç pul verəndə bizi düz-əməlli müayinə etmirlər, qalmışdıki pulsuz xidmət göstərələr. Həkimlərin səhvi ucbatından neçə insan həyatını itirir”.

 “Təmənnasız müayinə olundum. Yalnız terapevtin qəbulunda oldum. Qan analizi, UZİ və digər müayinələrin pullu olduğun deyirlər. Axırda kağıza qol çəkdim ki, bütün müayinələrdən keçdim. Tək indi yox, həmişə pulsuz olsa yaxşı olar”.

 68 yaşlı Qubadlı köçkünü Firəngiz Məmmədova pulsuz müayinədən razı qalsa da, təqaüdünün aldığı dərmanlara çatmadığını vurğulayır: “Eşitdim ki, prezident tapşırıq verib. Gəldim, müayinə olundum, amma pul vermədim. Pullu xəstə üçün pulludur, pulsuz xəstə üçün pulsuz. Amma dərmanlar pulludur. Həkim ürəyimə görə dava-dərman yazdı. Aptekdə resepti hesablatmışam 78 manat edib”.

“Pulsuz müayinədən keçmisinizmi?” sorğusunda iştirak edənlər arasında “Hələ ki yox. Çünki hələ bu haqda məlumatımız yoxdur”, “icbari dispanserizasiyadan xəbərim var. Ancaq əməl etmirik”, “Azərbaycanda həkimlərə inanmadığım üçün müayinəyə getməyəcəm”, “Pulum yoxdur, ona görə də həkimə getmirəm” kimi cavablar verənlər də oldu.

 Pulsuz müayinə nə məna daşıyır?

Tibbi aksiyada vətəndaşlar səhiyyə xidmətlərinin pulsuz olmadığını bildirsə də, Səhiyyə Nazirliyinin və rəsmi qəzetlərin saytları hamısı bunun pulsuz kampaniya olduğunu xüsusi vurğulayırlar. http://azertag.com/node/1209270

Belə xəbərlər ard-arda yazılır ki, İlham Əliyevin tapşırığına əsasən ölkə boyunca pulsuz müayinələr davam edir. Digər tərəfdən, icra hakimiyyətləri hər gün yenilənmiş müayinə statistikası açıqlayırlar. Ancaq prezidentin rəsmi saytında yerləşdirilmiş sonuncu sənədlər arasında belə bir məlumata rast gəlmədik.

http://www.president.az/documents/orders/

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində ödənişli tibbi xidmət Səhiyyə Nazirliyinin qərarı ilə 2008-ci il fevralın 1-dən ləğv edilib. Bəs onda dövlət başçısı səviyyəsində kütləvi pulsuz müayinə tapşırığı verilməsi nə deməkdir?

“Burda pul söhbəti ola bilməz, çünki…”

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirir ki, bu kampaniya əhalinin öz sağlamlığına biganə qalmaması üçündür: “Burda pul söhbəti ola bilməz, çünki səhiyyə pulsuzdur. O ki qaldı kimlərdənsə kimsə pul istəyir, müraciət etsinlər qaynar xəttimizə, araşdırılsın”.

Anar Qədirli deyir ki, nazirliyin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində müayinə və müalicə pulsuzdur. Onun sözlərinə görə, amma nazirliyin tərkibində olan bəzi dövlət xəstəxanalarda pullu xidmətlər də var: “Məsələn, Neftçilər xəstəxanası və digərlərində belə bir prosedur var. Amma onlar dövlət büdcəsindən maliyyələşmir. Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda müayinə və müalicələr pulsuzdur”.

Tibbi aksiya ilə bağlı daxil olan şikayətlərə gəlincə, Səhiyyə Nazirliyinin saytında təkcə aprel ayı ərzində “Qaynar xətt” xidmətinə (565-12-64) 1292 müraciət daxil olub. Onlardan yalnız 572-si şikayət xarakterli olub. Bildirilir ki, bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb. http://health.gov.az/xeberler/169-qaynar-xtt-xidmtin-daxil-olan-mracitlr.html

Həkim pul almağa məcburdur

Dövlət poliklinikalarında müayinələrin qiymətinə gəlincə, əzələdaxilinə vurulan bir iynənin qiyməti 1, damara vurulan 1 iynənin qiyməti 3 manatdır. Sistem qoymaq isə 200 qramlıq damcı üçün 5, 500 qramlıq üçün 10 manatdır. Həkim və UZİ qiymətləri də ucuz deyil. Kardioqramın qiyməti 5-10 manat, UZİ-nin qiymətləri 15-20 manatdır. Həkimin poliklinikadan çağırılması 20 manatdır. Əgər qanunla sizə düşən xəstəlik bülleteni almaq istəyirsinizsə, 30-50 manat “tərləməyiniz” lazımdır. Şəkər və hemoqlabinin öyrənilməsi – 5-10, ümunmi qan analizi isə 15 manatdır. Kompyuter tomoqrafiyası 70-110, ensefaloqram 30 manatdır. Hansı əzanızı yoxlamanızdan asılı olmayaraq, rentgenin qiyməti 10 manat və yuxarıdır.

Adının çəkilməməsi şərti ilə danışan həkimlərindən biri bildirir ki, həkimlər xəstədən pul almasa dolana bilməz. Çünki şöbə müdiri də həkimlərdən pul tələb edir: “Biz hər ay şöbə müdirinə 150 manat “haqq” veririk. Pul verməyənlərə təzyiq göstərilir”. Onun sözlərinə görə, müayinələr hədsiz basabas səbəbi ilə olduqca tələsik və başdansovdu keçirilir.
Bakının 33 saylı Şəhər Poliklinikasının şöbə müdiri Afət Qədirova isə mətbuata bildirib ki, müayinələrlə bağlı səhiyyə müəssəsinə gün ərzində 400-500 nəfərə yaxın insan müraciət edir və heç kimdən də pul alınmır: “Kampaniya başlanandan bu günə kimi 2000-dən çox insan pulsuz müayinələrdən keçmək üçün bizə müraciət edib. Müayinələrlə bağlı indiyə qədər heç bir narazılıq qeydə alınmayıb. Həkimlər öz vəzifə borclarını böyük həvəslə yerinə yetirirlər”.

“Bu kampaniya əslində pulsuz olan dövlət xəstəxanalarının pullu olmasını göstərir”
Vəkil Fariz Namazlı deyir ki, bu cür kampaniyalar əslində pulsuz olan dövlət xəstəxanalarının pullu olmasını göstərir: “Dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində pullu tibbi xidmət Səhiyyə Nazirliyinin qərarı ilə 2008-ci il fevralın 1-dən ləğv edilib. Həmçinin müəyyən dərmanlar da xəstəxanalara pulsuz verilməlidir. Ancaq bu qərar formal bir şeydir. Hər kəsə bəllidir ki, vətəndaşlar öz vəsaitləri hesabına müalicə olunurlar. Əgər vətəndaşa  normal tibbi xidmət göstərilsəydi, heç bu kimi tibbi aksiyaya da ehtiyac qalmazdı”.

“Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri Qalib Əliyev isə Azadlıq radiosuna bildirib ki, bu cür kampaniyalar uzunmüddətli olsa yaxşıdır: “Sovet səhiyyəsinin üstünlüklərindən biri də o idi ki, mütləq qaydada insanları qeydiyyata götürürdülər. İldə iki dəfə dəvət edib müayinədən keçirirdilər. Kimin hansı xəstəliyi varsa, müalicə edirdilər. Məcburi sağlamlığının qeydinə qal, demək ağlabatan deyil. Dəvət edəndə, deyəndə ki, sizdə mədə xorası var, bu, yazda və payızda mütləq kəskinləşmə verir. Ona görə o adamı çağırır, müayinələr keçirirdilər. 3 aylıq da çox şey verir, briqadalar gedir aktiv formada xəstəlikləri aşkar edir. Müsbət addımdır, ancaq illik olsa, lap yaxşıdır”.

Milyonlar xərclənir, ancaq səhiyyə xidməti qaneedici deyil

Deputat Musa Quliyev Hafta.az-a verdiyi açıqlamada əhalinin icbari dispanserizasiyasına dövlət büdcəsi tərəfindən 5 milyon manat vəsait ayrıldığını qeyd edib. Ümumilikdə isə səhiyyə sisteminə 2011-ci ildə təkcə investisiya layihələri çərçivəsində övlət büdcəsindən 56,5 milyon manat vəsait xərclənib. 2012-ci ilin büdcəsində səhiyyə xərclərinə (investisiya xərclərindən kənar) 595,1 milyon manat, ötən il isə bundan 23 faiz çox vəsait xərclənib.
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ölkənin bərbad səhiyyə sisteminin xidmətlərindən yararlanmaq mümkün deyil. Nəticədə vətəndaşın sağlamlığına xeyli ziyan dəyir. “Ölkə səhiyyəsində ciddi problemlər mövcuddur. Ötən on illər ərzində səhiyyə sektorunda islahatlar aparılmayıb. Hələ də Azərbaycan ahıl, əlil vətəndaşı, kimsəsiz uşaqlar, hamilə qadınları təminatlı səhiyyə-tibbi sığorta sisteminə sahib deyillər. Halbuki ən azı dövlətin hesabına 18 yaşına qədər olan uşaqları, 63 yaşdan yuxarı kişiləri, 57 yaşdan yuxarı qadınları, eyni zamanda qaçqınların tibbi sığortasını təmin etmək mümkün olardı”,- deyə o əlavə edib. Qubad İbadoğlu deyir ki, digər məsələ səhiyyənin xərcləri ilə bağlıdır: “Xaricdə gedib eyni xəstəlik üzrə əməliyyat və ya müalicə olunmaq, hətta yol xərcləri daxil olsa belə, Azərbaycandan ucuz başa gəlir. Çünki xaricdə həm xidmətdə keyfiyyət var, həm də səhiyyə xidmətinin özü ucuzdur”.

15 ildir icrasını gözləyən qanun

Ekspertlərin fikrincə, məcburi sığorta sistemi tətbiq olunmayınca, tibb sahəsində koppupsiya aktual olacaq. Hətta bununla bağlı 1999-cu ildə qanun da qəbul olunub. 2007-ci ildə qanunda əlavə və dəyişiklik edildikdən sonra onun tam icrasına qərar verildi. Amma görünür, məmurlar onu hələlik, tətbiq etməyə tələsmirlər. Səhiyyə Nazirliyinin rəsmiləri icbari tibbi sığortanın tətbiqinin onlardan asılı olmadığını bildirirlər. Bu sahədə digər məsul qurum olan Nazirlər Kabineti isə mövzu ilə bağlı sorğuları adətən cavabsız qoyur.

İcbari tibbi sığorta məsələsi zaman-zaman Milli Məclisdə də müzakirə mövzusuna çevrilib. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanunun reallaşmamasında bürokratik əngəlləri bəhanə gətirir və əlavə edir ki, tibbi sığortanın reallaşması üçün səhiyyəyə ayrılan vəsaitin sistemi yenidən qurulmalıdır. “Bu Rusiyada, Gürcüstanda baş tutsa da, Azərbaycanda çətin proses olacaq” - deyən deputat, məmurları tənbəllikdə də qınayıb.

Deputat Musa Quliyev mətbuata bildirib ki, artıq Nazirlər Kabinetinin məsələ ilə bağlı müşavirəsi keçirilib və qərara alınıb ki, icbari sığortanın tətbiqinə hazırlıq mərhələsinə başlanılsın.

Deputat Məlahət İbrahimqızı isə deyir ki, əhalinin kütləvi tibbi müayinəsindən sonra artıq qarşıdakı illərdə icbari tibbi sığortanın dövlət tərəfindən planlaşdırılması, ona təxmini nə qədər vəsaitin ayrılmasına dair məsələlər asanlıqla öz müsbət həllini tapacaq: “İcbari tibbi sığortanı tətbiq etmək üçün əvvəldən bu sahədə mövcud olan problemləri öyrənmək lazımdır”.

 Tibbi sığortaya ayrılan 10 milyon və həllini gözləyən problemlər

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev, bu günə kimi qanunun reallaşmasındakı mövcud problemlərdən danışır:  “Ən ciddi məsələlərdən biri burada əhalinin tibbi sığortasının necə həyata keçrilməsi ilə bağlıdır. Muzdlu işçilər var ki, onların necə sığortalanması məsələsi açıq qalır.  Necə ki, bu da problem pensiya fondlarında da var.  İkinci bir məsələ işsizlərin necə sığortalanmasıdır. Dövlət hansı həddə bunu həyata keçirəcək? Daha bir məsələ icbari tibbi sığorta üçün paket - yəni, tibbi paketin və bura daxil olan tibbi xidmətlərin dəyərinin müəyyən edilməsi məsələsidir. Bunlar həll olmadığında görə icbari tibbi sığorta baş tutmur”. Azər Mehtiyev bildirir ki, 2012-ci ilə kimi dövlət büdcəsindən hər il tibbi sığorta üçün 30 milyon manat ayrılsa da, bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılıb. 2014 cü ildə bu məqsədlə yenidən 10 milyon ayrılıb. Azərbaycanda 4 milyon məşğul əhalidən cəmi 1,4 milyonunun muzdlu işçi olmasını nəzərə alsaq, bu vəsaitin necə xərclənəcəyi də suallar yaradır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, həkimlərin və xəstələrin narazılığına son qoymaq üçün ən əlverişli vasitə Azərbaycanda tibbi sığortanın tətbiq edilməsidir: “Sığorta təbabəti tətbiq olunsa, nə xəstə narazı qalar, nə də həkim. Bunun üçün əvvəlcə sığorta kontingenti müəyyənləşir və əlində sığorta vəsiqəsi olan şəxs müvafiq klinikada müalicə oluna bilər. Məlumdur ki, dövlət xəstəxanalarında xüsusilə ağır xəstələrin tam pulsuz müalicəsi mümkün olmur. Elə xəstələr var ki, onlara xeyli miqdarda bahalı dərmanlar lazımdır. Xəstəxananın da bu işi həyata keçirməsi imkan xaricində olur, bu baxımdan müəyyən güc vətəndaşın üzərinə düşür. Amma tibbi sığorta olsa, problem aradan qalxar.  Azərbaycanda bəzi sektorlar - neft şirkəti, bir çox xarici şirkətlər sığortalanıb. Amma hesab edirəm ki, bunun geniş həyata keçirilmə vaxtıdır”.

Beynəlxalq təcrübə: pasient hətta mənəvi zərərə görə də kompensasiya tələb edə bilir
Dünyanın bir çox ölkələri tibbi sığortanı tətbiq etməklə vətəndaşların sağlamlığına təminat verir. ABŞ tibbi sığorta sisteminin real durumuna görə, hazırda tibbi sığorta xərclərinin 80%-ni sığorta şirkəti, qalanını isə pasient özü ödəyir. Qonşu ölkələr İran və Türkiyədə də tibbi sığorta tətbiq olunub.  Qərb ölkələrində də əhalinin çoxu sığortalıdır.  Həmin ölkələrdə pasientlərə böyük hüquqlar verilir. Belə ki, şikayətçi pasientlər həkimlərdən nəinki aşağı keyfiyyətli xidmətə görə haqq tələb edirlər, həmçinin onlar mənəvi zərərə görə də kompensasiya tələb edirlər. Bunun nəticəsidir ki, tibb işçiləri özlərini sığortalamağa başlamışlar.

Azərbaycanda da konstitusiyanın 41-ci maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb. Qeyd olunur ki, pasiyentin hüquqları pozulduqda o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazrliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübə göstərir ki, müraciətlər əksər hallarda müsbət nəticələr vermir.

Tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi də vacib məqamlardan hesab edilir. Bildirilir ki, hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Beləliklə, yerdə qalan vəsait az olduğundan əhali sığortalanmasında çətinlik var. İqtisadçı Vüqar Bayramov qeyd edir ki, Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlərə sərf edə bilir: “ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadır”. Ekspertin sözlərinə görə, səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var.

Dünya təcrübəsi də göstərir ki, səhiyyə sistemində tibbi sığortanın tətbiqi həm bu sektorda şəffaflığı təmin edir, həm də xidmətin keyfiyyətini yüksəldir. Göründüyü kimi, Azərbaycanda icbari tibbi sığorta düyünü hələ də çözülə bilmir. Elə isə bizə gözləmək qalır. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar