Çərşənbə axşamı, 21 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

5 milyon avro mükafat alan azərbaycanlı professor danışdı: "Məbləğin hamısını..."

Danimarkada yaşayan alim Məsud Aşina: Missiyam miqrenin şifrəsini çözməkdi"...

PİA.az Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina ilə müsahibəni təqdim edir:

-Lundbeck Fondu-nun professor mükafatını qazanan 6 qalibdən biri və dünyanın professional çevrələrini belə təəccübləndirən məbləğdə qrant alan alim kimi, hazırkı fəaliyyət istiqamətinizin nə olduğunu oxucularımıza qısaca təsvir edə bilərsinizmi?

-Mənim işim və missiyam – miqrenin altında yatan səbəblərin tapılması, molekulyar mexanizmlərin şifrəsinin çözülməsidir. Bunların nəticəsi kimi biz, miqreni və onun pristup sıxlığını azaltmağa kömək edəcək yeni, farmokoloji müalicə üsullarını tapa, bununla da xəstələrin həyat keyfiyyətini yaxşılaşdıra bilərik.

Miqren mürəkkəb, ağır xəstəlikdir. Dünyada yarım milyard insan bu xəstəlikdən əziyyət çəkir. «The Lancet» jurnalının qlobal hesabatına görə dünya üzrə 19-49 yaş arası və əsasən qadınlarda görülən bu xəsətlik, sıx rastlanan xəstəliklər sırasında birinci yerdədir. İnsanlar, necə deyərlər həyatlarının baharında, ailə qurduqları, işləməyə başladıqları yaşda miqren ucbatından funksionallıqlarını itirirlər. Məqsədimiz milyardlarla insanın bu dəhşətli ağrısını azaltmaq, onların həyat keyfiyyətini qaldırmaqdır. Bütün günü yatılı vəziyyətdə qalan, işıqdan, səsdən qorxan, ürəyi bulanan insanı təsəvvür edin. O hər ay təqvimdən 2-3 gününü silib atmalıdır. İldə bir ayın itirilməsi deməkdir. Hələ bu, minimumdur, çünki mənim pasientlərimin çoxu ortalama ayda 8 gün miqrendən əziyyət çəkir. Onlar bir ildə üç ay itirirlər. İndi isə onların ağrılarının 50%, ya heç olmasa 30% azaldığını düşünün, görün məhsuldarlıq necə artacaq.

Azərbaycandakı mənzərə isə bundan ibarətdir – ölkənin 10%-i, qadınların isə 25%-i bu vəya digər sıxlıqda miqrendən əziyyət çəkir.

-Mükafat apardığınız tədqiqatlara dəstək olmaq üçün verilib?

-Tamamilə doğrudur. Bu mükafatı qazanmağımız ilk növbədə xəstələrin uğurudur, onların problemlərinin rəsmən tanınmasıdır. Miqren artıq adi bir başağrısı deyil, mükafat bunun təsdiqidir. Həmçinin neyroelmin bütün qalan sahələri üçün də böyük prestijdir.

-Sizdən əvvəl hansısa sahəyə 5.3 milyon euro vəsait ayrılıbmı?

Dünya elmində, bu qədər vəsaitin sırf bir xəstəliyin araşdırılmasına görə birdən və bir fərdə verilməsi hadisəsi mənə məlum deyil. Avropa Beyin Şurası adlı bir orqan var, onların hesabatında fondların bu sahəyə nə qədər qrant ayırdığına dair statistika var, burada göstərilir ki, miqren xəstəliyi hər zaman axırıncı sıralarıda dayanıb. Ona görə böyük uğurdur deyirəm və öz sahəmə görə çox sevincliyəm. Bu, həm də həmkarlarım, bu sahəni öyrənən həkimlər, alimlər üçün pozitiv siqnaldır, əlavə stimuldur. Miqrenin genetik aspektlərini tədqiq edən alimlər üçün burada fürsətlər yaranır. Artıq hər bir ölkədə bu problem qabardıla, ona diqqət çəkilə bilər. Birlikdə çox şeyə nail ola bilərik.

-Xəbər yayılandan sonra pulun taleyi ilə maraqlanan şərhlər də yazıldı. Narahat olanlar, ümumiyyətlə maraqlananlar üçün vəsaitin hara və necə xərclənəcəyi ilə bağlı məlumat da verərdiniz.

Bütün məbləğ Kopenhagen Beyin Mərkəzindəki laboratoriyalarımızda, tədqiqatlarımızda xərclənəcək. Dövri hesabatlarımızı, əldə olunan nəticələr haqda xəbərlərimizi, çəkəcəyimiz animasiya filmlərimizi Avropa və dünya ilə paralel AzLogos üzərindən, azərbaycan dilində də paylaşacağıq. Sahəmizlə maraqlananlar altı il boyunca komandamızın fəaliyyətini, bütün prosesi izləmək imkanı əldə edəcəklər. Qısaca, belə. Yox, daha detallı maraqlananlar varsa, onlar üçün də deyim ki, burada məqsəd elmi fəaliyyət, həm də yeni kadrların yetişdirilməsi, sahənin gücləndirilməsidir. Bu pul bizə imkan verəcək ki, artıq fəaliyyət göstərən həkimlərin, özlərinə baza yaratmaq istəyən mütəxəssislərin özlərini reallaşdırmaq şansı yaransın. Əlbəttə, bu pulun bir hissəsini mən onlara verəcəyəm ki, karyeralarında tramplin kimi istifadə etsinlər. Yəni, bu pul yalnız öz araşdırmalarıma xərclənməyəcək, araşdırma aparan həmkarlarım, assistentlərimin irəliləməsinə də yönəldiləcək.

Uğurlarımı bütün komandamla bölüşürəm. Son 15 ildə bu istiqamətdə dayanmadan çiyin-çiyinə işlədiyim həmkarlarımın, assitentlərimin əməyi, dəstəyi, fədakarlığı olmasaydı, mənim üçün çox çətin olardı. Rəhbər olsan da, komanda üzvlərində həvəs və məqsədyönlülük yoxdursa, heç bir şeyə nail ola bilməzsən.

-Elə təəssürat yaranır ki, Danimarka və beyin artıq sinonimə çevriliblər.

-Səhv təəssürat deyil, daha doğrusu tamamilə haqlı eyniləşdirmədir. Danimarka azad, müstəqil tədqiqatları daim diqqətdə saxlayır, elmi araşdırmalara böyük əhəmiyyət verir. Bu ölkədə tədqiqatçıları çərçivəyə salmırlar, alim hansı sahədə işləmək istəyirsə görəcəyi işə görə də qrant alır. Sən öz ideyalarını heç kimə uyğunlaşdırmağa məcbur deyilsən, təklifi verən tərəf sənsən, ideya sənindir, imkan isə onlardan. Bu, Danimarka ənənəsidir. Hətta ABŞ-da Danimarkada olduğu səviyyə və həcmdə qrantlar, mükafatlar yoxdur. Bütün məsuliyyətimlə deyirəm. Danimarka liderliyə oynayır və dorğudan da liderdir. Öz sahəmə görə əminliklə deyə bilərəm ki, beyinin öyrənilməsi, yeni texnilogiyalar sahəsində Danimarka rəqibsizdir. Danimarka elm və texnologiyalar ixrac edir. Danimarkada yaşamaq, imtiyazdır.

-Avropada yaşayan bir həkim dostumuz hadisəni belə şərh etdi ki, bu mükafat Nobel öncəsi verilən mükafatdır, sanki onun ilk ayaq səsləridir. Doğrudan da miqrenin şifrəsini çözmək işində hansısa nailiyyətinizə görə Nobel-i ala bilərsiniz?

-Banallıq deyəcəm, amma alim Nobel mükafatı almaq üçün elmə həyatını həsr etmir. Ən əsası, bu haqda hansısa fərziyyə irəli sürmək də imkansızdır. Çözmək istədiyim sirlər var, çalışırıq suallarımıza cavab tapaq. Görək zaman nə göstərəcək.

-Xəbərin Azərbaycanda sevinclə qarşılanması, bir çox agentlik, sayt tərəfindən yayılması sizin üçün sürpriz oldumu?

-Azərbaycanda bu hadisəni sevinclə qarşılayanlar çox haqlıdır. Onlar həm tibb dünyası, elm adına sevinirlər ki, beyin tədqiqatları sahəsində çox ciddi nailiyyətlər var və gözlənilir, həm də bir fərdə verilən ən irihəcmli qrantın azərbaycanlının almasına sevinirlər. Mən, Azərbaycan Tibb Universitetinin məzunuyam, vətənə bağlı adamam, odur ki, insanlar emosiyalarında haqlıdır.

Yalnız, çox istərdim ki, bütün bu araşdırmalar, təhsil, imkanlar Azərbaycanda da olsun. Azərbaycan özünü, kimliyini saxlayaraq, dünya elm və kültür sahəsinə tam inteqrə olmalıdır. Prezident İlham Əliyevin BDU-dakı çıxışından başa düşülən də budur. Kurs bəllidir, kursun özündə heç bir problem yoxdur, detallarda mübahisələr ola bilər, onlar da normaldır və lazımdır.

-İllər əvvəl, Kopenhagendə mənə qəti surətdə bildirmişdiniz ki, bir online platforma yaradılmalı və orda ciddi diskussiyalar aparılmalıdır. AzLogos-un hekayəsi belə başladı. Bu gün (12 dekabr 2019-red.) AzLogos-un bir yaşı tamam olur. Mükafatı almağınız və bu müsahibəyə razılaşmağınız ilə bizə ən böyük hədiyyəni vermiş oldunuz. Razısınız AzLogos-dan?

-AzLogos-un auditoriyası – düşünən bütün azərbaycanlılardır. Plankamız yüksək qalacaq, tələbə kontingenti başda olmaqla oxuyan, araşdıran azərbaycanlılar üçün anlaşıqlı, maraqlı sayt yaradacağıq demişdik. Redaksiyanı təbrik edirəm, layihə alınmışdır. Komanda bundan sonra da entuziazmını itirməməli, ruhdan düşməməlidir, həyatda problemlər bitən deyil. AzLogos üzərinə çox ağır bir missiya götürüb və çətinliklərə hazır olmalıdır.

İndi bizim hədəfimizdə saytın rus və ingilis dillərində yaradılması durur. Dünyaya haqqımızda səhih məlumat çatdırılmalıdır. Hər bir işimizdə, Azərbaycanın maraqları hər zaman ilk sırada dayanmalıdır. Özünü bilən, özünə hörmət edən hər bir düşünən kəs, ölkəsinin taleyinə biganə qalmaz. İntellektual potensialımızı xarici dünyaya açmalıyıq. Azərbaycanda kültür, elm sahəsində nələr yaşanır, solçular-sağçılar nə düşünür, nə istəyir, dünyanı necə təhlil edirlər, bəşəriyyəti narahat edən problemlər haqda nə düşünürlər, Azərbaycanın yerini hər kəs özü üçün necə müəyyən edir? Bütün bunlar beyin mərkəzləri, ilk növbədə isə özümüz üçün vacibdir. Ona görə də madam ki, AzLogos-un indiki komandası qədər ingilis və rusdilli potensalı da var, o zaman onu da hərəkətə keçirmək və AzLogos komandasını böyütmək lazımdır.

-Xaricdə yaşayan azərbaycanlıları, Azərbaycana çəhrayı eynəklə baxmaqda ittiham edirlər.

-Əlbəttə ki, Azərbaycanda yaşayanla xaricdə yaşayan arasında ölkəni dərketmədə, qiymətləndirmədə fərqlər olacaq. Buna baxmayaraq, Azərbaycanda bu gün yaşanan dəyişikliklər, gedən proseslər yalnız və yalnız müsbət işarə ilə qiymətləndirilə bilər. Bu mənim şəxsi mövqeyimdir ki, bütün bu dəyişikliklər nəticədə təhsildə və kültürdə inkişafa gətirib çıxaracaq. Mən buna inanıram. Təhsilə, elmə, innovasiyalara yatırımlar etmək üçün Azərbaycan iqtidarında siyasi iradə və imkanlar var və bunlar olacaq. İndi əsas məsələ bütün müsbət başlanğıclarda prezidentə dəstək olmaq, ona motivasiya vermək və ölkədə mənfi olan, düzəldilməsi gərəkən məsələlərə işıq tutmaqdır. Bu qədər sadə. Mətbuatın, intellektualların missiyası da bu olmalıdır. Siyasət də modernləşməli, sivilləşməli və nifrət dilindən imtina etməlidir. Bizim daha ciddi işlərimiz və problemlərimiz var, belə boş-boş işlərə vaxtımız yoxdur.

-Maarifçi diktatura üçün əsas varmı?

-Mən buna niyyətin, dönməzliyin və qanunun vəhdəti deyərdim. Buna ehtiyac var. Bizdə zəngin resusrlar var. İnanıram ki, proseslər gedir, nəsə eləməyə çalışırlar, amma daha da intensivləşdirmək lazımdır. Tək mən yox, başqa ölkələrdəki azərbaycanlı dostlarımız, alim kolleqalarımız Azərbaycana gəlmək imkanını həmişə öz təcrübələrini bölüşmək üçün fürsətə çevirirlər. Biliyimizi, trəcrübəmizi zaman-zaman soydaşlarımızla paylaşmaq, onlara karyera qurmaqda yardımçı olmaq, istiqamət vermək bizim üçün həm şərəf, həm də vəzifədir. (azlogos)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Məsud Aşina

Şərh yazın.


loading...

Ən çox oxunanalar