Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da 5,9, Azərbaycanda 18 milyon dollar… - Asfalt korrupsiyası


Uzun illərdir ki, Azərbaycanın avtomobil yolları ölkənin ən böyük problemlərindən biridir və məşhur “Rusiyada iki bəla var – axmaqlar və yollar” atalar sözünü əminliklə ölkəmizə də aid etmək olar. Yeni yolların tikintisi və köhnə yolların təmiri üçün vəsait tez-tez və səxavətlə ayrılsa da, onların vəziyyəti qənaətbəxş deyil


Təkcə bu ilin ilk aylarında prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən Rusiya ilə sərhədə qədər yeni bir avtomobil yolunun tikintisi üçün 150 milyon, Giləzi – Xızı – Fındığan və Ağdamda avtomobil yollarının tikintisinə 2 milyon, Salyan rayonunda bir neçə kəndi birləşdirən yola 700 min, eləcə də Çarxı – Məmmədxanlı avtoyolunun tikintisinə 10,1 milyon manat ayrılıb.

Praktik olaraq, yol təmirinə də bu qədər vəsait ayrılır. Ötən il yol infrastrukturunun inkişafına və saxlanmasına qoyulan investisiyalar 1 milyard 335,6 milyon manat təşkil edib. Bu, 2016-cı ildəkindən 18,4% çoxdur. Analoji vəsaitlər ölkədə iri beynəlxalq tədbirlərə və hərbi xərclərə sərf edilir.

Mütəxəssislərin fikrincə, ölkədə bir kilometr yeni yolun tikintisi dövlət büdcəsinə təxminən $18 milyona başa gəlir. Müqayisə üçün, reytinqdə 13-cü yeri tutan ABŞ-da yolun bir km-nin çəkilməsinə $ 5,9 mln xərclənir. Bu cür xərclər olanda nəticə də müvafiq olmalıdır. Dünya İqtisadi Forumunun tərtib etdiyi 2016-2017-ci illərdə yolların keyfiyyəti üzrə ölkələrin reytinqində Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur. Bu, qonşularla müqayisədə kifayət qədər yüksək göstəricidir. Amma yol infrastrukturunun xərclərinin məbləği nəzərə alınanda reytinqdə yer daha yüksək ola bilərdi. Amma Bakının kəndlərarası yollarında olan, sonradan dərin quyuya çevrilən çala-çuxur və çökəklər reytinqdə mümkün səhvlərdən xəbər verir. Qar və yağışdan sonra asfalt örtüyünün çevrildiyi şeyə yol demək çətindir.

Yeni yollar tez-tez batır və bir çoxları bunu asfalt betonun keyfiyyəti, daha dəqiq desək, keyfiyyətinin olmaması ilə bağlayırlar. Yerli ekspertlərin fikrincə, betona kifayət qədər sement əlavə edilmir, asfalt da korrupsiya qurbanı kimi tanınır. Beləliklə, asfalt-beton pullar kimlərinsə cibində böyük axın edir, yollar isə sahibsiz qalır.

Yolları dünyanın ən yaxşısından biri olan Hollandiya yol tikintisi zamanı bahalı asfalt betondan imtina edib, onu təkrar emal edilmiş materialla, əsasən plastiklə əvəz etməyə başlayıblar. Bu, xərcləri, tikintiyə sərf olunan vaxtı azaldıb və yolların ömrünü uzadıb. Ancaq Azərbaycanda buna çox var, sənədlərdə yolların istismar müddəti 20-30 il göstərilsə də, onların ömrü çox qısa müddətlidir. Reytinqdə Azərbaycan yollarının yerləri onların xərclərinə uyğun gəlirmi?

ersad_huseynov_esas_44

Yol hərəkəti məsələləri üzrə ekspert və hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ölkədə yolların vəziyyəti əsla qənaətbəxş deyil və bunu bir neçə göstəricidən görmək olar: “Yolları iki növə bölmək olar: yaşayış məntəqələrinin yolları, yəni küçələr və prospektlər; respublika və yerli əhəmiyyətli yollar. Paytaxtın prospektləri və əsas yolların vəziyyəti nisbətən yaxşıdır. Bunlara Nobel prospekti, Ziya Bünyadov, Tbilisi prospekti, Səməd Vurğun küçəsi, Rəşid Behbudov küçəsini göstərmək olar. Lakin hətta bunlarda pis hava olanda böyük gölməçələr yaranır. Az istifadə edilən ikinci dərəcəli küçələrin vəziyyəti paytaxtda belə dəhşətlidir. Bu yollarda hər şeyi görmək olar: çuxur, çatlar və yolun bir hissəsinin qanunsuz olaraq ələ keçirilməsi. Ümumiyyətlə, bütün yol infrastrukturu ən yüksək səviyyədə olmalıdır, istisnasız bütün yolların vəziyyəti sabit şəkildə saxlanmalı, vaxtında təmir olunmalıdır. Bütün inkişaf etmiş dünyada yol nöqsanları standartları qəbul edilib. Məsələn, çüxurların, çatların ölçülərinin satandartları var. Onları keçəndə qəzalar baş verə bilər. Bizdə hələ də belə standartlar yoxdur”.

Ekspert vurğulayıb ki, Bakından kənardakı yolların vəziyyəti dəhşətlidir: “Qeyri-rəsmi məlumatlara görə, Xırdalan şəhərində 200 mindən çox insan yaşayır, lakin orada normal küçələr yoxdur. Hamısında çatlar, çüxurlar var, zolaqlar yoxdur. Bakı qəsəbələrindəki yollar da təxminən eyni vəziyyətdədir. Bir və ya ikisi istisna olmaqla, qəsəbələrdəki yollar çökəklər və çüxurlarla doludur, qazılıb, normal səkilər yoxdur. Respublika əhəmiyyətli yollara gəlincə, onların əksəriyyəti son illər yaxşılaşıb, amma Bakı-Quba-Rusiya sərhədi və əks istiqamətdə ciddi nöqsanlar var. Eyni sözləri Ələt-Astara yolu haqqında da demək olar. Lakin obyektivlik üçün deyək ki, “Azəravtoyol” Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinə çevriləndən və rəhbərlik dəyişiləndən sonra yollarda yaxşılaşma var və onlar tədricən qaydaya salınır. Bundan başqa, yolların təmiri ilə yalnız Dövlət Agentliyi yox, yerli icra hakimiyyəti orqanları da məşğul olmalıdır. Lakin əksər hallarda onlar bundan boyun qaçırır”.

nemet-eliyev-yeni-300x240

İqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, son illərdə dövlət maliyyələşməsindən ən çox vəsait nəqliyyat sektoruna ayrılır: “Amma onun şahidi oluruq ki, investisiya layihələrində istismar müddəti 25-30 il müəyyənləşdirilmiş yollar 3 ildən sonra sıradan çıxır. Bu, korrupsiya ilə bağlıdır. Tikintiyə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, yollar keyfiyyətsiz tikilir, buna görə istismar müddəti bir neçə dəfə azalır. Buna görə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün daha çox vəsait ayırmaqdansa, onların xərclənməsinə ciddi dövlət maliyyə nəzarəti təmin edilməlidir. Belə bir nəzarət yoxdur, buna görə də Azərbaycan korrupsiya səviyyəsi üzrə ölkələrin reytinqində ən yüksək mövqelərdən birini tutur”, – deyə N.Əliyev vurğulayıb(turan.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar