Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 Yanvar – xalqımızın qan yaddaşı

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi.

Müstəqilliyimizin ilk illərində yaşananlar yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın sabaha ümidi tamamilə itmişdi. Belə çətin məqamda xalq üzünü öz xilaskarına –ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas oldu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisi kimi çıxış etməsi ərazilərimizin işğalına səbəb oldu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan inkişaf, tərəqqi yoluna çıxdı, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib. Onlar ölümləri ilə ölümsüzlük qazandılar.

Son 17 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin digər sahələr kimi xarici siyasət uğurlarının da miqyasını genişləndirdi, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza yaradıldı. 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ardınca bir sıra dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın mövqeyi dəstəkləndi. Təbii ki, siyasi müstəqilliyin möhkəmlənməsində iqtisadi müstəqillik əsas rol oynayır ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın qarşısında bu imkanları yaratdı. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasında qərarlaşıb. Təbii ki, bu kimi davamlı uğurlarımız müstəqilliyimizin daimi, dönməz və əbədi olmasını şərtləndirən amillər sırasındandır. Ulu öndər hər zaman öz çıxışlarında qeyd edirdi ki, gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

Qeyd etdiyimiz kimi, son 17 ilin uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətli mövqeyini bir daha dünyaya bəyan etdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, regionda yeni reallıqlar yaradıldı, dünyanın xarici siyasəti yenidən formalaşdı. Azərbaycan ordusu 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının bərpa edə bilmədiyi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi. İşğal altında olan torpaqlarımızı şəhidlərimizin qanı, canı bahasına işğaldan azad etdik.

1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük müharibə bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Qələbəni qazandı.

Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, həmişə qəlbimizdə yaşayacaq. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar