Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-nın Səməd Seyidovla bağlı qərarına parlamentdə sərt etirazlar


Hesablama Palatası Milli Məclisə hesabat verdi-18 milyon vəsait geri qaytarılıb


Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova qarşı sanksiya qərarını verməsi müzakirə olundu.

Deputat Fəzail İbrahimli AŞ PA-da Səməd Seyidovun hədəf seçilməsindən bəhs etdi.  Bildirdi ki, S.Seyidov avropalılarla Avropanın öz dilində danışırdı. “Ümid edirəm ki, bundan sonra bizim nümayəndə heyətimiz daha mübariz olacaq, Səməd Seyidov daha prinsipial və daha ardıcıl fəaliyyət göstərəcək” - F.İbrahimli əlavə etdi.

Komitə sədri Əli Hüseynli bildirdi ki, AŞ PA-dakı nümayəndə heyəti daim milli maraqlardan çıxış edib, Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlamaq və Ermənistanı ifşa etməkdən ibarət olub. “Səməd Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov qanunsuz cəzalandırılıb, heç bir günahı olmadan. Bu, AŞ PA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da fəal şəkildə mübarizə aparacaq” deyə, o bildirib.

Spiker Oqtay Əsədov dedi ki, bu, Azərbaycana qarşı ilk sanksiya deyil: “Bundan əvvəl Avropa Şurasının alt komitələrinin iclaslarının iki il ərzində Azərbaycanda keçirilməməsi barədə də sanksiya qəbul olunmuşdu. Bir il sonra özləri peşman oldular. Dedilər gələk, iclaslarımızı keçirək. Mən dedim ki, yox, ehtiyac yoxdur, bizə qaşı sanksiya qərarınız var. Hansı ki, özlərinin də büdcəsi yox idi. İndi belə bir qərar qəbul edilib. Qərar ondan ibarətdir ki, Səməd Seyidova seçkili orqanlara seçilmək icazəsi verilməyəcək. Heç iştirak etməsin. Nə var burda? Səməd Seyidov bizim mübariz deputatımızdır, öz fəaliyyətini bir az da gücləndirəcək”.

Deputatlar sədrin bu fikirlərini alqışlarla qarşıladılar.

Aydın Mirzəzadə dedi ki, sabah AŞ PA-dakı digər nümayəndələrimizə bənzər sanksiya qərarı verilə bilər, bu, təəccüblü deyil: “Bu, Azərbaycan üçün növbəti sınaqdır”.

Asim Mollazadə dedi ki, son vaxtlar Avropada “Səlib yürüşü” prosesinə start verilib: “Avropa Şurasının araşdırma komissiyası yazır ki, Səməd Seyidovun heç bir günahı yoxdur, amma sonda onu cəzalandırırlar. Səməd Seyidovun günahı var. Türkiyəni müdafiə etməsi, Serj Sərksiyana qarşı sərt mövqe nümayiş etdirməsidir onun günahı”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da məsələyə münasibət bildirdi: “AŞ PA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir. AŞ PA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına atılan addımdır. Azərbaycanı gözü götüməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər”. Deputat bildirdi ki, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətlərimiz üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: “Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, bundan sonra ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün çərçivələrdə müdafiə etməliyik”.

Fazil Mustafa beynəlxalq komitə, yaxud Milli Məclis səviyyəsində bəyanat hazırlamağı, növbəti iclasda yaymağı təklif etdi. O, iyul ayında Strasburqda Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir tədbir keçirməklə də sanksiya qərarını verən quruma cavab verilməsini zəruri saydı.

Deputat daha sonra ölkədəki kadr bankı ilə bağlı fikirlərini bölüşdü. “Əgər bu gün abituriyentlərin 50 faizi 200 baldan aşağı toplayırsa, təhsillə bağlı gələcəyimizin necə olduğu indidən görünməkdədir, bu, acı tablodur” - deyən F.Mustafa məmurların yetişdiriməsi ilə yanaşı, onların qorunmasını da vacib saydı: “Hara icra başçısı, nazir, idarə müdiri təyin olunursa, öz komandasını həmin quruma gətirir, orda çalışanları isə kütləvi şəkildə işdən azad edir. Buna etiraz edənlərə isə deyilir ki, istəyirsən, get, ver məhkəməyə! Hesab edirəm ki, Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır, bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Qanunvericiliklə müəyyən addımlar atmalıyıq ki, kimlərsə məmurların soyqırımını gerçəkləşdirməsin”.

“Uzun müddət uğrunda mübarizə apardığın qurumdan sanksiya qərarını görmək bir insan kimi şəxsən mənə asan deyil. Amma mən həm də qürur hissi keçirirəm. Bu, sadəcə Azərbaycana olan təzyiqdir, ikili standartların nümayişidir”. Bu fikirləri isə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisdəki çıxışı zamanı bildirdi. S.Seyidov özünə qaşı sanksiya qərarının verilməsini təsadüfi saymadı: “Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmələri aparan Ermənistan heç bir sanksiyalara məruz qalmayıb. Ancaq haqqını tələb edən Azərbaycan sanksiyalara məruz qalır. Bu sanksiyalar mənim üçün qüsur yox, şərəfdir, qürur mənbəyidir. Azərbaycanın uğurları, cənab prezidentin gördüyü işlər, bu gün imzalanmış kontraktlar, bir ay sonra TANAP-ın işə salınmasıdır səbəb. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravı vətəndaşdır. Bizim balalarımız cəbhədə daha böyük təhlükə ilə üz-üzədirlər, nəinki biz. Biz siyasi cəbhədəyik”.

Bundan sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti barədə hesabatını təqdim etdi.

Daha sonra hesabatın müzakirəsinə başlanıldı.

Vahid Əhmədov bildirdi ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb: “Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib”.

Əli Məsimli dedi ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir: “Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yola vermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin”.

Qüdrət Həsənquliyev isə bildirdi ki, hər il nəzarət nəticəsində müəyyən vəsait dövlət büdcəsinə qaytarılır, lakin bu vəziyyət ürəkaçan deyil: “Hesablama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər. Düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs intizam qaydasında məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin qaytarılması məsuliyyəti yalnız yüngülləşdirən amil kimi nəzərə alınmalıdır. Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.

Deputat Musa Quliyev də ciddi məsələlərə toxundu: “Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib. Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar? DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha ciddi qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və ciddi fikir versin”.

Deputat Fərəc Quliyev hesabatın mükəmməl hazırlandığını deməklə yanaşı, bir çox sahələrdə vəsaitlərin geri qaytarılması ilə bağlı məlumatların olmadığını bildirdi. Səlahiyyətindən sui-istifadə edib vəsaitləri mənimsəyənlərlə bağlı götürülən ölçülərlə bağlı da məlumat verilməsini zəruri saydı.

Palata sədri Vüqar Gülməmmədov deputatların çıxışına münasibət bildirərkən dedi ki, il ərzində ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail olunub: “Bu məbləğin üzərinə səmərəsiz xərclənmiş vəsaitləri də əlavə etmək lazımdır. Ancaq elə məbləğlər var ki, onların bərpası mümkün olmur”.

Bundan sonra məruzə səsə qoyularaq qəbul edildi.

İclasda “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə qanun layihəsini təqdim etdi və ilk oxunuşda səsləndirilən təkliflərin nəzərə alındığını vurğuladı. Bundan sonra layihə əsas kimi qəbul olundu.

Müzakirələr zamanı deputat Musa Quliyev təklif etdi ki, deputatlara da ciddi siqnallar olarsa, hansısa sahədə audit keçirməklə bağlı təklif vermək səlahiyyəti verilməlidir.

Deputat Çingiz Qənizadə Hesablama Palatasının kadr potensialını gücləndirilməsi ilə bağlı səlahiyyətlərinin geniş olmadığını vurğuladı: “Kadr potensialının gücləndirilməsi ilə bağlı Palataya əlavə səlahiyyətlərin verilməsi məqsədəuyğun olardı”. Ç.Qənizadə qanun layihəsi ilə bağlı digər təkliflərini də irəli sürdü. Həmçinin Palata üzvlərinin əməkhaqqının artırılmasını da zəruri saydı.

Spiker Oqtay Əsədov da Ç.Qənizadənin təşəbbüsünü dəstəklədi və müstəqil qurum olan Hesablama Palatasının kadr bazasının formalaşdırılması ilə bağlı bu quruma müstəqillik verilməsini zəruri saydı. Sədr komitə sədri Z.Səmədzadəyə xitabən komitənin öz təkliflərini hazırlamasını tapşırdı. Dedi ki, parlament də bu məsələyə öz dəstəyini verəcək.

Qanun layihəsi fəsil-fəsil səsə qoyularaq qəbul edildi.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi vitse-spiker Valeh Ələsgərovun təqdimatından sonra müzakirə olunaraq qəbul edildi.

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər barədə deputat Əhliman Əmiraslanov məlumat verdi.

Qüdrət Həsənquliyev dərmanların böyük əksəriyyətinin xaricdən idxal olunduğuna diqqət çəkdi və dünyanın məşhur dərman istehsalçıları ilə birgə istehsala başlanılmasını zəruri saydı.

Deputat, tanınmış ürək cərrahı Rəşad Mahmudov illeqal - leqal olmayan şəkildə - dərmanlarla bağlı aparılan əməliyyatları təqdir etdi. Ardınca əlavə etdi ki, həkimlər hazırda illeqal yolla ölkəyə daxil olan dərmanların çatışmazlığı ilə üzləşib və təcili şəkildə müvafiq tədbirlər görülməlidir.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə qanun layihəsində “dərmanların geri çağırılması” ifadəsini düzgün saymadı. Ə.Əmiraslanov dilçilərlə müzakirə edib bu ifadəni dəyişməyi mümkün hesab etdi. “Amma əgər maşın geri çağırılırsa, dərman niyə geri çağrılmasın?” Spiker isə “maşın və dərman ayrı-ayrı məsələlərdir” deyə, bununla razılaşmadı.

Akademik İsa Həbibbəyli isə “dərman vasitələrinin dövriyyədən çıxarılması” variantını irəli sürdü. Bundan sonra layihə qəbul edildi.(“Yeni Müsavat”)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar