Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Bakıdakı etibarı...


Ciddi skandaldır. Müdafiə naziri onunla görüşən ABŞ səfirinin səsini gizlicə yazdırıbmış. İndi də nazirlik səfirliyin üzünə dirənib ki, təkzib verməniz boş şeydi, səsinizi yazdırmışıq, dediyinizi demisiniz...

Burada beynəlxalq (diplomatik) protokol da, Azərbaycan respublikasının qanunları da pozulub. Böyük bir ölkənin təmsilçisinin səsini, onun icazəsi olmadan, həm də diplomatik toxunulmazlığına rəğmən yazdırıblar, onun toxunulmazlığının sərhədini keçiblər; üstəlik, Azərbaycan respublikasının qanunlarını, konstitusiyasını pozublar (şəxsin razılığı olmadan onun səsini yazdırmaq, şəklini çəkmək bizim Anayasa ilə qadağandır-R.A.). Ən pisi isə, bunu təkzib eləmək, gizlətmək əvəzinə bəyan-elan edirlər. 

Skandalın kökündə dayanan məqamsa budur  - oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb. Burada Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müzakirə aparılıb. Sonradan Müdafiə Nazirliyi görüşlə bağlı xəbər yayıb. Səfirlik də bu xəbəri kəskin yalanlayıb. 

Müdafiə nazirliyinin mətbuat xidməti də bu zaman bombanı partladıb -  bəyan edib ki səfirin səsini yazdırmışıq, yalanı səfirlik söyləyir: “Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır”...

****

Amerika səfirliyi bu skandaldan az əvvəl  başqa bir təkziblə də çıxış etmək məcburiyyətində qalmışdı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsində verdiyi şok  açıqlama miqyasına görə Səfərbala Əbiyevin skandalından dəfələrlə böyük hadisədir... 

****

Cənab Mehdiyev uzun sürən sükutu pozaraq, siyasi səhnəyə çıxmaq və gündəmə müdaxilə etmək zorunda qalıbsa, deməli gerçəkdən də hakimiyyət üçün ciddi problemlər yaranıb. O, müdaxiləsini etdi – akademikin gedişi 2003-cü ilin oktyabr ayının məlum seçkisindən sonra verdiyi açıqlama ilə mahiyyətcə eynilik təşkil edir. Siyasətlə maraqlananlar və o dövrü xatırlayanlar yada sala bilərlər -  Ramiz Mehdiyev o zaman Azərbaycan hakimiyyətini həbslərə və zorakılıqlara qarşı suçlayan Amerika yetkililərini eyni ilə indiki kimi “ifşa etmişdi”. O zaman demişdi ki, Amerikanın Azərbaycandakı səfiri 15 oktyabr axşamı özü ona telefon açaraq, ölkəsi adından bildirib ki, paytaxtda – xüsusi ilə də Müsavat Partiyasının qarşısında  - qayda-qanun yaratmaq lazımdır. Yəni dinc əhalini nə yolla olursa olsun, dağıtmağı və paytaxtı sakitləşdirməyi Amerika özü tövsiyə edibmiş...

O zaman Amerikalılar susdular, təkzib vermədilər. 

****

Bu dəfə isə Ramiz Mehdiyevin aşağıdakı açıqlama-ifşasını tam mənası ilə təkzib etdilər. Mehdiyev Amerikalı yetkililər üçün bunları demişdi: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”. Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı: “Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffaf və ədalətli yox, saxta seçki keçirməliydik”. Daha sonra o, davam edərək, belə bir fraza da işlədib:
 
“Dünya siyasəti əsaslı şəkildə qeyri-müəyyənliyi ilə fərqlənir. Çox vaxt dünyadakı güc sahibləri gözlənilmədən elə hərəkətlər edir ki, bu, insanları sarsıdır. Ona görə də hissiyyata qapılmaq və onların ”dostluğuna" şirniklənmək olmaz”.
 
****

Doğrudur, R. Mehdiyev Səfər Əbiyevdən fərqli olaraq əlində Amerika rəsmilərinin səs yazısının olduğunu iddia etməyib. Lakin, hətta təkzib olunsa da, bu açıqlamaların ortaya çıxartdığı gerçəkliklər danılmazdır. 

Ən ciddi gerçəklik budur ki, Azərbaycan iqtidarı Amerika ilə əsaslı şəkildə pozuluşub. Hətta o həddə kimi ki, kiçik Azərbaycanın iki yetkilisi ard-arda dünyanın ən böyük gücünün ölkəmizdəki təmsilçilərini ifşa etməyə qalxır. Az qala Amerikanı, onun buradakı təmsilçiliyini susdurmaq jesti olan bu iki açıqlama beynəlxalq faktorun (Qərb faktorunun - amma əslində “Rus faktoru” da Bakıdakı iqtidara təhlükə törədəcək yönə inkişaf etməkdədir - R.A.) necə hakimiyyətin zərərinə dəyişməsini ortaya çıxarır. 

Bu iki açıqlama, heç şübhəsiz, münasibətləri daha da gərginləşdirəcək. Amerika səfirliyi vasitəsi ilə həyata keçirilən iki təkzib də vəziyyəti və ortadakı iddiaları dəyişmir.

****

İndi ABŞ iqtidarının iki yolu var. Ya o, şərəfini, demokratiyaya sadiqliyini sübut edərək, qarşılıqlı ifşaya keçməli, bu iddiaların hər ikisinin (Mehdiyev və Əbiyev iddiaları) yalan olduğunu sübut etməlidir. Azərbaycan iqtidarı ilə heç bir faiz alverinə getmədiyini sübutlarla, bundan sonrakı adekvat addımlarla dünya ictimaiyyətinə, xüsusi ilə də Bakıdakı demokratik düşərgəyə nümayiş etdirməidir. 

Ya da indiki səfiri geri çağırıb, iddiaları qəbullanmalıdır. Burada üçüncü yol yoxdur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Putinin "Valday" konfransından sonra Xankəndinə daha çox yaxınlaşdıq!!!

Bakı və Kiyev – kimin xalqı və müxalifəti nəylə məşğuldur

Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri”

“Hakimiyyət yeni kursa, açılıma başlayır?“

Ən çox oxunanalar