Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2017-ci ilin büdcəsi açıqlandı - 645 milyon manatlıq kəsir

Ekspertlər büdcənin ilkin təhlilini apardılar; təhsil xərclərində 29 milyon manat artım, sosial müdafiə xərclərində isə 20 faiz azalma...


Gələn ilin dövlət büdcəsi açıqlanıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1 faiz təşkil edəcək. 

Qeyd edək ki, büdcə 2016-cı illə müqayisədə azalıb. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablanmışdı. Maliyyə Nazirliyinin sentyabrın 28-də açıqladığı 2017-ci il büdcəsinin əsasən Əlavə Dəyər Vergisi (ƏDV) və Neft Fondunun hesabına formalaşması nəzərdə tutulur. Belə ki, ƏDV-dən təxminən 4 milyard, Neft Fondundan 6 milyard manat gözlənilir. Fiziki və hüquqi şəxslərin gəlir vergisi isə təxminən 3 milyard manat hesablanır. Xarici dövlətlərə verilmiş kreditlərdən 50 milyon manata qədər divident əldə olunacağı gözlənilir.

Ekspertlər büdcəni qısa şəkildə şərh ediblər. Ekspert Qubad İbadoğlunun sözlərinə görə, 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təhsilin 20 faizə qədər bahalaşması planlaşdırılır: “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 15,9 milyard manat, xərclərinin 16,6 milyard manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalarda 48 milyon manat artım proqnozlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq".

Ekspert Rövşən Ağayev isə qeyd edib ki, referendum günü səsvermədə iştirak edən rəsmilər büdcə ilə bağlı ilk məlumatları açıqlayanda deyirdilər ki, bütün xərclərdə azalma ola bilər, sosial xərclərdə əsla: “Amma indi açıqlanan büdcə layihəsi bunun əksini göstərir. 2016-cı ilin büdcəsində son dəyişiklikdən sonra sosial müdafiə xərcləri 2,699 milyard manat proqnoz edilmişdi, 2017-ci ilin büdcəsində 2,118 milyard manat- 581 milyon manat, yəni 20 faiz azalma var. Bu fakt onu göstərir ki, hökumət ikinci devalvasiyadan sonra sosial müdafiə xərclərini artırdığını cəmiyyətə nümayiş etdirmək üçün büdcədə həmin maddəni dəyişdi, reallıqda isə həmin vəsaiti xərcləmədi. Ona görə də indi sosial müdafiə xərclərini 2015-ci ilin səviyyəsində təsdiqləyir. Səhiyyə xərcləri də azalma ilə proqnoz edilir- təxminən 54 milyon manat, yəni 6,5 faiz ixtisar var. Yalnız təhsil xərclərində 29 milyon manat, 1,6 faiz artım var. Bu, o deməkdir ki, son 2 ildə baş verən kəskin devalvasiya və onun doğurduğu inflyasiyaya rəğmən sosial müavinət, pensiya və büdcə işçilərinin maaşlarında artım gözləməyə dəyməz. Ən çox azalma investisiya xərclərindədir - 1,142 milyard manat və ya 38 faiz azalma var. Bugünlərdə hökumətə yaxın şəxslərdən kimsə demişdi: hökumət gərək xalqa açıq desin ki, kəmərləri sıxmaq vaxtıdır. 

Amma bizim hökumət demir, praktik olaraq gerçəkləşdirir. Məsələn, 2017-ci ilin büdcəsində olduğu kimi. Gələn ilin büdcə xərcləri bu ilə nisbətən 1,895 milyard manat azaldılıb- bu, 10 faizdən bir qədər çox azalmadı. Manat ifadəsində bu, son 5 ilin ən kiçik büdcəsidir- yalnız 2011-ci ildə büdcə xərcləri 15,4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə- 2012-2014-cü illərdə 17,4-19,1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub. Dollar ifadəsində müqayisənin yeri yoxdur: 2017-də inidiki məzənnə ilə təxminən 10,4 milyar dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb- 2008-ci ildə 13,5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-də olmuşdu- 24,5 milyard dollar. Bir sözlə, büdcəmiz balacalaşıb böyük neft pullarından əvvəlki dövrə qayıdır. 2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transfertlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi də fonddan büdcəyə köçürmələri o sürətlə azaldıb, büdcənin kiçilməsini də eyni coşqu ilə müsbət tonda təbliğ edirlər. Yəni gələn il Neft Fondunun transfertlərinin həcminin 1.5 milyard manat azalmasının səbəbi büdcənin kiçilməsidir. İqtisadiyyatın vergi potensialı bu azalmanı kompensasiya etmək imkanında deyil. Dövlət büdcəsini fond böyütmüşdü, o da kiçildir”.

Ekspert Natiq Cəfərlinin fikrincə isə büdcə ilə bağlı ilkin ümumi dəyərləndirmə budur ki, vəziyyət çox ağır olacaq: “Sosial müdafiə ilə bağlı xərclər 20 faiz azaldılır, deməli, maaş və təqaüdlər də artmayacaq. Maksimum bu ilin rəsmi inflyasiya rəqəmi qədər indeksləşdiriləcək. Səhiyyə xərcləri 6,5 faizdən çox azalacaq. İnvestisiya xərclərində ciddi azalma var, bu illə müqayisədə bu yöndə xərclər 38 faiz azalacaq. Sonuncu məsələyə xüsusi diqqət cəlb etmək istəyirəm, son illərdə bərqərar olmuş primitiv iqtisadi modelimizdə büdcə-investisiya xərcləri iqtisadi aktivliyin əsas hərəkətverici qüvvəsi idi. Obrazlı desək, dövlət bir obyekt tikirdi, ya təmir edirdi, tenderi özlərinə yaxın şirkətlər udsalar da, orada çalışanlar maaş alırdı. Həmin obyektə daş-qum-çınqıl daşıyan sürücü qazanır. Sürücü timsalında modeli anlatmağa çalışacağam. Həmin sürücünün daşı-qumu-çınqılı aldığı karyerlər qazanır, karyerlərdə işləyən fəhlələr qazanır, karyerin yanında balaca kafedə yüklənmə zamanı sürücü çay içir, yemək yeyirdi, onlar qazanırdılar. Yolda təkər buraxırdı, təkəryamayan qazanırdı, yol patrul xidməti və ya nəqliyyata nəzarət işçiləri onu saxlayıb cərimələyir, yaxud 5 manat alır - qazanırdılar. Həmin sürücü bir reysdən qazandığı 30 manatı dükanda ailəsinə ərzaq alırdı, dükan qazanırdı, dükan qazananda satıcıya maaş verirdi, məktəbə 3 manat süpürgəpulu göndərirdi, müəllim də qazanırdı, banka krediti var idi, o puldan gündə 5 manat kreditə ayırırdı. Bank da qazanırdı, işçilərinə maaş verirdi- bütün bu obyektlər isə qazanaraq vergi verirdi - büdcə də qazanırdı. İndi məhz bu sxem dağılıb, bu primitiv model çöküb, ona görə də iqtisadi aktivlik dibə vurub. Gələn il də belə xərclərin 38 faiz azalması iqtisadi aktivliyi quyunun lap dibinə salacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar