Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

20 Yanvarın əliqanlı “memarı” – “Sülh göyərçini” Qorbaçov qanun qarşısında cavab verməlidir!

Təsəvvür edin, biri günah işləyir və ya bu günahın işlənilməsi üçün icraçılarına “yaşıl işıq” yandırır, sonra isə özünü kənara çəkib “sülh göyərçini” statusunu qazanır...

Bu ali hörmətə mindirildikdən sonra isə dəhşətli qətllərə rəvac verdiyini, yüzlərlə insanın qırğınının ideoloqu olduğunu “unudaraq” qərarlarına, yalanlarına fakt donu geyindirməyə çalışır.

Söhbət SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçovdan gedir. Bəli, məhz Qorbaçovun SSRİ rəhbəri olduğu dönəmlərdə imperiyaya daxil olan ölkələrdə əli qana batdı.

Qırğınların miqyasına görə ən dəhşətlisi isə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda yaşandı.

SSRİ-nin yıxılmasını günahsız insanların ölümünə fərman verməklə reallaşdıran Qorbaçov sonradan Nobel sülh mükafatına layiq görüldü. Bu da sizə “sülh göyərçini”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə deyib ki, Qorbaçovdan Nobel mükafatının geri alınması heç də gec deyil. Haqlı və yerinə düşən bir mesajdır.

Qorbaçov sonradan 20 Yanvar qırğınına qələmindən çıxan “zəngin” ifadələrin sayəsində müxtəlif üsul və vasitələrlə haqq qazandırmağa çalışır.

O, müəllifi olduğu “Həyat və islahatlar” kitabında Qırmızı Ordunun Bakıya daxil olması ilə o dövrdə Dağlıq Qarabağda baş verən hadisələr arasında əlaqə qurmağa cəhd edir. Özü də bu əlaqəni güclü arqumentlərlə möhkəmləndirə bilmir, fikirləri daha çox emosional mülahizələrlə doludur.

O, həmin dövrdə Azərbaycanda fövqəladə şəraitin Bakıya qoşun yeridilməsi üçün zəmin yaratdığını deyir.

SSRİ-nin sonunu gətirən Qorbaçov memuarında qeyd edir ki, Azərbaycan hakimiyyəti daxilindəki konfliktlər situasiyaya nəzarət etməyə mane yaradıb.

Düzdür, o zamanlar Azərbaycan hakimiyyəti səriştəsizlik və iradəsizlik nümayiş etdirirdi. Amma əsas sual budur – mövcud durum dünyada qorxu aparatı kimi tanınan SSRİ ordusunun Bakıya yeridilməsini zəruri edirdimi? Fərz edək ki, Bakıya qoşunlar ictimai-siyasi sabitliyi təmin etmək məqsədilə yeridilmişdi, bəs bu qədər insanın qətli nəyə lazım idi? Suallar ritorikdir, yəni cavab tələb etmir, özündə cavabları da ehtiva edir.

Qorbaçovun siyasi qərarlarının amansız icraçısı, SSRİ-nin Müdafiə naziri olmuş Dmitri Yazovun isə arqumentləri lap gülməlidir.

O, illər öncə “Lider” TV-yə müsahibəsində, ümumiyyətlə, Qırmızı Ordunun Bakıda adam öldürmədiyini deyib.

Bakıda bir gecədə 133 nəfərin vəhşicəsinə öldürülməsini görməzdən gələn Yazov jurnalistin “Bakıda rəsmi məlumata görə 133 nəfər həlak olub” iradına “Biz bir nəfər də adam öldürməmişik” cavabını verir.

O, daha sonra dolayısı yolla da olsa, dediklərini təkzib edir. Qırğının törədilməsi əmrinin – o bunu Bakıya qoşunların yeridilməsi əmri adı ilə qeyd edir – Qorbaçov tərəfindən verildiyini, özünün isə bunu icra etdiyini bildirir.

“Mən başqasının əmrini yerinə yetirirdim, indi həmin əmrləri verən insan hər şeyi inkar edir”, – deyə SSRİ-nin sonuncu marşalı Qorbaçova eyham vurur.

Britaniyalı ekspert Tomas De Vaal “Qarabağ: ErmənistanAzərbaycan sülh və savaş yollarında” kitabında yazır ki, yanvarın 19-dan 20-nə keçən gecə əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəliləyirdilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə biliblər.

“Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollarındakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbarana tutuldu, bir çox səmişin, o cümlədən, on dörd yaşlı qız qətlə yetirildi”, – Tomas de Vaal yazır.

Yazov müsahibədə deyir ki, insanların atəşə tutulmasından, tankların maşınları əzməsindən guya xəbərsiz olub. Necə ola bilər ki, əməliyyata birbaşa rəhbərlik edən Yazov qoşunların hərəkət trayektoriyası zamanı edilən vəhşiliklərdən xəbərsiz olub? Bu, mümkündürmü? Təbii ki, bu suallar da ritorikdir.

20 Yanvar qırğınından sonra Moskvadakı “Qalxan” adlı müstəqil hərbi-analitik qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu Bakı sakinlərinə qarşı əsl müharibə aparıb. Buna görə də hərbi əməliyyata şəxsən başçılıq etmiş Müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi səsləndirildi.

Qorbaçovun bəhanə gətirdiyi fövqəladə vəziyyət isə özlüyündə başqa suallar doğurur.

Qorbaçov yazır ki, 1990-cı ilin 13 yanvarında Bakıda ermənilərə qarşı talan, basqın törədilib. Bu hadisənin özü də suallar doğurur. Elementar məntiqimizi işə salaq.

Həmin hadisələrdən sonra ermənilər Bakını tərk etdilər. Yaxşı, niyə fövqəladə vəziyyət ermənilər Bakını tərk etdikdən sonra elan olundu? Fövqəladə vəziyyətin ermənilərə qarşı basqınların qarşısını almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etməsindən sonra elan olunması nə demək idi? Deməli, ermənilərə edilən basqınlarla 20 Yanvarda Bakıya qoşun yeridilməsi arasında səbəb-nəticə əlaqələrini görmək mümkündür.

Aleksandr Lebed – 20 Yanvar faciəsinin digər hərəkətverici qüvvəsi. A.Lebed həmin vaxt SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olub.

Onun sözlərinə görə, 20 Yanvar qətliamından sonra SSRİ-nin hüquq-mühafizə orqanlarının istintaq qrupu baş verən cinayətlərin təhqiqatını aparmaq üçün Bakıya gəlib.

İstintaqın təhqiqat obyektlərindən biri Lebedin komandiri olduğu diviziyanın fəaliyyəti olub.

Lebed eyham vurur ki, əslində, bu, Qorbaçovun oyununun tərkib hissəsi idi, dediklərindən belə anlaşılır ki, məqsəd, sadəcə, görüntü yaratmaqdan ibarət olub.

“Hər an partiyanın, ya da Mixail Qorbaçovun şousunun qurbanına çevrilə biləcəyimi anlayırdım. İstintaq qrupunda olan şəxslərdən biri 150-170 kağız vərəqi mənə uzatdı”, – deyən Lebed əlavə edir ki, vərəqlərin hamısının üstündə “Hərbi desant qüvvələrinin 19-20 yanvar 1990-cı ildə Bakıya daxil olarkən törətdikləri cinayətlərin siyahısı” başlığı olub.

“Orada yazılırdı – “Yüzlərlə ölü, minlərlə yaralı”, – deyə Lebed bildirir. Yazov isə hələ də öz ampluasında qalaraq, ölülər üzərindən də xal qazanmağa çalışır.

M.Qorbaçov yuxarıda adını çəkdiyimiz kitabında 20 Yanvar faciəsinin müəllifi olduğuna görə minnətli etirafla da çıxış edir.

20 Yanvar hadisəsindən dərs götürdüyünü deyən Qorbaçov qeyd edir ki, hakimiyyət ekstremal vəziyyətlərdə güc tətbiqindən imtina edə bilməz.

20 Yanvar SSRİ-nin sonunu gətirdi, Azərbaycan xalqının müstəqillik ideallarını, mübarizə əzmini sarsıtmadı, əksinə, daha da gücləndirdi.

20 Yanvarda öldürülənlərin cismi aramızdan getdi, amma onlar qəlbimizdə yaşayırlar. Qorbaçov isə Nobel mükafatı alsa belə, özünü mənəvi ölüyə çevirdi, xalqların nifrətini qazandı. O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir.

Azərbaycan xalqı Qorbaçov sağ olsa belə, onu çoxdan “gömüb”.(oxu.az)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar