Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?


Minsk Qrupunun aktiv üzvlərindən olan İtaliya konfliktin həllinə töhfə verə bilər; türkiyəli deputat: “Nikolettinin prezidentliyi Türkiyə və Azərbaycan üçün uğurlu olacaq”; politoloq: “Qazaxıstanın BMT TŞ-yə sədrliyi dövründə Qarabağ məsələsinə xüsusi diqqət göstəriləcək”


Yanvarın 1-dən İtaliyanın ATƏT-də bir illik müddətinə sədrliyi başlayıb.  İtaliyanın xarici işlər naziri Angelino Alfano  bununla bağlı bildirib ki, həll olunmamış Dağlıq Qarabağ problemi də ATƏT-in icraçı sədri kimi İtaliyanın diqqətində il ərzində prioritet məsələ qismində olacaq.

“Yeni Müsavat” xatırladır ki, bu ölkə ATƏT-in Minsk Qrupunun fəal üzvlərindən biridir və Dağlıq Qarabağ məsələsində kifayət qədər obyektiv mövqe sərgiləyir. İtaliya həmçinin Avropa Birliyində mühüm söz sahibi olan dövlətlərdəndir. Bu mənada postsovet məkanındakı ən uzun və üzücü bir konfliktin nizamlanması prosesinə rəsmi Romanın real töhfə verəcəyini ümid eləməyə əsaslar var.

Hərçənd Dağlıq Qarabağ münaqişənin həllində Rusiya hələ ki həlledici söz sahibliyini saxlayır. Yəni Moskvanın əngəlləri olmazsa, İtaliyanın sülh təşəbbüsləri real nəticə verə bilər. Situasiyanın bir özəlliyi də odur ki, İtaliya Avropa Birliyi ölkələri arasında Rusiya ilə daha yaxın münasibətlərə malikdir.

*****

Qarabağ məsələsində siyasi aktivliyin artması baxımından pozitiv yeniliklərdən biri də Azərbaycana dost və strateji tərəfdaş ölkələrdən olan  Qazaxıstanın bu ildən etibarən rotasiya qaydasında  BMT Təhlükəsizlik Şurasına rəhbərliyə başlamasıdır. Bu türkdilli dövlət qardaş Türkiyə və Rusiya arasında məlum təyyarə insidentinə görə iki il öncə yaşanan böhranın aradan qaldırılmasında və barışıq əldə olunmasında Azərbaycanla birgə həlledici rol oynamışdı.  

Artıq işğalçı Ermənistan bu yenilikdən əndişə keçirməyə, rəsmi Astananın Dağlıq Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahat olmağa başlayıb. Bu təlaşa müəyyən mənada əsas da var.

*****

“Konstruktiv siyasət yürüdən Qazaxıstan beynəlxalq gündəmdə olan əsas və ağrılı problemlərlə bağlı hər zaman çox sağlam mövqe sərgiləyir”. Bu sözləri axar.az-a açıqlamasında araşdırmaçı jurnalist Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, MDB məkanında Azərbaycandan sonra Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi təsadüfi deyil.

“Əlbəttə ki, Qazaxıstan ilk növbədə geosiyasi və geoiqtisadi mövqeyinə görə çox perspektivli bir məmləkətdir. Çünki bu dövlətin inkişaf templəri diqqət çəkir. Digər tərəfdən isə Qazaxıstan həm ölkə daxildə, həm də bölgədə və Avrasiya məkanında gözləntilərə uyğun təşəbbüslər irəli sürür və onların həyata keçməsinə şərait yaradır. Bu baxımdan da Qazaxıstanı dünya miqyasında çox vacib beynəlxalq rol oynayan subyekt kimi qarşılayırlar. Bir çox məqamda Astananın balanslı siyasəti həm də aydın mənzərənin yaranmasına dəlalət edir. Məhz Dağlıq Qarabağ problemi çərçivəsində də biz bunun təsdiqini görmüşük. Astananın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi çox müsbətdir. Təhlükəsizlik Şurasına sədrlik Qazaxıstan rəhbərliyinin bütün problemlərə sağlam məfkurə ilə yanaşmasından irəli gəlir. Çünki Astana ən ağrılı dilemmalarda belə, düzgün qərarların tətbiqinə təsir göstərə bilir”.

Politoloq Nursultan Nazarbayevin Azərbaycanın haqlı davasını Təhlükəsizlik Şurasının gündəminə çıxaracağını istisna etməyib: “Nazarbayev çox təşəbbüskar siyasətçidir və onun Avrasiya üçün hələ 90-cı illərdə təklif etdiyi qarşılıqlı əməkdaşlıq konsepsiyası, regionda risklərin və təhlükəli cərəyanların zərərsizləşdirilməsi ilə bağlı yanaşmaları, inteqrasiya prosesindəki funksional rolu, Çinin təklif etdiyi yeni Dəmir İpək Yolu layihəsinin gerçəkləşməsində dəstəyi, o cümlədən nüvə proqramlarının təhlükəsizliyi ilə əlaqəli konsepsiyası bütün dünya tərəfindən rəğbətlə qarşılanır. O üzdən də hesab edirəm ki, Qazaxıstanın TŞ-yə sədrliyi çox məhsuldar olacaq. Astana sədrliyi dövründə bir çox staqnasiya vəziyyətində olan münaqişələrə, o cümlədən Qarabağ böhranına xüsusi diqqəti göstərə bilər ki, bu da beynəlxalq təşkilatları, ən əsası isə Minsk Qrupunu münaqişəsinin həllinə yenidən baxmağa və tutarlı qərarlar çıxarmağa təşviq edə bilər”.

*****

Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni prezidenti də İtaliyadan olan deputat Mikole Nikeletti seçilib. Məlumatlara görə, o, Azərbaycana loyal münasibəti olan siyasətçidir. Ümid edək ki, onun bu keyfiyyəti Azərbaycanla bağlı məsələlər zamanı pozitiv planda özünü göstərəcək.

“İtaliyalı deputat Mikele Nikolettinin Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər”. Bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Akif Çağatay Kılıç bildirib (Report). Türkiyəli parlamentari deyib ki, M.Nikolettinin bu vəzifənin öhdəsindən gələcəyinə şübhə etmir.

“O, AŞ PA-da uzun illik təcrübəyə malikdir və bir sıra missiyalar həyata keçirib. Digər müsbət tərəf isə əslən italyan mənşəli olması, beləliklə, xarakter və mentalitet baxımından bizə daha yaxın olmasıdır. Həqiqətən də keçirdiyimiz görüşlərdən belə nəticəyə gəlmək olar ki, Mikele Nikoletti dünyagörüşlü, müdrik bir rəhbər olacaq. Onunla uğurlu dialoq qura bilmişik. O, bizi tanıyır, biz onu tanıyırıq. Hesab edirəm ki, onun AŞ PA prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər”, - deyə qardaş ölkənin deputatı vurğulayıb .

Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Ç.Kılıç bildirib ki, münaqişə ilə bağlı reallıqlar göz qabağındadır: “Həmin gerçəklikləri heç kim inkar edə bilməz. Bu reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər, çünki artıq hamı həqiqəti bilir. Bu günün aktual məsələsi isə bu gerçəklərin qəbul etdirilməsidir. Biz Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi, bundan sonra da AŞ PA çərçivəsində azərbaycanlı deputatlarla birgə fəaliyyət göstərəcəyik”.

*****

Yada salaq ki, AŞ PA isə qəbul elədiyi qətnamələrində, o sırada təxminən  1 il öncə qəbul elədiyi, Sərsəng su anbarı ilə bağlı sənəddə Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Başqa sözlə, qurumun Dağlıq Qarabağla bağlı yanaşması əslində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanır. Əfsus ki, Avropa Şurası da Avropa Birliyi kimi hələlik münaqişənin həllində yaxından iştirak edə bilmir. Minsk Qrupunun monopoliyası buna imkan vermir.

Ancaq problemin bu şəkildə qalması da illərlə sürə bilməz və Avropanın, onun əsas strukturlarının da maraqlarının əleyhinədir. Həm də o səbəbə ki, Azərbaycandan Avropa ölkələrinə doğru uzanan strateji əhəmiyyətli neft-qaz kəmərləri, o cümlədən bu il işə düşəcək və Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən olan TANAP qaz xətti konfliktli zonanın yaxınlığından keçir və ermənilər dəfələrlə bu kəmərləri hədəf ala biləcəkləri barədə avantürist bəyanatlar veriblər.

Nəhayət, bunu da diqqətə çatdırırıq ki, Dağlıq Qarabağ konfliktində münaqişə tərəfləri arasında atəşkəsə heç bir beynəlxalq ayırıcı qüvvə nəzarət eləmir. Belə ayırıcı və ya sülhməramlı qüvvələr yoxdur. Demək, nizamlama prosesi uzanarsa, istənilən an atəşkəs aktiv hərbi əməliyyatlar fazasına keçə bilər - necə ki, 2016-cı ilin aprelində “4 günlük müharibə” zamanı dünya bunun şahidi oldu.

Necə deyərlər, “Şər deməsən, xeyir gəlməz”. Müharibə isə gələndə heç kimdən soruşmur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar