Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

"Son 15 ildə əməkhaqqı və pensiyanın 10 dəfə artması sosial siyasətimizi göstərir" - Prezident

"Biz bu illərdə digər sosial layihələri uğurla icra etmişik. Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir"

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

Dövlət başçısı deyib: "Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır.

Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır. Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil.

Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.

Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik.

Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir.

Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. Dünən, Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə “ASAN xidmət” mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan “ASAN xidmət”dən istifadə edib. Bu, Azərbaycan brendidir, biz indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.

Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq. İcbari-tibbi sığorta Azərbaycanda pilot layihə kimi icra edilibdir və nəticələr həddindən artıq müsbətdir. Biz bəlkə də heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq. Bu, həm əhali, həm həkimlər tərəfindən, həm də bütün digər sahələrdə yüksək qiymətləndirilir. Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var.

Biz bu gün, eyni zamanda, Heydər Əliyev Fondunun 15 illiyini qeyd edirik. On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.

Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik. Sağ olun!"

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi ilə bağlı Sərəncamı oxundu.

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatının akademik Xoşbəxt Yusifzadəyə təqdim edib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib. (Demokrat.Az)

pia.az


loading...