Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Rusiya münasibətləri ABŞ-İran münasibətləri səviyyəsinə endirilir?


Politoloq: “ABŞ-ın Rusiya ilə bağlı siyasətində vahid və birmənalı xətt yoxdur”


“Sanksiya qanununun əhatə dairəsi çox genişdir və Rusiya iqtisadiyyatının enerji, hərbi sənaye kimi əsas sektorlarına ciddi zərbə vurmağa, beləliklə, Rusiya dövlətini zəiflətməyə yönəlib”.

İki gün əvvəl ABŞ Ədliyyə Nazirliyinin qəbul etdiyi qərar əsasən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda adı keçən şirkət və şəxslərlə əməkdaşlıq edən xarici dövlətlərin şirkətlərinə və vətandaşlarına qarşı da cəzalar tətbiq olunacaq. Yəni ABŞ-ın hüquq sahəsində təmsil olunan fiziki və hüquqi şəxslərə Rusiya şirkətləri ilə enerji layihələrində əməkdaşlıq etmək qadağan olunub. Qadağa ABŞ-ın Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi və ya tətbiq edəcəyi sanksiyalar siyahısında olan bütün şəxslərə şamil olunub. Bu eyni zamanda Rusiyanın İran və Şimali Koreya ilə eyniləşdirilməsi anlamına gəlir. Hazırda gerçəkləşdirilən sanksiyalar paketi Rusiya üçün dəhşətli olacaq 241 seksiyadan ibarətdir və demək olar ki, Rusiyanın bütün dünyadan təcrid olunmasına hesablanıb. Faktiki olaraq bunula Rusiya ABŞ tərəfindən dünya üçün əsas təhlükə olaraq göstərilən İran və Şimali Koreya kimi dövlətlərlərlə eyniləşdirilib. Sanksiyaların qanun paketi şəklində qəbul olunması göstərir ki, bu sanksiyaların ləğv olunması heç də asan olmayaq. Daha doğrusu bu yaxın illərdə mümkünsüz görünür. Hətta Rusiya Krımı və Donbası Ukraynaya qaytarsa belə, Rusiyanın supergüc olmaq istəyi ilə beynəlxalq siyasətdə atdığı və atacağı  bütün addımların qarşısının alınması üçün sanksiyaların uzun illər boyu qüvvədə qalması şübhə doğurmur.

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları və bundan sonrakı Rusiya-ABŞ münasibətləri ilə bağlı politoloq Şahin Cəfərli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Şahin Cəfərli: “Ciddi problemlərin mövcudluğuna baxmayaraq, mən iki ölkə münasibətlərinin ABŞ-İran və ya ABŞ-Şimali Koreya münasibətləri səviyyəsində pisləşəcəyinə inanmıram”.


PİA.AZ siyasi şərhçi, politoloq Şahin Cəfərlinin gündəm mövzu ilə bağlı qısa müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Şahin bəy, ABŞ Ədliyyə Nazirliyinin qəbul etdiyi qərar əsasən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda adı keçən şirkət və şəxslərlə əməkdaşlıq edən xarici dövlətlərin şirkətlərinə və vətandaşlarına qarşı da cəzalar tətbiq olunacaq. Hazırda gerçəkləşdirilən sanksiyalar paketi Rusiya üçün dəhşətli olacaq 241 seksiyadan ibarətdir. Bundan sonra Rusiya-ABŞ münasibətlərini necə ehtimal edirsiniz? Bu münasibətlər İran və Şimali Koreya ilə olduğu kimi, bütün sahələrdə əməkdaşlığın durdurulmasına və ancaq qarşıdurma səviyyəsinə keçə bilərmi?

- ABŞ-ın Rusiya ilə bağlı siyasətində vahid və birmənalı xətt yoxdur. Konqres və prezident bu məsələdə fərqli düşünür. Tramp iqtidara gəldikdən sonra Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində idi, lakin sistem və bu sistemin mərkəzində dayanan əsas institut olan Konqres buna imkan vermədi. Bu gün ABŞ-ın Rusiya ilə bağlı siyasətini əsas etibarilə Konqres müəyyənləşdirir, genişləndirilmiş yeni sanksiyalar məhz Konqresin qəbul etdiyi və avqustun 2-də Tramp tərəfindən könülsüz imzalanan qanun əsasında tətbiq olunacaq. 

Əslində Tramp qanunun icrasına da könülsüz başladı, hətta bu məsələdə gecikmə də var idi və yalnız senatorların xəbərdarlığından sonra prezident Dövlət Departamentinə və Maliyyə Nazirliyinə hərəkətə keçməyi tapşırdı. Hazırda hər iki qurum yeni qanunun tələblərindən irəli gələn məsələləri müəyyənləşdirməklə məşğuldur və son günlər onlar həm ABŞ biznesinə, həm də müttəfiq ölkələrə qanunun necə tətbiq olunacağı barədə izahatlar verirlər. Sanksiya qanununun əhatə dairəsi çox genişdir və Rusiya iqtisadiyyatının enerji, hərbi sənaye kimi əsas sektorlarına ciddi zərbə vurmağa, beləliklə, Rusiya dövlətini zəiflətməyə yönəlib. Lakin qanunda əksini tapan məqamlar konkret deyil, ümumidir. Qanunun tələblərini konkretləşdirmək icra hakimiyyətinə, yəni hökumətə həvalə olunub. Hökumət bu qanunu həm sərt, həm də yumşaq formada tətbiq edə bilər, bu məsələdə təşəbbüs hökumətin əlindədir. 

Mən hesab edirəm ki, Tramp qanunun ən sərt şəkildə deyil, mümkün qədər yumşaq şəkildə tətbiqinə çalışacaq. Şübhəsiz ki, qanunun icrası məcburidir, üstəlik senatorlar bu məsələni diqqətdə saxlayır və boşluq görən kimi prezidentə xəbərdarlıq edirlər. Yəni Trampın başqa yolu yoxdur və qanun icra olunacaq. Lakin Rusiyanı əzmək Tramp üçün prioriteti deyil. Hesab edirəm ki, o, Rusiya ilə bütün körpülərin yandırılmasına imkan verməyəcək. 

Digər tərəfdən, Rusiya hakimiyyəti də ABŞ-la münasibətlərin daha da pisləşməsində qətiyyən maraqlı deyil, tam əksinə, Moskva israrla, ciddi səylə Vaşinqtonla əlaqələrin düzəlməsinə çalışır. Bu səbəblə, ciddi problemlərin mövcudluğuna baxmayaraq, mən iki ölkə münasibətlərinin ABŞ-İran və ya ABŞ-Şimali Koreya münasibətləri səviyyəsində pisləşəcəyinə inanmıram. Amma gərginlik davam edəcək, çünki sistem Trampın Rusiyaya reveranslar etməsinə yol verməyəcək. Sanksiyaların qanun halına salınması da məhz ona xidmət edir ki, prezident bu sanksiyaları aradan qaldıra bilməsin. Rusiya ciddi güzəştlərə getməsə, SSRİ dövründə olduğu kimi, sanksiyalar uzun müddət qüvvədə qalacaq.   

Şahin Cəfərli: “Əgər Tramp və onun yaxın çevrəsinin Rusiya ilə gizli sövdələşməyə getdiyi barədə sübutlar əldə olunarsa, o zaman impiçment gündəmə gələ bilər”.


- İçində rus politoloqlar da olmaqla bir sıra politoloqlar artıq Trampın impiçmentinin reallaşacağını biildirirlər. Trampı əvəzləyəcək olan vitse prezident Maykl Pens kifayət qədər anti-rus mövqeyi ilə seçilir. Və hadisələrin gedişindən belə görünür ki, ABŞ-ın siyasi və hərbi isteblişmenti Qərbə açıq meydan oxuyan Putuini məğlub etməkdə qərarlıdırlar. Bu barədə nə deyə bilərsiniz? Putinlə ABŞ isteblişmentinin savaşı, həmçinin Putinin məğlubiyyəti dünyaya yaxın illərdə nə vəd edir?

- Xüsusi prokuror Robert Müllerin apardığı istintaq çərçivəsində artıq real hüquqi addımların atılmasına başlanıb və ilk nəticələr var. Bu həftə Trampın seçki qərargahının rəhbəri olmuş siyasi texnoloq, iş adamı Pol Manafort və onun keçmiş biznes şəriki Rik Geytsə qarşı rəsmi ittiham elan olundu və onlar məhkəmənin qərarı ilə ev dustağı edildilər. Lakin ittihamlar Trampın seçki qərargahının Rusiya ilə əlaqələri barədə deyil və bu şəxslərin offşor zonalardakı əməliyyatları, çirkli pulların yuyulması, vergidən yayınma və digər əməlləri haqdadır. Üzə çıxan faktlar və irəli sürülən ittihamların birbaşa Trampla bağlılığı olmadığı üçün impiçment üçün əsas yoxdur. Bu məsələ hələ ki real deyil. İstintaqın gedişini gözləmək lazımdır. Demokratlar da gözləmə mövqeyinə üstünlük verir. Müllerin təhqiqatının bundan sonrakı mərhələsi və yekun nəticələri çox önəmlidir. Əgər Tramp və onun yaxın çevrəsinin Rusiya ilə gizli sövdələşməyə getdiyi barədə sübutlar əldə olunarsa, o zaman impiçment gündəmə gələ bilər. Lakin bu halda da siyasətçilərin mövqeyi həlledici olacaq. Hər şey Konqresdəki əhval-ruhiyyədən asılıdır.  

Şahin Cəfərli: “Moskva onu da yaxşı bilir ki, ABŞ-da prezident geniş səlahiyyətlərə malik olsa da, hər şeyi həll etmir”.


- Rusiya Trampı prezident etmək üçün ABŞ seçkilərinə müdaxilə etməsəydi və Klinton prezident seçilsəydi, Rusiya üçün nəticələr indiki olduğu kimi dəhşətli neqativ ola bilərdimi?

- Açığı, mən Rusiyanın, konkret desək, Putinin Hillari Klintonun prezident seçilməsi ehtimalından niyə bu qədər qorxduğunu hələ özüm üçün tam aydınlaşdıra bilməmişəm. Şübhəsiz ki, Putinin əlində ciddi kəşfiyyat məlumatları var və o, öz siyasətini bu məlumatlar əsasında müəyyənləşdirir. Belə bir iddia var ki, H.Klinton prezident seçildikdən sonra Rusiyada daxili siyasi vəziyyətə ciddi müdaxilələr edərək bu ölkədə çevriliş təşkil etməyə çalışacaqdı. Bu iddianın nə dərəcədə doğru olduğunu bilmirik. İstənilən halda, Rusiyanın ABŞ kimi dövlətin daxili məsələlərinə və orada müqəddəs sayılan demokratik seçki prosesinə müdaxilə etməsi, tərəflərdən birini dəstəkləməsi anlaşılan və rasional addım deyil. Çünki Rusiya kimi təcrübəli dövlət çox yaxşı bilir ki, ABŞ bu cür addımları cavabsız qoya bilməz. 

Eyni zamanda, Moskva onu da yaxşı bilir ki, ABŞ-da prezident geniş səlahiyyətlərə malik olsa da, hər şeyi həll etmir. Dediyim kimi, bu məsələ mənim üçün bir qədər qaranlıq qalıb. Ona görə də Klinton seçilsə, Rusiya üçün indikindən daha pis olacaqdı və ya əksinə, indikindən yaxşı olacaqdı deməyə çətinlik çəkirəm.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar