Şənbə, 10 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

19 il anasının yolunu gözləyən Xocalı sakini: “Onun ölüm xəbərinə sevinmişdim...” 

Bu gün Xocalı soyqırımından 29 il ötür. O qanlı faciəni dərin hüznlə anırıq. Xocalıda yüzlərlə insan qətlə yetirilib. Ailəsi, əzizləri gözləri önündə əziyyətlə öldürülən qəhrəman şəhərin sakinləri bu gün Xocalının qan yaddaşını yaşadır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən o gecə bütün yollar bağlandı.

Misli görülməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalı camaatına bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb. Həmin gecənin şahidlərindən biri də Murad Hüseynovdur.

O, Azərbaycanın Milli Qəhrəmanı, “Mixaylo” ləqəbli Tofiq Hüseynovun oğludur.

PİA.az Oxu.Az-a istinadən Xocalı soyqırımının canlı şahidi Murad Hüseynovla müsahibəni təqdim edir:

-Artıq Xocalı qətliamından 29 il keçir… Həmin günü necə xatırlayırsınız?

- Mən Xocalı hadisələri baş verməzdən bir neçə gün əvvəl şəhərdən çıxmışdım. O zaman mənim doqquz yaşım var idi. Xocalıya gələn sonuncu vertolyotla xalam məni və iki bacımı da özü ilə aparmışdı. Biz üç gün sonra bildik ki, Xocalıda qətliam olub. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra mən ailə üzvlərimin vəhşicəsinə qətlə yetirildiyini öyrəndim. İki bacım və mən əmimgilin himayəsində qaldıq.

“19 il anamın yolunu gözlədim…”

- Xocalını sona qədər müdafiə edənlərdən biri də sizin atanız olub...

- Bəli. Həmin gün atam, “Mixaylo” ləqəbli Hüseynov Tofiq özü ilə birlikdə bir qrup Xocalı sakinini toplayıb “Qisasçı” Xocalı özünümüdafiə taboru yaratdı. Bu tabora rəhbərlik edərək torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etdi. O, sakinləri xilas etmək, onları təhlükəsiz ərazilərə aparmaq üçün əlindən gələni əsirgəməyib. Amma təəssüf ki, hər kəsi qoruya bilməyib. Atam Xocalının sakinlərini 4-5 dəfə təhlükəsiz əraziyə çıxarıb.

Daha sonra əsir düşmüş soydaşlarımızı xilas etmək üçün düşmənin diqqətini öz üzərinə çəkib. Silah-sursatı bitənə qədər düşmənlə mübarizə aparıb, təslim olmayıb. Son gülləsi qalanda düşmən onu mühasirəyə alıb. Atam düşmənlərin onu mühasirəyə almasını gözləyib və üzərində olan sonuncu əl qumbarasını partladaraq özü ilə bərabər on nəfər düşməni də məhv edib. Bununla da əsir düşən Xocalı sakinlərini xilas etməyə nail olub. Xocalı qətliamı zamanı qəhrəmanlıqlarını nəzərə alaraq, ölümündən sonra atama “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ümummilli lider Heydər Əliyev tərəfindən qızıl medalla təltif edilib. Atam Bakıda “Şəhidlər xiyabanında” dəfn olunub.

Lakin Xocalı faciəsi mənim nəinki hər iki valideynimi, eləcə də babalarımı, nənələrimi, əmimi, bibimi, xalamı, xalamın azyaşlı oğlanlarını və digər əzizlərimi aldı. O qanlı gecə mən 49 nəfər yaxın qohumumu itirdim. 29 il keçsə belə, mən Xocalı soyqırımının izlərini unuda bilmərəm.

- Dediniz 19 il ananızın yolunu gözləmisiniz, bəs sonra ondan necə xəbər aldınız?

- Xocalı faciəsi zamanı 1 275 nəfər əsir düşüb. Biz elə bilirdik ki, mənim anam - Hüseynova Məxmər Qurban qızı da həmin insanlarla birlikdə əsrlikdə olub. 19 il məlumat ala bilmədiyimiz üçün mən anamın bir gün qayıdacağını gözləmişəm. Lakin bir dəfə rus jurnalistin təqdim etdiyi foto bütün ümidlərimizi boşa çıxardı. Həmin fotoda anamın, xalam və iki azyaşlı övladının cəsədlərini gördüm. Çox qəribə səslənsə də mən onların ölümünə kədərləndiyim qədər sevindim də. Bir övlad üçün bu, çox ağır bir hissdir. Amma sevindim ki, anam və xalam əsir deyil və ağır işgəncələrə məruz qalmırlar.

- Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biri də siz olmusunuz. Sizi kim himayəyə götürdü?

- Əmim bizi himayəsinə götürdü. Dövlətimiz də bizi diqqətdən kənarda qoymadı. Xocalı faciəsində hər iki valideynini itirən 25 uşaq üçün yaşayış binası tikildi və biz mənzillə təmin olunduq. Hazırda da mən həmin binada yaşayıram. Dövlətimiz mənim xaricdə təhsil almağım üçün şərait yaratdı. Türkiyədəki universitetlərdən birində hüquq üzrə təhsil almışam. Daha sonra işlə təmin olunmuşam. Hazırda isə çalışmıram.

- Bu sizin üçün ağır olsa da, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmisinizmi?

- Siz təsəvvür etmirsiniz o hadisələri ictimaiyyətə çatdıran zaman mən hansı hissləri keçirirəm. Amma orada şəhid olan günahsız insanların, körpələrin, ana-bacıların, soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq Xocalıya ədalət tələb edilməlidir.

Ötən illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bir neçə dəfə respublika daxilində və respublikamızın hüdudlarından kənarda Xocalı həqiqətləri barədə tədbirlərdə iştirak edərək, Xocalı soyqırımı barədə ictimaiyyətə məlumat vermişəm.

Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü də çətin və mürəkkəb işdir.

- Artıq 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü yenidən bərpa etdi. Artıq şəhidlərimizin qisası alındı.

- Doğrudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Prezidentimiz İlham Əliyev Azərbaycan ordusunun həm formalaşması üçün, həm də maddi-texniki bazasını möhkəmləndirmək üçün zəruri olan bütün addımları atdı. Onun sayəsində 2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu öz gücünü göstərdi. İşğal olunmuş Azərbaycan torpaqlarını, Qarabağımızı böyük bir şücaətlə düşməndən azad etdi. Ordumuz Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazdı. Müharibə heç vaxt itkisiz, şəhidsiz olmur. İgid Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verdi, şəhidlik zirvəsinə ucaldı.

Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin uzun illər boyunca Xocalıda narahat gəzən ruhları artıq şaddır. Buna baxmayaraq Azərbaycan xalqı informasiya müharibəsini davam etdirir. Dünyanı bu məsələyə cəlb etməyə, Xocalı soyqırımını tanıtmağa davam edir. Bu tək Azərbaycan xalqının haqqı deyil, həm də sülhsevər bəşəriyyətin haqqıdır. Məqsədimiz odur ki, yer üzündə bir daha Xocalı soyqırımı kimi dəhşətli qətliamlar olunmasın. Vətəndaşları, insanları milli, dini mənsubiyyətinə, irqlərinə görə qətlə yetirməsinlər. Məhz buna görə də dünyanın Xocalı soyqırımına qiymət verməsi vacibdir. Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır.

Çox təəssüflər olsun ki, bəzi dünya ölkələri Xocalı soyqırımına hələ də lal, kar və kor olaraq qalırlar. Azərbaycan dövlətinin qanunları və Prezident İlham Əliyevin apardığı siyasət, onun qəbul etdiyi qərarlar bizim üçün ən ali olanıdır. Düşünürəm ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan, onlara kömək və havadarlıq edənlərin hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Uşaqlarda boyu uzadan qidalar və vitaminlər - Video

Azərbaycanda ən az yoluxma bu tarixdə qeydə alındı

Ən çox oxunanalar