Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci il seçkiləri Azərbaycana canlanma gətirəcəkmi?


İqbal Ağazadə: “2018-ci ildə prezident seçkiləri olacağını indidən proqnozlaşdırmaq çox çətindir”; Sərdar Cəlaloğlu: “Siyasi liderlər, partiyalar və xalqda prezident seçkiləri ilə bağlı heç bir pozitivlik yoxdur”


Bildiyimiz kimi, gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək.

 Amma ötən ilin sentyabrında ölkə konstitusiyasına referendum yolu ilə edilən əlavə və dəyişiklikləri düşünsək, seçkilər tez də ola bilər, vaxtında da keçirilə bilər. 

Növbəti seçkilərlə bağlı müzakirələrdən biri də son prezident seçkilərindəki aktivliyin olub-olmayacağı ilə bağlıdır. Bu sualların yaranmasına səbəb isə hazırda ölkə müxalifətinin passivliyi, pərakəndə şəkildə fəaliyyət göstərməsidir.

Xatırlayırsınızsa, 2013-cü il seçkilərinə bir il qalmış artıq demokratik düşərgə proseslərə start vermiş, öz namizədlərini elan etməyə başlamışdı. Xüsusilə, seçki prosesi həmin ilin yayında daha da canlanmış, müxalifətin böyük kəsiminin birləşdiyi Milli Şura yaradılmış, əvvəl kinorejissor Rüstəm İbrahimbəyovun vahid namizədliyi irəli sürülmüş, onun ölkəyə gəlməsinin mümkünsüzlüyündən sonra isə tarixçi-alim Cəmil Həsənli ölkə rəhbərliyinə iddiaçı kimi önə çəkilmişdi.

Siyasi ekspertlərin də məsələ ilə bağlı fikirləri birmənalı deyil. Onların bir qismi hazırda davam edən iqtisadi böhranın olduğunu qeyd edərək, bu amilin canlanmaya səbəb ola biləcəyini vurğulayırlar. Bunun əksini deyənlər isə xalqın mövcud situasiya ilə barışdığını bildirir, ona görə də heç bir canlanmanın olmayacağını söyləyirlər.

Son prezident seçkilərində namizəd olan, Ümid partiyasının sədri İqbal Ağazadə bildirdi ki, seçkilərin nə zaman olacağı hələ dəqiqləşməyib: “Bilirsiniz ki, 2016-cı ilin sentyabrında keçirilən referendumdan sonra prezidentlik müddəti 7 ilə qaldırılıb. İddia oluna bilər ki, bu müddət 2018-ci ildəki seçkilərdə prezident olan şəxsə şamil oluna bilər. Lakin Azərbaycan Konstitusiyasına əlavə olunan müddəaların nə zaman qüvvəyə minəcəyi qeyd olunmayıb. Məsələn, bu günlərdə Türkiyədə referendum keçirildi və prezident üsul-idarəsinə keçid oldu. 
Orada göstərildi ki, bu dəyişiklik 2019-cu ilin martından qüvvəyə minir, yəni o dövrdən sonra keçiləcək. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunarkən orada prezidentlik müddəti var idi, iki dəfədən artıq seçilə bilməməsi göstərilmişdi. Həmin müddəa ilə bağlı əlavə bir qeyd var idi ki, bu tarixdən sonra seçilən prezidentlərə şamil olunur, yəni əvvəl seçilənlərə şamil edilmir. Amma indi edilən dəyişikliklərin heç birində belə xatırlatmalar yoxdur. Bu baxımdan 7 illik prezidentlik müddətinin indiki prezidentə şamil olunub-olunmayacağı ilə bağlı siyasi dairələrdə müzakirələr var. Ona görə də, 2018-ci ildə prezident seçkiləri olacağını indidən proqnozlaşdırmaq çox çətindir. 

Hesab edirəm ki, bu barədə fikir yürütmək bir qədər tezdir. Amma hər halda gələn il seçki olacaqsa, zaman var. Yəqin ki, müxalif camiə bununla bağlı düşünəcək, ya ortaq, ya da fərqli qərarlar ortada olacaq. Hələ ki konstitusiyasının bu bəndi ilə bağlı tərəddüdlərin ortada olduğunu demək mümkündür. Bir faktı da qeyd edim ki, bütün hallarda siyasəti aktivləşdirən faktorlar var. Bunlardan biri də sosial-iqtisadi siyasətdir. Bu siyasət də dinamikanın artdığı bir müddətdə seçkilərə və proseslərə əlavə çalarlar qatacağı və xüsusi bir rol oynayacağını danmaq qeyri-mümkündür. Sosial-iqtisadi durum, devalvasiya, manatın qiymətdən düşməsi 2013-cü ilə nisbətdə kifayət qədər ciddi rol oynayan faktorlardan biridir”.

2013-cü il seçkilərində daha bir iddiaçı, ADP sədri Sərdar Cəlaloğlu bunları düşünür: “Seçkilərdə iştirak etmək siyasi effektlik baxımından qeyri-müəyyəndir. Ola bilər ki, seçkilər yaxınlaşdıqca müəyyən şərtlər yaransın, siyasi partiyalar da seçkilərə girişsinlər. Amma indiki halda demək mümkündür ki, siyasi liderlər, partiyalar və xalqda prezident seçkiləri ilə bağlı heç bir pozitivlik yoxdur. İnsanların proseslərə reaksiyaları əsasən bunlardır, müqavimət göstərmək, uyğunlaşmaq, bir də qaçmaq. Azərbaycandakı ağır iqtisadi böhranda xalq uyğunlaşma yolunu seçib, qaçma yolunu seçənlər də var. Bunu bəzi şəxslərin ölkəni tərk etmələri faktı ilə sübut edə bilərik. Müqavimət göstərmək istəyən təbəqə isə sıfır vəziyyətdədir. Bu baxımdan böhran nə qədər dərinləşsə də, bunun siyasi sahədə dəyişikliklərə səbəb olacağı görünmür. Əgər böhran ölkədəki insanların siyasi fəallığına səbəb olacaqsa, məntiqlə ən ağır vəziyyətdə olan Afrika, Asiya ölkələrində gündə bir inqilaba rast gələrik. Amma görürük ki, bu ölkələrdə heç bir siyasi fəallıq yoxdur. Çünki o dövlətlərdə uyğunlaşma və qaçma sindromu özünü göstərir. 

Bu gün Aralıq dənizində təxminən yüz min qaçqın ölüb. Həmin ölənlər əgər öz ölkələrində demokratiya uğrunda mübarizə aparıb şəhid olsaydılar, indi öz ölkələrində çoxdan bu ənənə yaranmışdı. Suriyadan qaçanlar qalıb mübarizə aparsaydılar, çoxdan Bəşər Əsəd yıxılmışdı. Zülmün qarşında uyğunlaşma və ya qaçma zülmün tüğyanlaşmasına səbəb olur, heç bir dəyişiklik də olmur. O ölkədəki xalq qaçmır, müqavimət göstərir, həmin ölkədə mütləq zülmün qarşısını almaq, hakimiyyət dəyişikliyi etmək mümkündür. İndiki halda Azərbaycan xalqının uyğunlaşması və qaçmasının müxalifətlə heç bir bağlılığı yoxdur. Hökumət qarşıdan gələn idman oyunları ilə bağlı manatın başını yaxşı tutub, elə ki, oyunlar başa çatdı, yenidən manatın başını buraxacaq, bu da manatın 2 manat 50 qəpik, yaxud üç manata qədər bahalaşmasına səbəb olacaq. İndiki sosial-iqtisadi vəziyyət isə iki dəfə ağırlaşacaq. Nəticədə qaçanlar, uyğunlaşanlar aktiv kütləyə çevriləcəklər. O zaman dediyiniz siyasi fəallıq yaranacaq”. (musavat.com)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar