Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 iyun qiyamından 25 il ötdü - yeni təfərrüatlar


Elçibəyin köməkçisi Oqtay Qasımov: “Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”


1993-cü ilin 4 iyun qiyamından 25 il ötür. AXC hökumətinə qarşı qaldırılan və Azərbaycanda ciddi siyasi dəyişikliklərə səbəb olan bu qiyamın üzərindən keçən müddət ərzində hər il yeni-yeni faktlar, mövqelər meydana çıxır.

4 iyun qiyamı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.

Məhz bu hadisələrin nəticəsində 25 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib, amma ölkədə hakimiyyət dəyişiklikliyinin qarşısını almaq mümkün olmayıb.

Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu məsələni yalnız bir hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması kimi qiymətləndirməyin əleyhinədir: “Bu qiyam böyük bir planın tərkib hissəsi idi. Planı hazırlayan böyük dövlətlər, qüvvələr bəllidir. Bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Rusiyanın o zaman  Azərbaycan ordusunun tərkibinə təsir imkanları kifayət qədər yüksək idi. O vaxt ordu yeni qurulmağa başlayırdı və bu ordunun zabit hissəsinin bütövlükdə yüzdə yüzü sovet ordusuna xidmət etmişdi. Belə zabitlərin mütləq əksəriyyəti bu və ya digər formada Rusiya kəşfiyyatı ilə əlaqələri var idi. Amma o zabitlərdən vətənpərvər, vətənini ürəkdən sevənlər də az deyildi. Onların xidmətlərinə, əməklərinə, millətə və dövlətə olan sevgilərinə kölgə salmaq niyyətində deyiləm. Lakin qeyd etdiyim qurumlarla bağlılığın olduğu danılmaz faktdır. Siyasi hakimiyyət bu qiyamın qarşısını ala bilərdimi, yaxud hansısa addımlar atmalı idimi suallarına gəlincə, təbii ki, bu addımlar atılmalı idi. Amma bir reallığı unutmaq olmaz ki, dövlət strukturlarımız qurulmuş olsaydı, bugünkü dövlət mexanizmi o zaman işlək vəziyyətə gəlib çatsaydı, hüququ mühafizə orqanları Azərbaycan dövlətinə və ona rəhbərlik edənə sədaqətli olsaydı, qiyamın qarşısını almaq mümkün idi. 1993-cü ildə Azərbaycanda dövlət quruculuğu elan olunmuşdu. Dövlət strukturları formalaşmaqda idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlətin sadəcə adı var idi. Strukturlar olmadığı, vətənpərvər insanların sayı az olduğu üçün belə bir qiyamın qarşısını almaq mümkün olmadı. Gəncəyə qiyamçıları tabe etməyə gedən güc strukturlarının nümayəndələri daha peşəkar, təcrübəli, qətiyyətli hərəkət etsəydilər, nəticə fərqli ola bilərdi. Sədaqətli insanların peşəkarlığı, təəssüflər olsun ki, çox aşağı idi. Təcrübəlilərin isə dövlətə və millətə sədaqəti aşağı səviyyədə idi. Məsələnin ən çox diqqətçəkən məqamı bundan ibarətdir. Qeyd etdiyim səbəblər bu qiyamın qarşısının alınmamasında əsas rol oynadı. O hadisələrin qarşısının alınmamasına görə hamımız təəssüf edirik. Kaş o zamankı güc strukturları dövlət mənafeyini daha yüksəkdə tutmaq istəyərdilər, xarici kəşfiyyat orqanları ilə əlaqələri olmayaydı”.

O.Qasımov Elçibəy hökumətinin rus qoşunlarını Azərbaycandan çıxarmasının 4 iyun qiyamına əsas səbəb olan amil kimi önə çəkilməsinə də aydınlıq gətirdi: “O zaman Elçibəylə bağlı Rusiyanın mövqeyi tam fərqli idi. 1992-ci ilin dekabrında Azərbaycandakı rus səfirinin Moskvaya göndərdiyi bir raport var idi. O raportda qeyd edirdi ki, əgər Əbülfəz Elçibəyin apardığı müstəqil siyasətə əngəl törədilməsə, bu siyasət davam edərsə, yaxın 2-3 il ərzində Azərbaycan tamamilə müstəqil dövlət halına çatacaq, onun digər postsovet ölkələrinə bu mənada neqativ təsirləri ola bilər və bunun üçün də proseslərin qarşısı alınmalıdır. Kreml Elçibəyin müstəqil siyasət aparmasından və dövlət maraqlarını önə çəkməsindən xoşlanmırdı. Bunun qarşısını almaq üçün də hərəkətə keçdi. Nəticədə bir sıra planlar qurdu, bunu həyata keçirməyə çalışdı. Kəlbəcərin işğalı bununla bağlı idi. Elçibəy iqtidarını zəiflətmək və hakimiyyətdən salmaq üçün edilən həmlələrdən biri idi. Bu işğalın ardınca belə bir qiyam təşkil olundu. Kəlbəcərin işğalından sonra Rusiyanın Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşü olmuşdu. Həmin görüş zamanı bir ifadə olmuşdu ki, Kəlbəcər zərbəsinə tab gətirə bildiniz, amma qarşıda siz vətəndaş müharibəsi ilə qarşılaşsanız nə edəcəksiniz? Bu onu göstərir ki, Rusiyanın burada təxribat planları var idi və bu planlar üzərində ardıcıl işlər gedirdi”.

Prezidentin sabiq köməkçisi AXC hökumətinin qiyam rəhbəri S.Hüseynova milli qəhrəman adı verməsindən də söz açdı: “Surət Hüseynova milli qəhrəman adı 1992-ci ilin payızında verildi. 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin bəyanatı oldu və o bəyanatda Surət Hüseynovun Ağdərə istiqamətində qoşunların geri çəkilməsi haqqında verdiyi sərəncam xəyanət kimi qiymətləndirilib”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar