"Dünya əhalisinin təxminən 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir. Onkoloji və neyrodegenerativ xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır"
Bunu AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov deyib.
O bildirib ki, bu çoxamilli xəstəliklərin yaratdığı tibii-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var.
O.Qasımov xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu qeyd edib: "Bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlər uğurlu nəticələr verir. Bu sistem sağlam insanları 80%-ə, ağciyər xərçəngi olan xəstələri isə 90%-ə qədər dəqiqliklə müayinə edə bilir".
İnstitut direktoru vurğulayıb ki, eyni xərçəng xəstəliyi bir və ya bir neçə mutasiyanın, yaxud müxtəlif genin zədələnməsi nəticəsində baş verə bilər: "Ona görə də hər bir xərçəng xəstəsində olan mutasiyalar təyin edilməli, buna cavab verən dərmanlar seçilməlidir. Fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var".
pia.az