Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar


Fərəc Quliyev: “Fikirlər doğrudur, siyasətçilərə etimadsızlıq yaranıb”; Sərdar Cəlaloğlu: “Belə siyasət aparan ölkələrin vətəndaşları heç zaman rəhbərlərə inanmırlar”


Yanvarın 22-də başlayan və 26-na qədər davam edəcək Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında quruma prezident seçilən Mikele Nikolettinin çıxışı ciddi maraq doğurub. Onun çıxışında diqqətlər daha çox bir istiqamətə yönəlib.

Avropa Şurası məkanında münaqişələrin sayının artdığını və bunun narahatlıq doğurduğunu dilə gətirən AŞ PA prezidenti deyib: “Biz bu münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib”.

AŞ PA prezidentinin dedikləri Azərbaycanda da geniş müzakirələr doğurub. Buna səbəb də Avropa Şurası məkanındakı münaqişələr dedikdə Dağlıq Qarabağın da nəzərdə tutulmasıdır. Bu baxımdan Mikele Nikolettinin bu fikirləri ilə bir çox üstüörtülü məsələlərin açıldığı bildirilir. Xüsusilə münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti bir daha gündəmə gəlib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Mikele Nikolettinin dediklərində həqiqətlərin olduğunu söylədi: “Onun fikirləri ilə tamamilə razılaşıram. Çünki avropalı siyasətçilər də münaqişələrə biganə qalmağın bir az da bədəlini ödəməli olurlar. Artıq öz ölkələrində bu hadisələr baş verir. Əvvəl Qarabağ məsələsinə biganə yanaşıldı, ardınca Rusiya revanş götürərək, Ukraynanın Şərq hissəsini işğal etdi. Kataloniyada da baş verən hadisələr hələ səngiməyib. Fransanın özündə də bölünmə istəyində olanlar var. Ərəb ölkələrini də münaqişələrdən başlayan böyük müharibələr artıq ağuşuna alıb. Bu baxımdan tamamilə razılaşıram ki, bu münaqişələr həll olunmadığı üçün yerli əhalinin də haqlı narazılıqları başlayır. Bütün dünya bir-birindən xəbər tutur. Hamı bilir ki, bu gün digər yerdə baş verənlər səhəri gün onların da başına gələcək. İŞİD yarandı və bir müddətdən sonra fəaliyyəti Avropada özünü göstərməyə başladı. Nəticədə də terror faciələri ilə avropalılar da ölümə düçar oldular. Bu narahatlıq tamamilə əsaslıdır. Hesab edirəm ki, bunun da kökündə ilk növbədə, postsovet məkanında baş verən hadisələr durur. Bunlara diqqətsiz yanaşılmağın bədəli ödənilir. Burada günah siyasətçilərdə axtarılır və məncə, doğru düşünülür. Amma Mikele Nikoletti bir az üstüörtülü danışıb. O siyasətçilərin yanlış siyasətidir ki, bumeranq rolunu oynayaraq özlərinə qarşı yönəlir. Deyilən fikirlər doğrudur, siyasətçilərə etimadsızlıq yaranıb. Bu baxımdan onun dediklərini bölüşürəm”.

ADP sədri Sərdar Cəlaloğlu Mikele Nikolettinin çox ciddi bir fəlsəfi məsələ qaldırdığını söylədi: “Tam və hissələr anlayışı var, götürək BMT-ni, dövlətlər onun hissələridir, xalqlar isə insanlığın hissələridir. Beynəlxalq hüquq normalarına insanlar əməl edəndə tamlıqlarını qoruyurlar. Əgər bu normalar pozularsa, hissələr üzərindən nəzarət qaldırılır. Bu gün dünyada baş verənlər əslində tamlığın pozulması ilə hissələrin yaratdığı xaotik durumdan irəli gəlir. Hər bir dövlət öz şəxsi maraqlarından çıxış edərək siyasət yürüdür. Amerika Suriyaya girir, Rusiya Ukraynaya, eləcə də digər dövlətlər. Bununla da dünya nizami pozulduğu üçün hissələr xaotik hərəkətə başlayır. Nəticədə də hər bir insan xaotik duruma düşdüyünü özündə hiss edir, çünki tamlıq pozulub. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir insan bunları anlayır. Nəticədə də insan onu idarə edənlərə olan hörmətini itirməyə başlayır. Baxmayaraq ki, Amerika xalqı üçün rəhbər digər yerlərə girir, münaqişələr yaradır, amma bu siyasət ölkə daxilində etimadsızlıq yaradır. Çünki insan şüurlu şəkildə anlayır ki, dünyada xaosun yaranması onun da maraqlarına uyğun deyil.

Məsələn, bu gün amerikalılar Əfqanıstan, İraq, Suriya və Amerikanın düşmən elan etdiyi ölkələrə asanlıqla girə bilməzlər. Çünki dəqiqədə bir ABŞ Dövlət Departamenti bəyanat verir ki, bu yerlərə getmək olmaz, çünki təhlükəlidir. Bunun da səbəbi Amerikanın apardığı siyasətlə bağlıdır. Rus vətəndaşları bir çox ölkələrdə arzu olunmurlar. Bunun da səbəbi odur ki, Rusiya həmin xalqlara qarşı işğalçılıq siyasəti aparıb. Ukraynada, Azərbaycanda rusların sevilməməsi bunlara misaldır. Belə siyasət aparan ölkələrin vətəndaşları heç zaman rəhbərlərə inanmırlar, eləcə də digər xalqlar. Faktiki olaraq, bunlar tam və hissələr arasında yaranan pozuntulardan doğur. Bu gün dünyadakı xaosun yeganə bir səbəbi var ki, o da beynəlxalq hüquq normalarının işləməməsi, dövlətlərin öz bildiklərini maraqlarına uyğun həyata keçirmələridir”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar