Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Səfirlik işçiləri, onların ailə üzvləri dövlətə böyük yükdür, ixtisar edilsin"

SƏFİRLİKLƏR LAZIMDIRMI? (diplomatlar ixtisar olunmalı, beynəlxalq tədbirlərə az pul xərclənməli, xaricdə az veyllənmək lazımdır)

16 ildən sonra Xarici İşlər Nazirliyinə (XİN) qeyri-diplomat rəhbər gəldi. 16 il ərzində bu nazirliyə peşəkar diplomat rəhbərlik etmişdi. Onun, habelə bütövlükdə diplomatiyamızın fəaliyyətinə mənfi qiyməti bu ay keçirdiyi müşavirədə Prezident verdi. Yekunda XİN-i sağlamlaşdırmağı qeyri-diplomat olan yeni nazirə tapşırdı. Bu yazıda mən XİN-in necə sağlamlaşdırılması üzrə konseptual baxışımı təsbit edəcəyəm.

1. Təkcə 2020-ci ilin dövlət büdcəsində xarici siyasət üçün təxmini 435 mln. manat vəsaitin xərclənməsi nəzərdə tutulub (bu məbləğə digər dövlət qurumlarının beynəlxlaq əlaqələri, o cümlədən xarici səfərləri daxil deyil). Onun əksər hissəsi 2 istiqamətə xərclənməlidir: 1) xaricdəki diplomatik nümayəndəliklər və konsulluqlar – 135,3 mln. manat; 2) beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi – 226 mln. manat. Müqayisə üçün XİN-in özünə cəmi 20,4 mln. manatın xərclənməsi nəzərdə tutulub. Buna görə də əsas diqqəti daha iri olan iki xərc istiqamətinə yönəltmək lazımdır. Onu da qeyd edim ki, ümumən bu sahəyə xərclərimiz ildə ilə artır.

2. Hesablamam göstərdi ki, hazırda Azərbaycanın 3 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi (BMT yanında hətta 2 nümayəndəlik: Nyu-Yorkda və Cenevredə), 67 ölkədə səfirliyi, 6 şəhərdə baş konsulluğu və 14 şəhərdə fəxri konsulluğu (hətta Cibutidə də) var. Səfirliyimizin olduğu ölkələr sırasında hətta belə ölkələr də var: Efiopiya, Kolumbiya, Livan, Vyetnam. Bilmirəm səfirlərimiz orada nə ilə məşğuldur. Amma hətta daha nüfuzlu ölkələr var ki, orada da səfirlərimizin fəaliyyəti mənə qaranlıqdır: Argentina, Avstraliya, Bosniya və Herseqovina, Bolqarıstan, CAR, Çili, Xorvatiya və s. Qazaxıstan və Səudiyyə Ərəbistanındakı səfirliklilərimizin isə hətta 2 şəhərdə ofisi mövcuddur. Ümumən kiçik Azərbaycan üçün bu qədər səfirliyin olması çoxdur. 15-20 ölkə ilə tam kifayətlənmək olardı.

3. Lakin söhbət yalnız saydan getmir. Müasir informasiya texnologiyaları dövründə dünyada səfirlik institutu əvvəlki aktuallığını itirib. Çağdaş pandemiya da tam təsdiqlədi ki, əyani təmas artıq köhnədə qalıb, onsuz da keçinmək olar. Klassik səfirlik nə ilə məşğul idi?
- Öz ölkə rəhbərliyini olduğu dövlətdə təmsil edirdi. Amma hazırda bunun üçün artıq həmin ölkədə olmaq lazım deyil. İstənilən səviyyədə dövlətlərarası danışıqları internet vasitəsilə təşkil etmək olar. Hər hansı söhbətin audio və videoyazısı təhlükəsi altında hazırda onsuz da rəsmi səviyyədə səmimi təmas mümkün deyil. Gizli (səmimi) danışıqlar qeyri-rəsmi kanallarla elə yerdə (məsələn, təbiətdə) aparılır ki, heç kəsin səsi yazıla bilməsin.
- Olduğu ölkə haqqında məlumat toplayırdı. Amma indi XİN bunu internet vasitəsilə həmin ölkədə nümyəndəsi olmadan da edə bilər.
- Ölkəsinin vətəndaşlarını olduğu dövlətdə müdafiə edirdi. İndi bunu da internet vasitəsilə etmək olar.
- Viza verirdi. Hazırda vizanı da onlayn rejimdə vermək olur.
- Olduğu ölkədə kəşfiyyatı təşkil edirdi. Hazırda bu, çox qəliz məsələdir. Müasir texnologiyalar səfirliyin əməkdaşlarını daimi güdməyə tam imkan verir. Bu işi qeyri-rəsmi kanallarla etmək daha rahatdır. Sərhədlər əvvəlki kimi qapalı deyil, biznes əlaqələri çox genişdir. Buna görə də bu işi biznes subyektləri pərdəsi altında görmək daha təhlükəsizdir.

4. Hazırda səfirlik könhəlmiş atributdur. İri dövlətlər üçün onların çoxluğu nüfuz məsələsidir. Bizim kimi kiçik ölkələr üçün isə artıq yükdür. Mən hələ onu demirəm ki, səfirliklərimizdə lazımsız işçilər də çoxdur. Məsələn, mühasiblər. Müasir dövrdə əyani mühasib nəyə lazımdır axı? Bu işi tam avtomatlaşdırıb XİN-dən idarə etmək olar. Nəinki səfirlik işçiləri, onların ailə üzvləri də dövlətimizə böyük yükdür. Yüksək maaşlar, yaşama xərci və s. öz yerində. Digər yersiz xərclər də var. Məsələn, səfirlik rəhbərliyinin övladları xaricdə dövlətimizin hesabına təhsil alır və s. və i.a.

5. Diplomat peşəsinin özü də tənəzzülə uğrayıb. Müasir informasiya texnologiyaları şəraitində savadlı və bacarlıqlı diplomatlara ehtiyac qalmayıb. Çünki onların fərasətlərini göstərmək üçün imkan yoxdur. 100 il əvvəl diplomat xaricdə olarkən yerində konkret məsələ həll edirdi, çünki öz ölkəsinin rəhbərliyi ilə daimi əlaqəsi yox idi. İndi isə belə deyil: diplomatlar hər addımlarını onlayn rejimdə XİN-lə razılaşdırır. Təşəbbüskarlığa ehtiyac qalmayıb.

6. Əslində, diplomatiya heç elm də deyil axı. Məharətdir! Sadəcə tarixi və müasir siyasi vəziyyəti yaxşı bilmək lazımdır. Tarixçi, politoloq və s. – bunların hər biri potensial diplomatdır (buna görə də XİN rəhbəri olmaq da xüsusi hazırlıq tələb etmir). Uzağı 6 aylıq təlimə ehtiyac var ki, diplomatik davranış qaydalarını istənilən şəxs öyrənsin, vəssalam. Bununla belə, ali məktəblərimiz hələ də xeyli diplomat hazırlayır. Lazım deyil. Onsuz da yekunda gördük ki, peşəkar diplomatlar nə etdi. İndi də XİN-də qeyri-diplomatlar dövrü başlayıb. Diplomatlar arxivə verilir. Yeri gəlmişkən, bir sıra diplomatlarımız artıq çoxdan digər sahələrdə uğurla çalışır. Hətta nazirlərimizin içində diplomatlar var: maliyyə naziri və energetika naziri. Dövlət başçımız da ixtisasca diplomatdır. Bununla belə, bu peşənin sahibi olan əksəriyyət yekəbaşlıq, başqalarına yuxarıdan aşağı baxmaq, reallıqda boş-boş və heç kəsə lazım olmayan kağız-kuğuz işi görməkdən savayı bir şey bacarmırlar. Bir də təbii xaricdə dövlətin hesabına gəzib dolaşmağı. Bu, yalnız bizdə belə deyil, bütün dünyada belədir. Diplomatların işi əsasən boş-boş şeylərlə, formal mərasimlərlə məşğul olmağa çevrilib. İşlətdikləri sözlər də əzbərçilik, təkrarçılıq və yamsılamadır. Bu peşənin cazibədarlığı yox olur. Diplomatlara heyranla baxanların sayı azalır, çünki reallıqda əsasən lazımsız olduqları yavaş-yavaş hamıya bəlli olur.

7. Yeri gəlmişkən, xaricdə gəzib dolaşan təkcə diplomatlar deyil. Digər dövlət qurumlarının da əməkdaşları (xüsusilə rəhbərliyi) hər il çoxsaylı xarici ezamiyyətlərə gedir. Nə bilim, bu konfrans belə getdi, o tədbir elə getdi. Mütləq əksəriyyəti də lazımsız şeylərdir. Sadəcə xaricə veyllənməyə gedirlər (bəziləri hətta forsla deyir ki, guya işlə bağlı xaricə getməkdən yorulublar). Həmin tədbirlərdə internetlə də iştirak etmək olar (karantin dövrü bunu sübut etdi). Xaricə getmək lazım deyil. Sadəcə dövlət büdcəsinin üzərinə düşən əlavə yükdür.

8. Milyonlar yox, on milyonlar yox, hər il yüz milyonlarla vəsait səfirliklərin səmərəsiz fəaliyyətinə və lazımsız beynəlxalq tədbirlərə gedir. Buna görə də səfirliklərin sayı azı 3 dəfə azaldılmalı, mövcud səfirliklərdə işləyənlərin bir qismi ixtisar olunmalıdır. Qalan işçilər üzrə də bədxərcliyə yol verilməməlidir. Diplomatik əlaqələrin olması heç də o demək deyil ki, mütləq hər yerdə səfirlik olmalıdır.

9. Əksər ölkələrdə təbliğat və bu kimi tədbirlərə son qoyulmalıdır. Lazımsız şeylərdir. Kiçik və orta ölkələrin öz problemləri var, nə biz, nə də ermənilər onlara maraqlı deyil. Müqayisə üçün: Azəbryacanda fəaliyyət göstərən əksər xarici səfirliklərin və keçirdikləri tədbirlərin bizim həmin ölkələr haqda rəyimizə təsir edirmi? Əsla yox. Bəs niyə düşünürük ki, bizim diplomatların xaricdə etdiklərinin bir effekti var? Yoxdur! Beynəlxalq aləmdə biz əsasən iri dövlətlər, habelə bizə yaxın olan ölkələrdə fəal olmalıyıq. Yəni ən əsas problemimiz olan işğal olunmuş ərazilərimiz məsələsinə təsiri olan ölkələrdə. Biz onsuz da bilirik ki, işğal olunmuş ərazilərimizi yalnız hərb yolu ilə qaytara biləcəyik. Belədirsə, bu qədər ölkədə guya diplomatik aktivlik (əslində, heç bir aktivlik də yoxdur, imitasiya var, diplomatlar sadəcə isti yer tapıblar özlərinə) nəyə lazımdır? Xristian dünyasında da, hətta İsraildə də ermənilərə simpatiya daha çoxdur. Biz onsuz da bunu dəyişə bilməyəcəyik. Yalnız hamını özümüzlə hesablaşmağa vadar edə bilərik. Bunun üçün isə səfriliklərə, çoxsaylı beynəlxalq tədbirlərə ehtiyac yoxdur.

10. Mən demirəm ki, Azərbaycan haqqında beynəlxalq aləmdə müsbət imic formalaşdırmaq lazım deyil. Amma bu, səfirliklərin bacara biləcəyi iş deyil. Tədbirlərdə iştirak, yaxud onların Azərbaycanda keçirilməsi də bir şey verməyəcək. Çağdaş dövr istehlak cəmiyyətinin hökmranlığı dövrüdür. Xarici əhali üçün cəlbedici olmalıyıq. Əlbəttə, demirəm ki, ermənilər kimi bizim də Kardaşyanımız olsun. Amma məsələn dünyada baxılacaq yaxşı film çəkə bilərik, yaxud nə isə icad edə bilərik. Bir sözlə, təhsil, elm və incəsənət yolu ilə etməliyik bunu (məsələn, Rusiyada bizi uğurlu səfir təmsil edir, bəlkə də orada Azərbaycandan daha hörmətlidir). Özü də yüksək səviyyədə. Qoy az olsun, amma təsirli olsun. Diplomatlar isə cari işləri ilə məşğul olsunlar. Az olsunlar və büdcənin də başına daş salmasınlar...

P.S. Yazdıqlarım mütləq həqiqət deyil, sadəcə son zamanlar düşündüklərimdir. Bu yazı müzakirəyə dəvətdir. Hamımız başa düşürük ki, bu sahədə islahatlar olmalıdır. Amma onların mahiyyəti haqda söz deyən yoxdur. Sadəcə gəlin düşünək. Özünüzə suallar verməkdən başlayın. Məsələn, səfirlikliklərimizin işgüzar gününə adətən nə daxildir? Xaricdə nə edirlər? Beynəlxalq tədbirlər bizə nə verir? Xərclənən vəsaitə dəyirmi? Və s. və i.a. Ümid edirəm ki, bu ilin sonunadək XİN-in yeni rəhbərliyi də tam formalaşacaq və islahat konsepsiyasını açıqlayacaq...


Əkrəm Həsənov

Ekspert

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar