Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

İlk səhnədə divara asılmış silah, gələcək səhnələrdən birində mütləq partlamalıdır...

Yaşar Ayaşlı
“Sendika63.org” qəzeti, Türkiyə, 6 iyul 2020-ci il

İkisi də dananın quyruğunun bir gün qopacağını bilirdi. AKP Camaatın məhkəmə və polis sisteminin kilid nöqtələrini ondan əsirgədiyinin fərqindəydi. Saraydakı adam yeni rejimi qurarkən ortağının dövlət içində ikinci bir baş olaraq görünməsinə izn verməyəcək qədər avtoritar bir təbiətə sahibdi. Ortağının komplo və çevrilişlərlə iqtidarı ələ keçirməyə çalışdığını ilk görən də o oldu. Eyni aləmin adfamları bir-birlərini yaxşı tanıyırlar...

20-30-cu illərdə Avropa faşistləri özlərini necə görürdülərsə, elə də təsvir edərdilər və düşmənlərinin arxasında gizlənməzdilər. II Dünya Müharibəsində məğlub olduqdan və əsl üzləri ortaya çıxdıqdan sonra “demokratiya”, “azadlıq” kimi maskalardan istifadə etməyə başladılar.

Bunun fərqli bir versiyası Türkiyədə də baş verdi. 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdinin əks-çevrilişlə yatırılmasını “demokratiyanın qələbəsi” adlandırdılar. Ona görə də hər il olduğu kimi bu il də rəsmi olaraq “Demokratiya və Milli Birlik Günü” kimi qeyd ediləcək.

Əgər Gülənçilər qalib gəlsəydilər, onlar da 15 iyulu belə qeyd edəcəkdilər. Hər şeyi alt-üst edən faşist çevrilişlərə “demokratiya”, düşərgələrə bölünmüş cəmiyyətə “milli birlik və həmrəylik, işğala isə “sülh əməliyyatı” deməyə çoxdan öyrəşmişik.

İkisinin bir olub sistemi məhv etdiyi, sonra da bir-birlərinə düşmən kəsildikləri bu “demokratik qələbə”nin daha nəyini qeyd etməyə dəyər ki?

2002-ci ildə seçkidə qalib gələn AKP xaricdə ABŞ, AB və Səudiyyənin, daxildə isə MÜSİAD, TÜSİAD, Gülənçilər və Nəqşilərin dəstəyi ilə hakimiyyətə gəldi. Ərdoğanın əsas müttəfiqi Gülən Camaatı, ehtiyat müttəfiqi isə liberallar idi. Camaat, həm də hakimiyyətin ən vacib qeyri-rəsmi ortağı idi.

Biri kökü Milli Görüşdən gələn siyasi partiya, digəri isə dini bir camaat olaraq tanınırdı. Lakin ikisi tərəfindən də ABŞ-ın “dünya lideri” kimi qəbul edildiyini ilk dəfə Amerika mənbələrindən öyrəndik. Faşizmin mayalandırdığı məzhəbçi və siyasi islamçı olduqları üçün ikisi də eyni mühitdə birləşdilər.

AKP Camaatın bürokratiya daxilindəki elit kadrlarından və beynəlxalq təbliğat şəbəkəsindən istifadə edəcək, hakimiyyətə söykənən Camaat isə bürokratiyanın əsas mövqelərində özünə yer tapacaqdı. Əvvəllər əsas hədəf dövlətin içinə yerləşmək idi və tək adamlıq dövlət modeli hələ ortada yox idi.

Qaçaq kənd imamı

Hamı bilirdi ki, Camaat proqramlaşdırılmış, nizamnaməli siyasi partiya deyil, əksinə dar kadrlı, yarı gizli dini bir təşkilatdır. Əsas problem də hüquqi və rəsmi statusu olmadığı halda, partiya kimi qəbul edilməsi idi. Bununla birlikdə, çoxuna məlum olduğu kimi, hegemon qüvvələr onu dövlətin arxa qapısından içəri almışdı.

“Yeni insan” (“qızıl nəsil”) və “sosial əxlaq nizamı” yaratmaq iddiası ilə yola çıxan “vətənpərvər” Fəthullah Gülən istintaq cəlb olunduqdan (1999) dərhal sonra ABŞ-a qaçmışdı. Buna baxmayaraq, AKP-li nazirlər, millət vəkilləri, köşə yazarları, alimlər, ziyalılar və iş adamları “Xoca” kimi ibadət olunan qaçaq imamın xeyir-duasını almaq üçün Kəbəyə gedirmişcəsinə Pensilvaniyaya geeir və onunla birgə şəkil çəkdirirdilər. MKİ və Türkiyənin “dərin beyni”Camaatdan “mülayim İslam” oyununda bir piyada kimi istifadə etmək istəyirdi.

Xristian din xadimi Rasputinin 20-ci əsrin əvvəllərində başda çar və çariça olmaqla, bütün rus sarayında olan güclü təsiri ilə Fəthullah Gülənin fəaliyyəti arasında oxşarlıqlar vardı. Rasputin çar Rusiyasının hakimiyyətində o qədər təsirli oldu ki, çar II Nikolay və çariça onun icazəsi olmadan nazirləri və ya yüksək rütbəli məmurları vəzifəyə belə təyin edə bilməzdilər. 20-ci ilin əvvələrində əsl fırıldaqçı olan din xadimi Rasputin dərin böhran içində olan çar rejiminin necə çürüyünü göstərirdi.

Heç kimə sirr deyil ki, Gülənin Camaatı “xeyriyyəçi” dini icma deyil, əksinə xaricdə ABŞ və İsrail, daxildə isə türk siyasətçiləri tərəfindən qorunan, yarı-açıq bir təşkilat idi. Türkiyənin mürtəce kəsimləri Gülənin keçmişindən öz gələcəkləri üçün istifadə etməyə çalşırdılar. İmam və camaat adamı olmasına baxmayaraq, onun həmişə radikal sağın siyasi təşkilatları və anti-kommunist xadimləri ilə əlaqəsi olurdu: Kommunizmlə Mübarizə Dərnəkləri, MHP, N. F. Kısakürek və s.

Bundan başqa, “İkinci Atatürk” kimi tanınan diktator Kenan Evrenin kommunizmə qarşı dəstəklədiyi ilk qrup məhz Gülənçilər idi. 1980-ci ildən bəri dövlətdə yuva qurmasına icazə verilməsinin səbəbi isə Yaşıl Kəmər strategiyası idi. Gülən neo-liberal, eyni zamanda islamçı Özalın dövründə təhsil, media, bürokratiya və iş dünyasında nüfuzlu bir gücə çevrildi. 1990-cı ildən sonra məktəblər, xəstəxanalar, QHT-lər, TUSKON, xaricdəki universitetlər və müəssisələr də bütün bunlara əlavə edildikdə, artıq iş əlaqələri yaratmaq istəyən kapital qrupları onların qapısına düşməyə başladı. “Sızıntı” jurnalı ilə başlayan macəra “İşık Evleri”, “Zaman”, “Samanyolu TV”, vəqflər və QHT-lərlə davam etdi.

Düşündüyündən daha sürətli şəkildə böyüyən Camaat lideri artıq ictimaiyyətin yaxşı tanıdığı “Xoca əfəndi” adıyla bilinən, hörmətli “düşüncə öndəri” idi. Hətta 1970-ci illərdə nurçu olması belə müzakirə edildiyi halda, Səid Nursi və Risalə-i Nurudan istifadə etməyə başlamışdı. Rəsmi mərasimlərdə, açılışlarda və qurultaylarda xüsusi hörmətlə qarşılanırdı. Həmçinin, təkcə Evren və Özal tərəfindən deyil, Dəmirəl, Çiller, Yılmaz və Ecevit tərəfindən də qorunurdu. Gülən də 1997-ci ildəki hərbi müdaxiləni və Ecevitin rəhbərlik etdiyi koalisiya hökumətini dəstəkləyərək bunun əvəzini ödəmişdi.

“Nə istədilərsə, vermədik?”

Gülən AKP hökuməti ilə tərəfdaşlıq etdiyi illərdə ən böyük sıçrayışını həyata keçirib. Rasim Ozan Kütahyalının “o olmasa, yeni Türkiyəni yarada bilməzdik”, deməsi də Gülənin infrastruktura, mədəniyyət müəssisələrindən və idmana qədər bütün dövlət sisteminin içinə yayıldığının bir sübutu idi. Ərdoğanın “Nə istədilərsə, verdik”, ifadəsini keçmiş nazir Ömer Dinçer belə izah edir:

“2002-ci ilə qədər neçə vali, nazir, millət vəkili, neçə məktəb və ticarət təşkilatınız var idi? Bəs indi nə qədər var? Tam olaraq 15 dəfə böyüdünüz”.

Dövlətin içində sahib olduğu quruluş və Amerika kəşfiyyatı ilə olan əlaqələri əvvəldən məlum idi. Gülən 1999-cu ildən bu günə qədər anti-qərbçi Erbakan ilə razılaşa bilmədiyi üçün mərkəzçi sağ partiyaları dəstəkləməklə kifayətlənib. Amerika və yəhudi lobbiləri tərəfindən beynəlxalq din xadimi kimi reklam edilib. “Time” jurnalı “dünyanın ən nüfuzlu 100 adamı” arasında ona yer verib. ABŞBritaniya jurnallarının hazırladığı siyahıda “dünyanın ilk 100 intellektualı” arasında göstərilib. Üstəlik, mətbuatda bir şəbəkə kimi dünyaya yayılan Camaat universitetlərindən agent fəaliyyəti üçün istifadə edildiyi də dəfələrlə yazılmışdı.

Sosialistlər və millətçilər daim bu “Xidmət Hərəkatı”nın nə gündə olduğunu gündəmə gətirirdilər. Dövlət qurumları daxilindəki sekulyar-Atatürkçü bürokratlar da şifahi və yazılı şikayətlər edirdilər. İstintaqa başlayan Ankara 2 nömrəli DTM-nin 31.8.2000 tarixli iddianaməsində onun “ən güclü və təsirli mürtəce quruluş” olduğunu qeyd etmişdi. Camaatın məqsədinin “dövlətin bütün sistemlərində İslam qanunlarına əsaslanan, teokratik İslam diktaturası qurmaq” olduğu bildirilmiş, TAF üzvləri arasına və hərbi məktəblərə sızmağa çalışdığı qeyd edilmişdi. Hüquqi qurumların və müəssisələrin, gizli təşkilatların və niyyətlərin dəlilləri ilə birlikdə ortaya qoyulduğu bu məhkəmə işi 2007-ci ildə bəraət ilə nəticələndi. Beləliklə, AKP hökuməti və Camaat hakimləri borclarını ödəmiş oldular. Buna baxmayaraq, “Xoca əfəndi” qucağında oturduğu Amerikanı tərk etmədi.

Müharibə hiyləsi

Uzun illər ərzində onun ruhani maskasına və mülayim imicinə təkcə kiçik mürtəce bir qrup və axmaq liberallar inandı. Bu Cəmiyyət kənardan baxanda sadəcə olaraq İslam inqilabını və siyasi hakimiyyətin fəthini bir strategiya kimi irəli sürməyən, dini təlqinlərlə əvvəlcə fərdləri və cəmiyyəti, sonra isə dövləti islah etməyi hədəfləyən sivil İslam cəmiyyəti idi. İslam dininin adıyla törədilən zorakılıqları qınadı, sülh, tolerantlıq və dinlərarası dialoq kimi mövzularda təbliğat apardı və bütün bunları “Türk Müsəlmanlığı” adı altında “yerli və milli” paket halında bazara çıxardı. 1990-cı illərin sekulyar-islamçı, sekulyar-milliyətçi və türkçü qütbləşmələrində ortada dayanaraq, “müsbət elmləri” sahiblənərək, geyim və ibadətdə rahat davranaraq və müridlərinə inandıqlarının tərsi olan bir həyat yaşadaraq bütün müharibə hiylələrini tətbiq etmişdi.

Əslində isə göründüyünün əksinə olaraq, Gülən Amerikanın idarə etdiyi bir İslam sui-qəsdçisi idi. İqtidarın rəsmi sahibi ilə arası çox yaxşı idi, çünki adi vaxt gizli-gizli gördüyü işləri, ortağının verdiyi səlahiyyətlə indi açıq-açıq görürdü. Onsuz da burjua dövləti də bu iki metodun birləşməsindən ibarət idi.

AKP-ni arxasına alaraq hərbi-sivil Atatürkçü elitanın dövlətdən uzaqlaşdırılmasında böyük rol oynadı. Bunun müqabilində boş yerləri də öz adamları ilə doldurdu. Bu “sızıntı” o qədər böyük idi ki, keçmiş Baş Qərargah rəisi Necdet Özel, o vaxtın ikinci Baş Qərargah rəisi Hulusi Akar və Yaşar Gülər kimi komandirlər, hətta prezidentin məsləhətçisi də Gülənçi idi. Çevrilişin baş verdiyi gecə Baş Qərargah rəisi və qüvvə komandirləri birbaşa olaraq əmirlərində olan zabitlər tərəfindən məhv edildilər.

Oyunbazlıq, şantaj, məlumat oğurluğu, sui-qəsd kimi üsullardan Tanrı adına istifadə edən, ABŞ və digər kəşfiyyat şəbəkələri ilə sıx əlaqələri olan Gülənin Türkiyədə bu qədər yüksəlməsindən mütləq ki, mövcud nizamın xəbəri vardı. Camaat dini etiqadı kənara atıb, pul və siyasətlə məşğul olurdu. Həmçinin, müəyyən maraqlar qarşılığında sağ partiyaların seçki bazası olan digər icmalar kimi ucuz da deyildilər.

Teokratik-faşist xüsusiyyətləri də “Xocaəfəndi”ni hakimiyyəti ələ keçirməyə cəsarətləndirirdi. Cəmiyyəti “yuxarıdan aşağı” və “aşağıdan yuxarı” ələ alan AKP-dən tək fərqi o idi ki, Gülən Camaatı dövlətin təzyiq aparatlarında (polis, məhkəmə, ordu) yuva qurmaq və bazanı “yuxarıdan aşağı” fəth etmək istəyirdi. Əgər Quranı dəfələrlə oxumaq əvəzinə bir az Qramski oxusaydı, qanuniliyin və ideoloji-mədəni hegemoniya silahının özündə deyil, rəqibində olduğunu başa düşərdi.

Səbr kasasını daşıran son damlalar

Mülki və hərbi bürokratiyada fırıldaqları ilə millətçi-Avrasiyaçı Atütürkçülərin beli qırdıqdan sonra meydanda təkcə bu iki ortaq qalmışdı. Yəni ortaq düşməni məğlub etdikdən sonra artıq bir-birlərini düşmən kimi görməyə başlamışdılar. İkisi vəziyyətin nə ilə nəticələnəcəyini yaxşı bilirdi. AKP Cəmiyyətin məhkəmə və təhlükəsizlik əsas nöqtələrini ondan gizlətdiyini başa düşmüşdü. Saraydakı adam o qədər totalitar idi ki, yeni rejimi qurarkən ortağının dövlətdə ikinci baş olmasına imkan vermirdi. Əslində, Cəmiyyətin sui-qəsd və çevrilişlərlə hakimiyyəti ələ almağa çalışdığını da ilk dəfə o başa düşmüşdü. Eyni dünyaya aid olan insanlar bir-birlərini yaxşı tanıyırlar.

AKP-Camaat münasibətləri 17-25 dekabr 2013 tarixindən əvvəl pisləşmişdi. Ərdoğan və Gülən “Mavi Mərmərə” hadisəsində və “Şike” məsələsində müxtəlif mövqelərdən çıxış etmişdilər. Ərdoğanın etirazına baxmayaraq, 8 minə yaxın adamın həbs edildiyi KCK əməliyyatları başlamışdı. Ərdoğanın telefonlarının dinlənilməsi və Hakan Fidanın PKK rəhbərləri ilə görüşdüyü üçün istintaqa cəlb edilməsi vəziyyəti ən kritik həddinə çatdırdı.

Şayiələrə baxmayaraq, hələ də çevriliş gözlənilmirdi. Ancaq o biri dünyadan daha çox, bu dünyanın işləri ilə məşğul olan, Amerikançı, anti-kommunist, təzyiq qurğularının içinə yuva almış, qanunsuz telefon dinlənilməsi, montaj lentləri ilə şantaj, saxta sənəd istehsalı, böhtan, qəsb, sui-qəsd kimi çirkli işlərdə adı çəkilən, radikal və məxfi olmayan məxfi quruluşun sonunun necə olacağı bəlli idi. Onların Rusiya və Özbəkistandakı əlaltıları agentlik fəaliyyəti və pan-islamçılıqla, pan-türkizmlə məşğul olduğu üçün işləmələri qadağan edilmişdi. Piramidanın üstündə Gülənin olduğu əsgər, polis, məhkəmə, müəllim, biznesmen və məhəllə (və s.) imamlarına əsaslanan korporativ, iyerarxik quruluş nə ibadətə, nə də mülayimliyə uyğun gəlirdi. Əgər vətəndaş cəmiyyəti hərəkatı idisə, təhsil xidmətləri verirdisə və dövlətçi idisə, bəs onda bütün bunlar nəyə lazım idi?

Çexov qaydası

Deməli, 1995-ci ildə Gülənin bir müsahibəsində “bir az əsgər ruhluyam” deyib, ardınca “Xidmət Hərəkatı”nda hərbi intizamın çox vacib olduğunu vurğulamsı, onu göstərirdi ki, onun ruhunun dərinliklərində köpəkbalıqları yuva qurub. Çünki aşağıdakı sözlər əgər doğrudursa, onun hədəfsiz, komformist, pulgir “Xidmət Hərəkatı” olması mümkün deyildi:

“Əmlak, ədliyyə, hərbi və polis qüvvələrini qan damarlarının içinə girib işğal edəcəksiniz. Hiss edilən anda isə geri çəkilirmiş kimi edib, yerinizdən sıçrayacaqsınız. Boşluq tapanda və qüvvə tarazlığı yarananda yola davam edəcəksiniz”.

Bunları söyləyən “əsgər ruhlu”, özünə itaət etdirməyi sevən, sorğulanmayan, hər zaman lider olan, kimlərlə nə danışıqlar apardığı bəlli olmayan və Pensilvaniyadakı qərargahından əmrlər yağdıran bir şəxdir. Çünki əsgər döyüşmək və silahla atəş açmaq üçün var.

Çexov qaydası burada da işləyir: İlk səhnədə divara asılmış silah, gələcək səhnələrdən birində mütləq partlamalıdır.

Qeydlər:

Gülənin 1997 və 1999-cu illər arasında apardığı danışıqlar onunla bağlı heç bir araşdırma olmadığı halda, yenə də diqqət çəkir: 1997-ci ilin sentyabrında Nyu-York kardinalı Con O'Konner, noyabrda Vatikanın İstanbuldakı nümayəndəsi Corces Maroviçin rəhbərlik etdiyi Süryani heyəti, 1998-ci ilin fevralında Papa və İsrailin Seferad ravvini ilə, mart ayında isə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı tərəfindən göndərilən nümayəndə heyəti ilə görüşüb.

Ankara millət vəkili, millətçi DGM Prokuroru Nuh Mete Yüksel 2000-ci ildə hazırladığı iddianamədə aşağıdakı məlumatlara yer verib:

“Qrup 88 fonda, 20 dərnəyə, 128 özəl universitetə, 218 şirkətə, 129 məktəbə və 500-ə yaxın tələbə yataqxanasına, habelə 1-i ingiliscə olan 17 nəşrə, təxminən 250.000 qəzetə, televiziya kanalına, 2 radio kanalına, faizsiz maliyyə təşkilatına və sığorta şirkətinə nəzarət edir.

Qrupun xaricdə 6 universiteti, 236 liseyi, 2 ibtidai məktəbi, 8 xarici dil və kompüter mərkəzi, 6 universitetə hazırlıq kursu və 21 yataqxanası var. Gülənin bu geniş fəaliyyətini həyata keçirmək üçün geniş maliyyə qaynaqları var. Bu mənbələr ümumən məlum olsa da, digər mürtəce qruplarla müqayisədə maliyyə münasibətlərini sağlam şəkildə aparırlar”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar