Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

Tam 39 il əvvəl bu gün Türkiyədə hərbi çevriliş baş vermiş və ABŞ-ın xeyir duası ilə Türkiyədə xunta qurulmuşdu...

Efirdə faşizmin elçiliyini edən Kənan Evrən bir gecədə Türkiyəni Pinoçetin Çilisinə necə çevirdi?

İkinci Dünya Müharibəsindən sonra dünya cəbhələrə bölünürdü. İsti döyüş cəbhələri yerini siyasi dinamizmə, yəni sağ-sol mübarizəsinə buraxmışdı. Müharibəni izdirabını çəkməyənlər isə bu dinamizmdən öz nəsibini alacaqdı. Latın Amerikadan sonra oxlar ərafda qalanlara yönəlmişdi.

70-lərin dünyası qan gölünü xatırladırdı

1973-cü il sentyabrın 11-də Çilinin demokratik yollarla seçilmiş ilk marksist prezidenti Salvador Allendeyə qarşı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dəstəyi ilə hərbi xunta təşkil olundu. Xuntanın öndəri təzəlikcə ordunun başına keçən Auqusto Pinoçet idi..

Allende əsgərlərin “təslim ol” əmrinə tabe olmadı və elə öz iş kabinetində intihar etməyi daha şərəfli sayaraq özünü şəxsi silahı ilə vurdu. Soyuq müharibənin “istiliyi” yenə Latın Amerikada hiss olunurdu, amma Çilidə baş verənlər tamamilə fərqli olacaqdı...

Bu hadisədən sonra Pinoçet ordunun başında 25 il, Çilinin prezidenti olaraq isə 17 il hakimiyyətdə qaldı. Missiyası sadəcə Çilini Qərb blokuna cəlb etmək deyildi, ən əsası iqtisadçı Milton Fridmenin “Şok doktrina”sını da ilk dəfə dünyaya göstərəcəkdi. Çili Neoliberalların “laboratoriya”sına çevrilmişdi..

Qanlı dönəm ərzində 3200 nəfər öldürüldü, on minlərlə adam həbs edildi, yüz minlərlə adam ölkəni tərk etmək məcburiyyətində qaldı. Ölkədə fövqəladə hal elan olundu və Pinoçet Konstitusiyanı hökmsüz saydı.

Prosses öncəsində Amerikadan da aşikarə səslə yüksəlməyə başladı. Ağ Evdə dönəmin Milli Təhlükəsizlik müşaviri olan Henri Kissincer Ağ Evin mövqeyini belə bildirmişdi:

“Çili xalqının məsuliyyətsizliyinə görə bir ölkənin kommunist olmağına tamaşa edə bilmərik. Məsələlər, seçicilərin qərarına buraxılmayacaq qədər önəmlidir”.

Baş verənlər təkcə meydanlardakı ölümlər deyildi. Amerikan höküməti Kuba məsələsinin bir daha baş verməməsi üçün Fridmenin nəzəriyyəsini sınayırdı, iqtisadi olaraq daralmaların yanında hökümət əleyhdarlarına böyük miqyasda pul axını başlamışdı. Əsas məqsəd Allendenin kollektivləşdirməsinin əksinə tam vəhşi kapitalizmi insanlara hiss etdirmək idi.

Fridmen bu nəzəriyyəni “kommunistlər” üçün düşünülmüş ən yaxşı “müalicə” sayırdı, adını da “şok müalicə”si qoymuşdu. Nəticə etibarılə minlərlə insanın qanı 1976-cı ildə Milton Fridmenə İqtisadiyyat üzrə Nobel mükafatını qazandırdı. Fridmenin “şok”u sınaqdan uğurla keçmişdi və növbəti stansiya Türkiyə olacaqdı..

Türkiyədə xaosun qapıları açılır...

Çilidə əsgərlər küçələri qana boyayanda Türkiyənin siyasət meydanların Dəmirəl – Əcəvit davası gedir, əsl meydanlar isə sağ-sol davalarına hazırlaşırdı. Bir tərəfdə MHP-nin ülkü ocaqları, digər tərəfdə isə heç vaxt birləşə bilməyən radikal solun gücü artmaqda idi. Həmin dövrlərdə Süleyman Dəmirəl Bülənt Əcəvitə “Bülende” deyərək Allendeni xatırladır və bir növ fəlakət carçılığı edirdi.

Süleyman Dəmirəl də, Alparslan Türkeş də fövqəladə vəziyyətin elan edilməsindən yana idi və bununla da bir növ orduya dəvətnamə göndərirdilər. Generallar da öz tərəflərini seçməyə hazırlaşırdılar.

70-lərin Türkiyəsini xaos bürümüşdü. Əcəvit seçkiləri qazansa da, parlamentdə səs çoxluğuna malik hökümət qura bilmədi Parlamentin etimadsızılığı ilə üzləşən Ecəvittən sonra hökümət qurmaq üçün vəzivələndirilən Süleyman Dəmirəl milliyətçi partiyalarla koalisiya höküməti qurmağı bacardı. “Milli Cəbhə” adlanan bu koalisiya hökümətinin rəhbərlik etdiyi 21 ayda 170 nəfər məchul cinayətlərin qurbanı oldu. 21 ayın sonunda da kojalisiya pozuldu və Dəmirəl parlamentin etimadını ala bilmədi. Dəmirəlin deputatlarını satın alan Əcəvit müvəqqəti hökümətin başına keçdi.

70-lərin sonunda siyasi terror alovlandı

Siyasi meydanlarda gedən bu çəkişmələr və dinamizm küçədəki ölümləri azaltmırdı. Silahlar ziyalılara yönəlmişdi. Əvvəlcə sağçi terror qruplaşdırmalarını araşdıran Bədrətdin Comərd, ardınca Milliyet qəzetinin baş redaktoru Abdi İpəkçi dönəmin ilk qurbanlarından oldu və İllər 1980-ci ilə yaxınlaşdıqca araşdırmaçılar, jurnalistlər bir-bir qurban edilirdi.

Əcəvit isə qanunsuz silah daşımağa qarşı tədbirləri sərtləşdirərək 2 min nəfəri həbs etdirsə də xaosu önləyə bilmədi və əslində başlatdığı repressiya ilə qumbarının fitili çəkmiş oldu.

Həbs edilənlərin azad edilməsi üçün yüzlərlə mitinqlər təşkil olundu və 1978-ci ildə Maraşda yüzlərlə ələvinin qətlə yetirilməsi nəhayətində 13 şəhərdə fövqəladə vəziyyətin elan edilməsi ilə başa çatdı. 1979-cu ildə Məhəmməd Rza Pəhləvinin İrandan qaçmasıyla Türkiyənin önəmi daha da artmışdı və ABŞ bu xaosu Çilidə olduğu kimi öz başına qoya bilməzdi.

Bjezinski çevrilişin qapısını açır

Əcəvit “mülayim” Amerika əlehydarı olduğuna görə, ABŞ gözləri ordunun başındakı adama, yəni Baş Qərargah rəisi Kənan Evrənə çevirdi. ABŞ-da Karter hökümətinin Milli Təhlükəsizlik müşaviri Brezizinski ilə görüşən Evrən mesajı aldı. Mesaj Çilidəki ilə eyni idi: “Sabitlik lazımdır”.

1979-cu ilin Oktyabrındə Əcəvit Baş nazir postundan istefa verdi və Parlament Süleyman Dəmirələ etimad səsi verdi. Dəmirəl “100 günlük” planını açıqladı və anarxiya, inflyasiya kimi problemlərin həll ilə bağlı vədlər verdi. Dəmirəlin vaxt qazandığı bir vaxtda generallar dönəmin prezidenti Fəxri Qorutürkə xəbərdarlıq məktubu göndərdi.

Xunta yoldadır...

Qorutürkün səlahiyyət müddəti bitdikdən sonra ölkənin ən önəmli partiyaları namizədlərini belə müəyyənləşdirməmişdi. Tez-bazar seçilən namizədlərin heç biri seçkini qazana bilmirdi. Məclis dəfələrlə seçimi təkrarladı, amma heç bir halda prezident seçilə bilmədi.

Bunu fürsət bilən Kənan Evrən 11 iyul tarixində “Bayraq Əməliyyatı” adlı hərbi çevriliş planlarını yüksək çinli generallarla müzakirə edir, amma Dəmirəl hökümətinin etimad səsverməsindən keçməsi onları 2 ay gecikdirməli olur.

12 iyul 1980-ci ildə Ordunun Fatsa bölgəsində demokratik yollarla seçilən kommunist bələdiyyə başçısı Fikri Sönməz və 300 nəfər sakin həbs edilir, komendant saatı elan olunur. Çorumda 57 ələvinin “namus, qeyrət” frazası ilə islamçılar tərəfindən öldürülməsinin səs-sədası getməmiş bir ocaq da Orduda qalanır.

Hadisədən 2 ay sonra Türkiyə 12 sentyabr gününə oyanır, artıq radiolarda, efirlərdə, qəzetlərdə Kənan Evrənin səsi eşidilirdi.

Türkiyə tarixindən ləkəsi silinməyəcək bir amerikan əli yenə hər şeyi qarışdırmışdı. Generalın dodaqlarında bir cümlə hecalanırdı: ”Türkiyə Silahlı Qüvvələri itirilmiş dövlət avtoritarlığını bərpa etmək üçün hakimiyyəti ələ keçirmişdir”.

Xuntanın acı-ağrısını hələ də çəkməyə davam edən Türkiyə Kənan Evrənin 7 illik Prezidentliyi dövründə bir çox aktivist gənclərini, ziyalılarını torpağa basdırdı və bu dönəm Anadolu insanına Ərdoğan kimi birini lider seçəcək psixologiyaya qədər gətirdi. Fridmenin “şok effekti” Türkiyədə də uğurlu alınmışdı.

Ziya MEHTİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar