Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 illik neft soyğunu - Tarix təkrar olunur...

I Dünya Müharibəsi neftə görə başlamasa da, neft sayəsində bitmişdi. Bundan sonrakı Orta Şərq tarixi isə neft soyğunçuluğundan ibarətdir

Selim ATALAY
“Star” qəzeti, Türkiyə, 5 avqust 2019-cu il

“Mesopotamiya” adı İngiltərənin I Dünya Müharibəsi zamanı uydurduğu bir sözdür. Bu ərazi Osmanlının Mosul, Bağdad və Bəsrə vilayətləri olub və başqa bir ada ehtiyacı yoxdur. 1918-ci ildən sonra işğal zonas;na bu adı qoymuş və Osmanlını hegemoniya sahəsindən çıxarıb, izini silmişdilər. Ərazilərə ad qoymaq ya da mövcud adı dəyişdirmək hegemoniya davasının əsas şərtidir. Bu bölgə daha sonra “İraq” adlanacaqdı. Yaxşı ki, Mosul, Bağdad və Bəsrənin də adları dəyişməyib.

Mosul bir vilayət kimi müharibənin ortasında 1916-cı ildə Skyes-Picot müqaviləsi ilə Fransaya verilmişdi. Həmin vaxtı neft öncəlik daşımırdı. Lakin ərazi üzərindən hərbi strategiya aparılırdı. İngiltərə, Rusiya ilə qonşu olmaq istəmir, arada tampon tutmağı hədəfləyirdi. Rusiya ilə İngiltərənin Mosuldakı qonşuluğu isə dəhşətli planlara görə mövcud idi: İran müəyyən bir nöqtəyə qədər Çar Rusiyasına verilmişdi və London da Rusiyanın Bəsrə Körfəzinə qədər getməsini istəmirdi.

1917-də Rusiyada rejim dəyişdikdə İngiltərə Rusiyanı və bolşevizmi sərhədləmək üçün bu dəfə Qafqazda tampon dövlətlərlə Rusiyanın daxilinə girməyi hədəfləyirdi. Bunun üçün də Mosulu əldə saxlamaq lazım idi. Mosul Hindistana gedib çıxan 3 quru yolundan Cənub yoluna qədər kilid rolu daşıyırdı. Yəni London-İstanbul-Mosul-Bağdad-Kirman və Kvetta xətti... Həmin vaxtı Hindistan indiki Pakistan Kvetta ya da Kıvatadan başlayırdı. Digər 2 yol isə Moskvadan keçirdi.

İngiltərənin rəqibi olan Rusiya İran vasitəsilə Bağdad-Bəsrəyə gəlmək istəsə, Mosuldan keçmək məcburiyyətində idi. Ən azından birdən Türkiyə şimaldan gəlsəydi, Mosul ona əngəl olacaqdı. Çünki Mosuldan sonra gələn Bağdad-Bəsrə ərazisi düzlük idi, yəni müdafiəsiz idi.

Mosul müharibədən sonra 1919-dan başlayaraq, Türkiyədə qalsaydı, Bağdad üçün planlanmış İngiltərə hökumətinin və Dəməşq üçün planlanmış Fransa hökumətinin təhdidi altına düşərdi. Mosuldan nəzarət edilə biləcək 3 şəhər vardı: Hələb, Dəməşq və Bağdad. Həmçinin, Fərat və digər İraq çayları da Mosuldan keçirdi. Həmçinin, Mosul vilayətində neft də vardı.

İngiltərə 1917-ci ildə və ondan sonra bu bölgənin Türkiyəyə və Fransaya verilməməli olduğunu mənimsəyib. Ora üçün başqa planları qurmaq lazım idi.

Osmanlı ordusu Bağdadı 1917-ci ilin mart ayında tərk etmişdi. 1918-ci ilin yanvar ayında belə ingilis ordusu Bağdaddan 100 km məsafədə, Samərra tərəfdə idi. Yəni Mosul sərhədlərindən kənarda idilər.

1918-ci ilin dünyasında neft

Dünyada neftin iqtisadi dəyəri 1900-cü illərin əvvəlindən etibarən hiss edilməyə başlanmışdı. Hələ ki, sənaye və nəqliyyata böyük bir tələb yox idi. Lakin 10 illik uzaqgörənliyi olanlar neftin önəmli bir qaynaq olduğunu hiss eləmişdi. ABŞ-ın nefti vardı və o həmin vaxt üçün kifayət idi. Dəniz ətrafı ərazilərə nəzarət edən və iqtisadi qaynaq axtaran İngiltərə İmperiyası üçün isə hər ərazi xam maddə rolu daşıyırdı.

Bab-ı Əli də öz ərazisindəki qaynaqlardan xəbərdar idi və yeni qaynaq olan neftin Mosul ərazisində olduğu da ortaya çıxmışdı. Onsuz da almanlardan başlayaraq, ingilislər, fransızlar, amerikalılar və axırda hər kəs Bab-ı Əlini Mosul və neft üçün təhrik edirdi. Əvvəlcə Almaniya Bağdad dəmir yolu vasitəsilə Mosula getmək istəmişdi, lakin buna müharibə əngəl olmuşdu. Sonra isə eyni yolu İngiltərə və Fransa hədəfləmişdi.

İngiltərə-Fransa-ABŞ üçlüyü müharibədə neftlə işləyən fabriklər, müharibə sursatları və neft məhsulu olan dağıdıcı bombalarla qalib olmuşdular. Müharibə anlayışını alt-üst edən yeni gəmilər, tanklar, uzun lüləli silahı olan avtomobillər, əsgər daşıyan yük maşınları və təyyarələrin hamısı neftlə işləyirdi. Kurzon 1918-ci ilin noyabrında müttəfiqlərin müharibəni “bir neft dalğası ilə irəliləyərək” qazandığını deyəcəkdi. Çıxış etdiyi yer müttəfiq ölkələrin neftlə bağlı müzakirələr etdiyi şura idi. Müttəfiqlər neft qaynaqlarını müharibə maşınlarına çatdırmaq üçün ortaq şura yaratmışdılar. Müharibəni qazanmağa kömək edən neft idi, sonrakı dönəmin hakimiyyəti üçün də neft qaynağına hakim olmaq lazım idi.

Müharibədən əvvəl Mosul və Bağdad nefti üçün 1912-ci ildə qurulan Türk Neft Şirkəti (TNŞ) müharibədən sonra alman hökumətindən ingilis-fransız hökumətinə keçdi. Arada dəyişməyən tək ünsür isə İstanbulda hər hadisənin altından çıxan Qalust Gülbənkiyan idi. Kapalıçarşıda böyüyən və qiymət bazarlığı etməyi yaxşı bilən Gülbənkiyan pul məsələlərinə siyasi alğı-satqısını da qarışdırmışdı. O, xarici səfirliklərin sevimlisi idi.

TNŞ-nin formal varlığı İngiltərənin Mosuldakı planları üçün uyğun bir vasitə halına gəlib. Formal şirkət hərbi işğalla birləşdikdə Mosul nefti üçün hüquqi struktur yaratmışdı. TNŞ sonrakı dönəmdə səhm dəyişiklikləri ilə və özündən də böyük bir önəmlə müstəmləkəçilər üçün əlverişli bir vasitə olacaqdı.

ABŞ-ın Mosul davasına girişi

I Dünya Müharibəsində Fələstin və Fərat-Dəcla hövzəsindəki nefti təkcə İngiltərə deyil, ABŞ da hiss eləmişdi. 1919-un mayında Paris konfransında ABŞ heyətinə Xarici İşlər Nazirliyindən teleqraf gəlmişdi: “Amerikanın neft şirkətləri Dəclə-Fərat hövzəsinin və Fələstinin neft sahələri baxımından ciddi şəkildə araşdırılmalı olduğunu düşünürlər. Bu fəaliyyətlər ABŞ hökuməti tərəfindən təsdiq olunacaqmı? Həmçinin, müzakirə edilən sülh müqaviləsi Amerika şirkətlərinin bölgəyə digər ölkələrin şirkətləri kimi hökümət dəstəyi ilə girməsini təmin edəcəkmi?”

Amerikanın neft şirkətləri İngiltərə və Fransanın bölgədə öz şirkətləri üçün neft davası etdiyini görür və ABŞ hökumətinin də öz şirkətləri üçün mübarizə aparmasını istəyirdi. ABŞ Xarici İşlər Nazirliyinin Osmanlı ərazisindəki neft davasında iştirak etməyi məsləhət görən teleqrafın tarixi 21 may 1919-cu ildir. İzmirin işğalından 6 gün, Mustafa Kamalın Samsuna gəlişindən 2 gün sonra.

Daha sonra isə İngiltərə və Fransanın nefti aralarında böldüyü 1920-ci ilin may tarixli San-Remo müqaviləsi gəlir. Bu müqavilənin elan edilməsindən sonra Londondakı ABŞ səfiri, Xarici İşlər naziri Kurzona: “İraq və Fələstində mandat idarəçiliyi qurmaq niyyətiniz varsa, deməli, indidən ingilis neft şirkətlərini də ayrı tutmağa başlamısınız. Bərabərlik prinsipinə əməl edin və müəyyən şirkətlərə xüsusi imtiyazlar verməyin”, deyən bir nota yazıb. Yəni ABŞ ilə İngiltərə neft davası alovlanmışdı.

Kurzon bu notaya cavab verməyib. Bəhanə olaraq da: “Fransa ilə cavab vermək üçün razılığa gələ bilmədik”, deyib. 2 ay sonra iyul ayında ABŞ: “San-Remo-da Fransa ilə imzaladığınız neft sazişi mandat sisteminin pozuntusudur”, deyə yeni bir nota göndərib.

Nəhayət, Kurzon avqust ayının əvvəlində cavab göndərir. Həmin vaxtı İngiltərə Xarici İşlər Nazirliyi çalışıb və ABŞ-ın tezislərini boşa çıxarmaq üçün Meksika da daxil olmaqla bir çox yerdən “bənzərliklər” tapıb, hüquqi rəy vermişdi. Kurzon “ABŞ-ın ayrı-seçkiliyə məruz qaldığını demək çox gülüncdür”, deyib. ABŞ dünya neft istehsalının 80%-ni, İngiltərə isə 4,5%-ni həyata keçirir. Yəni ABŞ-ın kifayət qədər nefti var, şikayətləri yersizdir. Kurzon notada İngiltərənin dünya ehtiyatlarının 80%-ni nəzarət altında saxladığını qeyd etməyib. Həmin vaxtı inglis işğalı və ya nəzarəti altında İran-İraq ərazisi neftin 80%-nə sahib idi. Kurzon: “Mandat idarəçiliyindən danışırsınız, amma bu barədə ancaq Millətlər Cəmiyyəti danışa bilər. ABŞ isə Millətlər Cəmiyyətinin üzvü deyil”, deyərək başqa bir həmlə edirdi. Dünya imperatoru olan İngiltərə o zamanlar yeniyetmə sayılan ABŞ-a qarşı çıxa bilirdi. Ya da ona elə gəlirdi. Çünki İngiltərə və Fransa I Dünya Müharibəsində ABŞ sayəsində qalib gəlmişdi. Təbii ki, ABŞ bunu unutmamışdı. ABŞ Xarici İşlər naziri Kolbi 1920-ci ilin noyabrında Kurzona konkret şəkildə bildirib: “Avropadakı zəfər ABŞ sayəsində əldə olunub. ABŞ mandat bölgələri ilə yaxından maraqlanır. Millətlər Cəmiyyətinə üzv deyilik, amma burada mandat rəhbərliyi qurmaq istəyirsinizsə, əvvəlcə məsələnin eskizini bizə göndərin, biz də baxaq...”

ABŞ-ın Avropaya: “Biz olmasaydıq, bu dəqiqə hamınız almanca danışırdınız”, kimi sözləri 1920-nin noyabrında ABŞ Xarici İşlər naziri Kolbi tərəfindən nəzakətlə bildirilmişdi. Təxminən 100 il sonra 2018-ci ildə də Donald Tramp eyni şeyi dedi, sadəcə olaraq daha konkret danışdı. Üstəlik, arada keçən vaxt ərzində bir deyil, iki müharibə baş vermiş və Avropa 2 dəfə almanca öyrənməkdən xilas edilmişdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar