Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İslahatlar başlasa, İlham Əliyevi müdafiə edəcəyik" - Pənah Hüseyn

“Sabiqlər” layihəsində bu dəfə Azərbaycanın sabiq Baş Naziri Pənah Hüseynlə həmsöhbət olduq...

Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən hakimiyyətdaxili çəkişmələrin səbəblərindən, buraxılan səhvlərdən, atılmayan addımlardan danışdıq.

- Sabirabadda orta məktəbdə müəllim, diyarşünaslıq muzeyində , Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərən Pənah Hüseyni siyasi meydana atan səbəb oldu?

- Keçmiş SSRİ-də 1980- ci illərdə yenidənqurma prosesləri başlananda mən Moskvada qapalı elmi tədqiqat müəssisəsi olan Tətbiqi Sosioloji Tədqiqatlar İnstitutunda aspirant idim. Elmi rəhbərim, SSRİ-də milli münasibətlər sahəsindən ən tanınmış alimlərdən prof. Maxsud Sadekoviç Cunusovun rəhbərliyi ilə “Adi şüurda milli və dini olanın qarşılıqlı əlaqəsi. Sosial- psixoloji və semiotik aspektləri” mövzusunda tədqiqat üzərində çalışırdım. Moskvada artıq proses başlamışdı və fərqli, yeni mühit formalaşırdı. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının qapalı seminarlarında, “Lteraturnoe kafedə”, SSRİ Kinometroqrafiya Komitəsinin klubunda,“Pamyatın” tədbirlərində, Rusiya Fələstin Cəmiyyətinin yığıncaqalarında, “Borya” kimi tanıdığımız samizdat ticarət şəbəkəsindəki diskussiyalarda və s. yerlərdə bu fərqli mühit getdikcə daha açıq aydın hiss olunurdu və siyasi rəng alırdı. 1984-cü ildə tələbə yoldaşım Aydın Balayev vasitəsilə o vaxt Moskvada doktorluq dissertasiyası üzərində işlə bağlı elmi məzuniyyətdə olan Əbülfəz Elçibəylə tanış olduq. Əbülfəz bəy “Belyayev” metrosunun yaxınlığında SSRİ EA yataqxana şəhərciyində qalırdı və burda və Lenin adına kitabxanada 6 ay ərzində mütəmadi ünsiyyətdə olduq. Nəsib Nəsibli, Heydər Əsədov, Aypara Əliyev və digərləri ilə də Moskvada tanış oldum. Bir müddət mərhum Aydın Məmmədovla bir mənzildə kirayədə qaldıq.

Əbülfəz bəylə tanışlığımız Bakıya qayıtdıqdan sonra mənim burdakı proseslərə qoşulmağımda çox ciddi rol oynadı. 1975-ci ildən, universitetdə eyni fakültədə təhsil aldığımız və artıq 80-ci illərdən ictimai dairələrdə tanınan İsa Qəmbərlə də tanışlığım və dostluğum da nəzərə alınsa, məncə, bir çox şey aydınlaşır. Və mənim də daxil olduğum insan tipi başqa bir siyasi dünya olsaydı, yəqin, orda da izsiz yaşayıb getməzdi. 87-ci ilin əvvəlində Bakıya qayıtdım və Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunda işləməklə yanaşı, Xarici Dillər İnstitutunda, rus sektorlarında Azərbaycan Pedaqoji İnstitutunda və tarixi materializm, dialektiv materializm, fəlsəfə tarixi, elmi ateizimdən dərs demişəm. Məzmunu kommunist totalitar rejimi adlandırılan quruluşa qarşı demokratikləşmə prosesi yenidənqurma adı altında Bakıya da gəlib çatmışdı. Proses siyasi proses idi.

87-ci ilin sonlarından erməni separatizmi baş qaldırdı və Azərbaycanda bu məsələ ilə bağlı xalqın milli müqavimət hərəkatı, bunun tərkibi və paralel olaraq eyni zamanda əsrin əvvəllərində mövcud olub demokratik cümhuriyyətin yaranmasına səbəb olmuş Azərbaycan Milli Hərəkatı yeni bir vüsət aldı, geniş kütlələri əhatə elədi. Mitinqlər, qeyri-formal yığıncaqlar, təşkilatlar dövrü başlandı. Elmlər Akademiyası bu prosesin mərkəzi idi. Və mən də siyasətə bu proseslə gəldim deyə bilərəm. “Çənlibel”, “Azərbaycanı Xilas” cəmiyyəti, “Varlıq” və nəhayət Xalq Cəbhəsi...

- Maraqlıdır, niyə həmin dövrdə hərə bir təşkilat yaradırdı? Eyni təşkilatda birləşmək bu qədərmi çətin idi?

- Sizin bu sualınız yəqin ki, o dövrü yaxşı bilməməyinizdən irəli gəlir. Təkpartiyalı totalitar kommunist rejimi tamamilə fərqli bir rejim idi. Orda nəinki kiçik qrupların, hətta ayrı-ayrı fərdlərin belə fərqli hərəkəti dərhal onu məşhur edirdi, yenilərini prosesə gətirirdi, həm də bir növ idarəolunmayan zəncirvarı reaksiyalar, partlayışlar gedirdi. Bundan əlavə totalitar, təkpartiyalı, daha dəqiqi partiyasız qapalı cəmiyyətin dağıdılması, eyni zamanda, azad siyasi rəqabət mühitinin formalaşdırılması, insanın təşkilatlanma, siyasi əqidəsini seçmə və ifadə etmə azadlığının təsbiti, demokratiyanın əsas atributlarından olan çoxpartiyalı siyasi sistemin fopmalaşdırmaq hərəkatın əsas, strateji hədəflərindən biri idi və bu təşkilatlanmanı siyasi fəallığın artırılması, milli mücadiləyə kütlələrin cəlb edilməsi kimi stimullaşdırılmasını tələb edirdi.

- Xalq Cəbhəsinin hakimiyyətdə olduğu illərdə hakimiyyətdaxili ziddiyyətlər də çox idi. Elçibəy hakimiyyətinin devrilməsinin səbəblərindən biri də bu çəkişmələr ola bilərmi?

Bütün dövrlərdə, hətta ən avtoritar rejimlər daxilində də siyasi komandalarda müəyyən fikir ayrılıqları, ziddiyyətlər, mənafe qrupları, intriqalar olur. Bizim hakimiyyətin təcrübəsini bir kənara qoyuram. 1993-cü ilin oktyabr ayının 4-də Rusiya ordusunun tankları Moskvada ölkə parlamentinin yerləşdiyi binanı atəşə tutdu. O vaxt parlamentin sədri Ruslan Xasbulatov və ona dəstək verən vitse-prezident Aleksandr Rutskoy Yeltsini devirirdi və onlar bir qədər əvvəl Yeltseni hakimiyyətə gətirən komandanın həlledici üzvləri idilər. Gürcüstanda, Ermənistanda, Tacikistanda neçə-neçə bu tipli hadisələr baş verdi. Nəzərə alsaq ki, keçmiş SSRİ-nin tərkibində olan ölkələrin bir çoxunda dövlətçilik ənənələri yox idi, ölkədə SSRİ-nin, sisteminin dağılması davam edirdi, ümumi bir inqilabi anarxiyaya əhval-ruhiyyəsi var idi, belə bir şəraitdə təbii ki, inqilablarla hakimiyyətə gəlmiş komandalar daxilində də ziddiyyətlərin olması təbii idi.

Ata-oğul Əliyevlərin hakimiyyətə gəlməsindən 26 il ötüb, bu 26 ildən sonra da elə içində yaşadığımız günlərdə hakimiyyətdaxili ziddiyyətlər kəskinləşməyibmi? İlham Əliyev bu günlərdə keçirtdiyi müşavirədə demədimi ki, hakimiyyət daxilində keçirtdiyimiz reformlara, islahatlara mane olan şəxslər var, bir hökumətin üzvü, digər hökumət üzvünü mətbuat vasitəsiylə şantaj edir? Bütün komandada siyasətçilərin hamısı eyni fikirdə ola bilməz. Amma bu ziddiyyətlərin bir həddi olmalıdır. Fikir ayrılıqları, ziddiyyətlər sistemə, hökumətə dağıdıcı təsir göstərən anda bunun mütləq qarşısı alınmalıdır.

- İlham Əliyev bunun qarşısını almaq üçün addımlar atır. Bəs Elçibəy və komandası nə etdi?

- Mən hesab edirəm ki, o vaxt ziddiyyətləri həll edib, elə həmin komandanın əksəriyyəti ilə növbəti mərhələyə keçmək olardı. Amma nəticədə məlum hadisələr baş verdi. O dövrdəki obyektiv situasiya indikindən də çətin və mürəkkəb idi. Müharibə gedirdi, ortada “tüfəngli adam” faktoru vardı. Lakin əslində bir sıra işlər də görülmüşdü. 1993-cü ilin may ayında Prezident yanında müşavirə keçirildi və orda “Dövlətçilik ili” elan olundu. Çox ciddi kadr dəyişikliyi ilə bağlı anons verildi. Ümumiyyətlə isə məncə, kadr inqilabı baş verməli idi, bir halda ki, inqilab baş vermişdi, onu sona qədər çatdırmaq lazım idi, siyasi elita inqilabi üsulla dəyişdirilməli idi, prezident seçkisindən dərhal sonra yeni parlament seçkiləri keçirmək lazım idi və s.

- Bəs bu prosesin başlamasına nə mane oldu?

1993-cü ildə baş verən qiyam bizim bu prosesi başlatmağımıza mane oldu. Bu qiyamın qarşısını almaq olsaydı, Azərbaycanın indiki siyasi mənzərəsi tamamilə fərqli olacaqdı.

- Elçibəy hakimiyyətə gələndən sonra bütün vəzifələr dəyişdirildi deyirlər...

- Əvvəla bu çox yanlış bir fikirdir ki, Elçibəy hakimiyyətə gələndən sonra cəmi on faiz vəzifə dəyişdirilmişdi. Amma indi düşünürəm ki, bunu yuxarıda da ifadə etdim, daha çox dəyişiklik etmək lazım idi.

- Sizcə də Xalq Cəbhəsinin hakimiyyəti dövründə idarəçilikdəki hansı səhvlər hakimiyyətin devirilməsini sürətləndirdi?

- Əvvəla hadisələri nəticəyə görə izah etmək metodikası çox qüsurludur, doğru deyil. Yuxarıda dedim, təkrar edirəm. İnqilabı axıra qədər etmək lazım idi. Siyasi elita dəyişilməli idi. Hakimiyyətin gücünü tətbiq etmək, prezidentin kursuna, qanununa, hüququna qarşı, Azərbaycanın maraq və mənafeyinə qarşı çıxan şəxsləri hüquq daxilində qəti şəkildə zərərsizləşdirmək lazım idi.

- O dövrün Baş Naziri kimi sizin heçmi səhviniz olmadı?

- Sözün düzü, mənim səlahiyyətlərim Baş Nazir olandan sonra dövlət katibi olduğum zamanlara nisbətən məhdudlaşdırılmışdı, yəni səhvlərdən danışanda dövlət katibi dövrünü də nəzərdə tutmaq lazımdır.

- Yəni sizin səhviniz olmayıb?

- Mən elə bir söz demədim. Ümumiyyətlə hər zaman bunu deyirəm ki, bütün səhvlər işlər komandanın, yaxşı işlər prezidentindir.

- Xalq Elçibəyi prezident kimi seçmişdi. Bəs necə oldu ki, qısa müddət sonra ona qarşı çıxan bir ovuc silahlının qiyamı qarşısında dayana bilmədi?

- 1920-ci ildə Cümhuriyyətin hakimiyyətdən getməsinə səbəb nə oldu? Niyə getdi? Rusun 70 minlik 11-cı Qızıl Ordu sərhədi artıq keçmişdi, o vaxt Milli Hökuməti məcbur elədilər ki, hakimiyyəti bolşeviklərə təslim etsin. Bununla da müstəqillik qurtardı. Elçibəy hakimiyyətində təbii ki, səhvlərin qüsurların olmadığı iddiasında deyiləm. Seçkilərdə Əbülfəz Elçibəyə 100 faiz səs verilməmişdi. Onun seçildiyi seçkilərdə Nizami Süleymanov da 32 faiz səs toplamışdı. Bu səs təkcə Nizami Süleymanovun səsi deyildi. Bu səs həm də Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən qorxan qüvvələrin səsi idi. O qüvvələrin arxasında da güclü, nüfuzlu xarici qüvvələr dayanmışdı. Bu sirr deyil ki, həmin qüvvələrin başında da İranRusiya dayanırdı.

- Belə çıxır ki, o vaxtkı iqtidar bu qüvvələrlə bacarmayıb. Bəs xalq niyə hakimiyyəti müdafiəyə qalxmadı?

- Hər bir hökumətin əsas vəzifəsi öz hakimiyyətini qorumaqdır. Çünki özünü qoruya bilməyən hakimiyyət dövləti və xalqı qoruya bilməz. Bizim hakimiyyət özünü qorumalı idi. Daha qətiyyətli addımlar atılmalı idi. Əslində biz buna cəhd də etdik, amma nail ola bilmədik. Xalq səni hakimiyyətə gətirə bilər, amma hakimiyyəti qoruyub müdafiə etmək sənin borcundur və sən hakimiyyəti qoruyub saxlaya bilməmisənsə, bu, xalqın sənin əleyhinə olması demək deyil.

- Qarabağ problemini daha çox torpaq itirmədən həll etmək üçün hansı addımlar atıldı?

- Qarabağ məsələsi 88-ci ildən alovlanmağa başlamışdı. İlk şəhidlərimizi də elə həmin ildə vermişik. 91-ci ildə artıq ermənilərin bizə nisbətən güclü silahlanmış ordusu var idi. O ordunun qarşısında əlində quş tüfəngindən başqa silahı olmayan dinc əhali və Xalq Cəbhəsi var idi. Demək istəyirəm ki, bu anında həll olunan məsələ olsaydı, əmin olun ki, həll edilərdi. Bu məsələnin arxasında çox böyük dünya güclərinin maraq və mənafelərinin olduğu məlum oldu. Eyni zamanda 92-93-cü illərdə Elçibəy iqtidarının Qarabağ məsələsinin həlli istiqamətində hərbi, siyasi, diplomatik istiqamətlərdə apardığı işin yekunu 93-cü ilin iyununda artıq hazırlanmış, paraflanmış, imzalanması gözlənilən Böyük sülh müqaviləsi idi. İyun ayının 7-də müzakirədən sonra qəbul olunan həmin müqavilədəki qrafikə görə erməni hərbi qüvvələri 20 iyunda Kəlbəcərdən çıxırdı və 40 gün ərzində Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla müharibə qurtarırdı. Ermənistan hökuməti sülhə getməyə razılaşmışdı.

“Firudin Cəlilov nazir postuna mənim təkidimlə gəlib”

- Firudin Cəlilov müsahibəsində Azərbaycanda Ali Məktəblərə qəbul imtahanlarında test üsulunun ideya və təşəbbüsünün özünə məxsus olduğunu iddia edir. Və sizin də həmin proseslərin iştirakçısı olduğunuzu bildirib...

- Mən Firudin Cəlilovun həmin müsahibəsində səsləndirdiyi iddialara yazılı cavab vermişəm. Sənədlərlə sübut edilir ki, onun söylədikləri həqiqəti əks etdirmir. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında test üsulununun tətbiqi ideya və təşəbbüs Prezident olduqdan sonra siyasi iradə olaraq Elçibəyə məxsusdur. SSRİ-nin son illərində ən ciddi korrupsiyalaşmış sahələrdən biri qəbul imtahanlarında idi. Ona görə də bu sahədə korrupsiyanın aradan qaldırılması, haqq-ədalətin bərqərar olunması üçün yeni qurulacaq dövlət məsələsi müzakirə olunarkən Xalq Cəbhəsi və onun sədri olaraq Əbülfəz Elçibəy qəbul imtahanlarında bir qayda olaraq Türkiyə modelini əsas götürdü. 1992- ci ilin yazında Türkiyə müstəqillik qazanmış yeni türk Cümhuriyyətlərindən hər il 10 min tələbənin Türkiyədə Türkiyə dövləti hesabına təhsil almasını nəzərdə tutan “Böyük Öyrənci projesi” adı almış proqram qəbul etdi. 1992- ci ilin may ayının 3-də Süleyman Dəmirəlin Bakıya səfəri zamanı Azərbaycan Respublikası təhsil sahəsində əməkdaşlıqla bağlı bir müqavilə imzaladı.

Həmin müqaviləyə görə 1400 ali, 600 orta təhsil müəssisəsinə azərbaycanlı tələbənin qəbulu nəzərdə tutulurdu. Düzdü, bu müqavilədə tələbələrin yerində necə seçilməsi, Türkiyəyə göndərilməsiylə bağlı dəqiq göstərişləri, şərtləri əks etdirən müddəalar yox idi. Amma sonrakı protokollarla razılaşdırılmışdı ki, Türkiyənin o dövrdə Baş Bakanlığa tabe olan xüsusi dövlət idarəsinin nəznində xüsusi idarə bu qəbul prosesində iştirak etsin. Əslində, Azərbaycanda qəbul imtahanlarına test üsulunun gətirilməsində Türkiyədə həyata keçirilən həmin “Böyük Öyrənci Projesi”nin layihəsinin böyük, həlledici təsiri olub.

- Doğurdanmı Firudin bəy tələbə qəbulunda test üsulunun tətbiqini prezidentə qəbul etdirmək üçün tələbə qəbulu imtahanlarını dayandırmışdı?

- Bunlar əlbəttə ki, həqiqətə uyğun deyil. Düzdü, iyul ayının 2-də belə bir sərəncam imzalanıb. O sərəncam hətta mətbuatda da dərc olunub. Həmin dövrdə axşam və qiyabi imtahanları iyul ayında keçirilirdi. May ayında artıq elan verilmişdi. LaçınŞuşanın işğalı ilə bağlı Xalq Təhsil Nazirliyinin təklifi ilə işğal olunmuş rayonlarda yaşayan insanların qaçqın düşməsi və onların qəbul imtahanlarına gəlməsiylə bağlı yaranan çətinliklə əlaqədar olaraq axşam və qiyabi şöbəyə artıq sənədləri qəbul edilən şəxslər üçün imtahanların keçirilməsi dayandırıldı. Bunun qətiyyən nə Firudin bəyə, nə də testə aidiyyəti yoxdur. Firudin Cəlilov daha sonra iddia edir ki, o bu məsələni Elçibəylə müzakirə edib, Elçibəy test üsulunun keçirilməsin razılıq verməyib. Belə bir şey də olmayıb. Mən Firudin bəyin təhsil sahəsindəki əziyyətlərini, təşəbbüslərini qətiyyən kənara qoymuram. Amma bu boyda da yalan olmaz axı. İyun ayının üçüncü on günlüyündə tələbə qəbulu üzrə, o cümlədə də test üsulu ilə qəbul məsələləri nəzərdə tutularaq Prezident aparatında əməli işçi qrupu yaradılıb.

Rəsmi dövlət agentliyi bununla bağlı məlumat yayıb. İyul ayının 11-də Prezident aparatında Humanitar Məsələlər üzrə Dövlət Müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə test üsuluna keçmək barədə müşavirə keçirilib. Tələbələrin Türkiyəyə göndərilməsi isə baş verib iyul ayının 19-da. Yəni təsəvvür edin ki, Prezidentin test üsulunun əleyhinədir, eyni zamanda iyun ayında test üsuluna keçməyi ehtiva edən Prezident aparatında əməli işçi qrup yaradılır, iyulun ayının 11-də Prezidentin dövlət müşaviri həmin əməli işçi qrupunun hesabatının da dinlənildiyi müşavirə keçirir və bununla bağlı rəsmi dövlət agentliyi test haqqında siyasi qərar haqqında rəsmi məlumat yayır, bu ola bilərmi? Sizcə Prezidentin Aparatı Prezidentin əleyhinə olduğu belə böyük bir reformanı həyata keçirmək istiqamətində fəaliyyət göstərərmi? Yeri gəlmişkən konkret bu fəaliyyətdə F. Cəlilov iştirak etməyib.

- Xalq Cəbhəsinin hakimiyyəti dövründə cəbhəçilər Firudin Cəlilova mənəvi təzyiqlər göstərib?

- Nədən söhbət gedir? Bizim hakimiyyətdə olduğumuz dövrlərdə şəxsən mənim Firudin Cəlilovla münasibətimiz yaxşı olub.

- Bildirir ki, cəbhəçilər məni “vurmağa”çalışdırdılar. Dövlət televiziyalarında əleyhimə çıxışlar verilirdi?

- Elçibəy komandasında Firudin Cəlilovla ən yaxın münasibəti olan adam mən olmuşam. Bir sıra dövrlərdə ona qarşı göstərilən təzyiqlərin yox, nəticəsi ola biləcək mənfi rəylərin də qarşısında mən olmuşam. Hətta onun vəzifədən uzaqlaşdırılması situasiyaları olub qarşısını mənə Prezidentin etimadından istifadə edərək almışam. İndi o başqa şəkildə deyir, amma sənədlər var. 1993-cü ildə mən Baş Nazir olandan sonra kabinet yenidən formalaşdırılanda Prezident Xalq Təhsili Naziri kimi professor Tofiq Hacıyevin təyin olunmasıyla bağlı fərman hazırlanması üçün tapşırıq vermişdi artıq. Mən Firudin Cəlilovun təhsil sahəsindəki təcrübəsini, onun təhsil konsepsiyası və təhsil qanununun hazırlanmasındakı rolunu və sahədə reformların reallaşmasında postensialını nəzərə alaraq təkid elədim ki, Firudin Cəlilov Təhsil Naziri olsun. Məhz F. Cəlilova görə, onun hökumətdə qalması üçün o vaxt Xalq Təhsil Nazirliyi iki yerə, Ali Təhsil Nazirliyi və Maarif Nazirliyinə ayrıldı. Tofiq Hacıyev Maarif Naziri , Firudin Cəlilov Ali Təhsil Naziri təyin olundu. Amma əslinə qalsa bu çox vacib bir struktur dəyişikliyi deyildi.

Prezidentin keçirtdiyi islahatlar qabağı hər zaman nədənsə ölkə qarışır. Belə bir fikir formalaşıb ki, xarici qüvvələr müxalifətin əli ilə hakimiyyətdə islahatların aparılmasına mane olur. Doğurdanmı müxalifət xarici qüvvələrin maraqlarında tramplin rolunu oynayır?

- Əvvəla bəzi kadr və idarəetmə strukturlarında dəyişiklikləri islahat kimi qələmə vermək yumşaq desək diskussiyalıdır. Azərbaycanda sistem xarakterli, biri-birini şərtləndirən kompleks, köklü siyasi, iqtisadi, sosial islahatlara ehtiyac var. Bu islahatlar iqtisadi və siyasi hakimiyyətlər ayrımını təmin etməlidir. İslahatların keçirilməsi üçün hətta ortada olsa belə subyektiv siyasi iradə kifayət deyildir, faktiki olaraq bu heç ortada yoxdur, olsa belə təkrar edirəm kifayət deyildir. İslahatların istinad nöqtəsi və mexanizmi kimi legitimlik dərəcəsi yüksək olan və siyasi islahatların ilkin addımı ola biləcək parlamentə ehtiyac var. Biz təklif edirik ki, bu proporsional seçki sisteminin də tətbiqi ilə formalaşdırılsın. Yəni seçki komissiyaları yaradılsın və seçki məcəlləsində dəyişikliklər edilsin və s

. Məhz yeni parlament islahatlarının hazırlanması, keçirilməsi və dönməzliyinin təminatçısı rolunu oynaya bilər. Problem budur. Xarici qüvvələrin ölkədə müxalifətin əli ilə islahatlara mane olması tezisi təbliğatdır, mifdir, fiksiyadır. Real islahatlar başlasa cəmiyyət və müxalifət onu müdafiə edər və əgər xarici qüvvələrin 5-ci kolonu rolu oynayan siyasi qüvvə varsa da dərhal ofsaydda qalar. Ölkənin əsas siyasi problemi müxalifətin radikallığı yox, iqtidarın radikallığıdır. Radikal müxalifətdir, müxalifət daxilindəki radikalizmi də yaradan və sulayan iqtidarın radikalizmi, köklü islahatlar aparmaq istəməməsi, antiislahatçı siyasi kursudur. (Bakupost.az)

pia.az


Etiket: Pənah Hüseyn


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar