Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“26-lar”ın məzarlığından reportaj - 23 məzarı kim ziyarət edir?..

Bakı komissarları müsəlman, xristian və kimsəsizlərin qəbirlərindən tam aralıda basdırılıb; üstünə daş və güllər qoyulan, sıra nömrəsi olmayan 23 məzarı kimlər ziyarət edir?..

...Bir vaxtlar onlar şəhərin mərkəzində, ən əzəmətli yerlərdən birində uyuyurdular. Onların məzarları üstündəki abidə bərq vururdu, göz deşirdi, Bakıya gələn-gedən hər kəsin diqqətini çəkirdi. Bu gün köhnə nəslin, sovet insanlarının yaddaşında həmin ərazi “26-lar bağı” kimi qalıb. Yeni dövrün gənclərinin və sevgililərin də görüş məkanı olan bu bağ indi “Sahil parkı” adlanır.

“Mən inqilabın sədaqətli əsgəriyəm” deyən Məşədi Əzizbəyov və onunla bərabər güllələnən Bakı kommunasının 25 komissarının heç biri indi “26-lar” bağında uyumur.

Eləcə də “26 Bakı komissarı”na “Sahil” metrostansiyası adı verilib. Yeri gəlmişkən, bu günlərdə sovetdən qalan sonuncu adlar da metrolardan götürüləcək - “Ulduz” və “Xalqlar dostluğu”...

Nə küçə, nə heykəl, nə metro...

Onların adları da küçələrdən, metrostansiyalardan silinib, heykəlləri götürülüb. Daha nə hərbi-inqilab komitəsinin üzvü Meer Basinin adına küçə var (hazırda Füzuli küçəsi), nə Qriqori Korqanov küçəsi (Rəsul Rza) qalıb, nə Əzizbəyov adına metrostansiya, heykəl, nə də Caparidzenin heykəli...

Bir müddət əvvəl “26 Bakı komissarı” küçəsi, ardınca “26-lar” adlı kafenin olması mübahisələrə səbəb olmuşdu.

Sergey Yesenin onlar haqda “26 balladası”nı yazıb, Səməd Vurğun “26-lar” poemasını qələmə alıb. Amma indi onların izi-tozu da qalmayıb. Yerdə qalan isə 10 il qabaq kimsəsizlər qəbiristanlığında basdırılmalarıdır.

Bura Ağcaqum çölü deyil - müsəlman, xristian, kimsəsiz və...

“Burdan iki yol ayrılır. Sağa baxanda görəcəksiniz ki, müsəlman məzarlığıdır. Şəhid qəbirlərinin üstündə bayrağımız da var. Aşağı düşəndə xristian qəbirləridir. Onlardan da aralı sahibsizlər qəbiristanlığıdır.

Bunların heç birinə getmirsiniz, sol tərəfə yuxarı yol qalxır. Düz elektrik stansiyalarının yanı, hasarın dibi ilə hərəkət edin. Hamıdan aralıda, boş bir yerdə onların qəbirləridir" deyə, Hövsan qəbiristanlığının qarşısında gül satan bizə yolu izah edir.

Bura Ağcaqum çölü deyil, nə qatarlar düz gedir, nə də Piter fəhlələri var. Bura, sadəcə, Hövsan məzarlığıdır. Bu nəhəng qəbiristanlıqda müsəlman, xristian, yəhudi qəbirləri ayrı-ayrı istiqamətlərdə salınıb, “26-lar”ın qəbirləri isə tam aralıda, bir-iki daş hündürlükdə tikilmiş çəpərə alınaraq saxlanır.

Bəlkə də onları elə kimsəsizlər qəbiristanlığında ona görə basdırmayıblar ki, itməsinlər, qarışmasınlar, nə vaxtsa tarix üçün yenidən lazım ola bilər. Biz onların qəbirlərinin üstündə qoyulmuş güllər gördük. Güllər təravətini itirsə də, çox köhnə olmadıqları da hiss edilirdi. Görünür ki, “26-lar”ı ziyarətə gələnlər olub.

Üstəlik, bu məzarları tapmaq elə də asan deyil, şəhərdən də çox uzaqdır deyə komissarları yalnız içində xüsusi rəğbəti olanlar, ya da Bakıda yaşayan ermənilər ziyarət edə bilərlər.

Qəbirlər sıra ilə düzülüb, heç birinin məzar daşı yoxdur, adları yazılmayıb, hansı qəbirin kimə məxsus olduğunu müəyyən etmək mümkün deyil. Hər bir qəbirin üstündə daş qoyulub. Onların sayı cəmi 23-dür. Yəni, 3 komissarın qalığı tapılmayıb.

Bu qəbirlərin ətrafında heç bir məzarlıq yoxdur. Xristian, müsəlman və kimsəsizlərin qəbirlərində uzaqda yerləşdiyinə görə kimdən soruşanda komissarların ünvanını dərhal göstərə bilir. Qəbirlərin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb. Başqa sahibsiz qəbirlərdə müsəlmanlar başı qibləyə, xristianlar isə əks istiqamətdə basdırılıb. Lakin azərbaycanlı, rus, erməni və s. millətlərdən olan “26-lar”ın hamısı eyni istiqamətdə dəfn edilib. Bu istiqamətin təxminən qiblə tərəf olduğunu müəyyən etmək mümkündür. Əksər qəbirlərin üstündə güllərin olması isə qayıdarkən yolboyu adamı düşündürürdü: görəsən, bura gələn kimlər olub?

Həmkarımla söhbətimizdə isə deyirik ki, “Kim bilir, bəlkə də Şaumyanın ruhu buralarda dolaşır...”

Qəbri olmayan üç erməni kimdir?

Onlar 12 yanvar 2009-ci ildə bura köçürülüblər. Uzun müddət baxımsız qalan “26 Bakı komissarı” Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülüb.

Komissarların qalıqlarının başqa yerə köçürülməsi zamanı qəbirdə yalnız 23 nəfərin cəsədinin olması aşkarlanır.

Ekspertlərin apardıqları araşdırmalar zamanı cəsəd qalıqlarının yaşının 20-50 arasında olması təsdiq olunub. Onlar 3 qrupa bölünüb. I qrupa aid olanların sayı 11-dir.

O qədər də şəxs 30-39 yaş arasında olublar. Cəsəd qalıqlarından yalnız birinin 40-49 yaş arasında olması bəlli olub. 26 komissar kimi güllələndiyi iddia edilən şəxslər arasında sonuncu qrupa düşənlərin sayı 3 olmalı idi.

Bunlar Stepan Şaumyan (40 yaş), Məşədi Əzizbəyov (42 yaş) və Tatevos Amiryan (45 yaş) olmalı idilər.

Anatomik tədqiqatlar isə qəbirdən çıxan sümük qalıqarının böyük dəqiqliklə Əzizbəyova aid olmasını sübut edib. Cəsədlər arasında Şaumyan, Əmiryan və Avakyanın qalıqları tapılmayıb. Bu isə həmin şəxslərin qaçması haqqında məlum olan şayiələrin heç də əsassız olmadığını deməyə imkan verir. 26 yanvar 2009-cu ildə komissarların cəsədlərinin qalıqları müsəlman, xristian və yəhudi dini icmalarının iştirakı ilə Hövsan qəbiristanlığında dəfn edilib.

Şaumyan Hindistanın Mədrəs şəhərində?

Şaumyan, Əmiryan və Avakyanın isə Hindistanın Mədrəs şəhərindəki qəbiristanlıqda dəfn olunduqları tarixi məlumatlarda keçir. AMEA-nın Ədəbiyyat və Tarix İnstitutlarının alimləri skeleti tapılmayan üç nəfərdən birinin Bakı Komissarlarının başçısı Stepan Şaumyan olduğunu deyiblər.

Şaumyanın nəvəsi, Moskva Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun hind araşdırmaları mərkəzinin rəhbəri Tatyana Şaumyan Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibədə, babası da daxil olmaqla, 26 Bakı komissarlarının hamısının “Sahil bağı”nda dəfn edildiyini iddia edib.

Filologiya elmləri namizədi Asif Rüstəmli iddia edirdi ki, Şaumyan digər komissarlarla birgə Ağcaqum çölündə güllələnməyib, o, Anastas Mikoyanın köməkliyilə güllələnmədən canını qurtarıb.

Əksər alimlər Şaumyanın ingilis kəşfiyyatının köməyilə Amerikaya, oradan isə Hindistana qaçdığını deyir.

Bəzi şahidlər isə iddia edir ki, vaxtilə Ermənistan televiziyasında Şaumyan haqqında veriliş hazırlanıb və burada onun Hindistandakı məzarı göstərilib.

Şahidlər, həmçinin, Şaumyanın Bakıda 26-ların şərəfinə ucaldılan abidəni ziyarət etdiyini gördüklərini də iddia edirlər.

Bunlar bəlkə də adicə bir şayiədir, elə bir şayiə ki, onun yalan olduğuna çox az adam inanır.

Üstəlik, “26-lar”ın gerçək sayının bu rəqəmdən artıq olduğu bildirilirdi. Ola bilməzdi ki, gəmidəki və sonra qazamatdakı olaylarla bağlı Mikoyanın “Georgi xaçı” taxmış erməni ilə və ingilislərlə təması, danışıqları olmasın - nəticələr bunu təkzib edir...(yeni musavat)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar