Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dedi hansısa pullu adamı nişan ver, iki saata tutaq, pulunu alaq..." - Mahmudovun bandasının əməllərində yeni faktlar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və həmin idarənin onunla birgə mühakimə olunan üç əməkdaşı - Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə dinləmələri davam edir. virtualaz.org xatırladır ki, bu səs-küylü məhkəmə prosesi ictimaiyyətə açıqdır, amma jurnalistlər zala buraxılmır. Nəticədə KİV nümayəndələri içəridə baş verənlər haqda məhkəmənin çölündən, zərərçəkənlərdən və vəkillərdən məlumat almalı olurlar.

Bu gün keçirilən məhkəmə prosesində zərərçəkmiş Əfsəl Həsənəliyev ifadəsini davam etdirib, Şıxəliyevin və işçilərinin onun başına açdıqları oyunların təfərrüatlarını danışıb. Bildirib ki, 35 il hüquq-mühafizə orqanlarında işləyib, sonuncu iş yeri Nəqliyyatda Baş Polis İdarəsi olub, dövlətə, xalqa vicdanla xidmət edib. Təqaüdə çıxandan sonra bizneslə məşğul olmağa başlayıb. Keçmiş polis əməkdaşının dediyi kimi, o heç vaxt ağlına gətirməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığmaqla iş adamlarına divan tutar, onları girov götürərək ailələri başsız qoymaqla var-dövlət toplayarlar.

“Mövlam Şıxəliyevlə Yasin Məmmədov onun başına müsibət açdılar”

“MTN-ə çağırılanda inanmazdım ki, tam qanuni fəaliyyətimə görə məni həbs edərlər”- Ə.Həsənəliyev ifadəsində göstərib. Xatırladaq ki, Ə.Həsənəliyev şəriki Cahangir Məmmədovla birlikdə Çindən Gürcüstana “skoç” və pirotexniki vasitələr idxal edib, amma malları orada satmaq mümkün olmadığından Azərbaycan üzərindən İrana tranzit keçirmək və orada satmaq istəyiblər. Çünki Azərbaycandan fərqli olaraq İranda pirotexniki vasitələrin satışına qadağa yoxdur.

Zərərçəkmişin ifadəsinə görə, 3 sentyabr 2013-cü ildə tanışı Məcid Anqubazov ona zəng vuraraq Tbilisidəki malları Bakı şəhərinə gətirmək lazım olduğunu deyib: “Mən də Cahangir Məmmədovla (C.Məmmədov 2015-ci ilin iyulunda intihar edib-red.) danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangirə rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun iki övladı, ailəsi evsiz-eşiksiz, səfil günündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır”.

Sahib Ələkbərov, Yasin Məmmədov

Ə.Həsənəliyev ifadəsində göstərib ki, həmin ərəfədə Gürcüstanda olan TIR sürücüsü C.Məmmədov həmin yükü 2500 manata Bakıya çatdıra biləcəyini deyib. Tbilisidə Arif adlı azərbaycanlı ilə görüşüblər. Arif onları Gömrük Terminalının bazasına aparıb. Oradakı karton qutuları göstərib deyib ki, bunlar “skoçlar”dır, qalanları isə pirotexniki vasitələr.

“Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələri Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Bu haqda Məcidə deyəndə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir də gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Onu da qeyd edim ki, quldur dəstənin üzvləri “Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətiriləcəyini xəbər alıblar. Əməliyyatı da buna qurublar. Lakin, mərhum Cahangirlə mən pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik”,-zərərçəkmiş deyib.

Mövlam Şıxəliyev və adamları malın İrana aparılacağından xəbər tutur

Ə.Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və dəstə üzvləri onların pirotexniki vasitələri İrana aparmaq planlarından xəbər tutublar.

“Əslində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşınını onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar”,-o bildirib.

“Bizim hərəkətlərimizin adı cinayət yox, ticarət olub”

Ə.Həsənəliyev daha sonra Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib. Həmin məktubda MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə açıq yazılmışdı.

Zərərçəkmiş deyib: “Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Məni, Məcid Anqubazovu, Elman Məsimovu, Orxan Abdullayevi, Sərdar İsmayılovu və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri qanun çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq tranzit yük daşımaları razılaşmalarına uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizin adı cinayət yox, ticarət olub. Başda Mövlam Şıxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə bir yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harada olması sualı açıqdır. Xahiş edərəm ki, bizdən zorla alınan mallarımızın harada olmasını müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla araşdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.

“Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər”

Zərərçəkmiş deyib ki, həbs olunduqdan sonra Mövlam Şıxəliyev onu dəfələrlə Yasin Məmmədovun vasitəsilə saxlanıldığı təcridxanadan xidməti kabinetinə çağırıb. Yasin Məmmədov, Təhsin Ağayev və Nadir Mustafayev hər dəfə Mövlam Şıxəliyevin adından ona həbsdə çürüyəcəyini, ağır cəza alacağını deyiblər.

KİV-lərdə Mövlam Şıxəliyevin yeni fotosu yayıldı

“Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. Beş ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. Yasin Məmmədov deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, iki saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Puldan ötrü hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Beş ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar”, - Həsənəliyev belə deyib.

Ekspertizanın saxta rəyi

O əlavə edib ki, tələb olunan pulu verəndən sonra Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alınıb. Həmin rədə yazılıb ki, guya təqsirləndirilən şəxs təcridxana şəraitində saxlanılmağı istisna edən ağır xəstəlikdən əziyyət çəkir. “Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”, - zərərçəkən deyib.

Ə.Həsənəliyev deyir ki, həbsdən azad olunduqdan sonra da ondan əl çəkməyiblər: “Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə beş-on dəfə zəng edir, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər ki, həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum. Aprelin 5-də Yasin Məmmədova xidməti otağında 28 min manat da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurduqları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.

Daha sonra Ə.Həsənəliyev dövlət ittihamçısının və proses iştitrakçılarının suallarını cavablandırıb.

Təqsirləndirilən M.Şıxəliyev səslənən ittihamlara heç bir reaksiya verməyib. Digər təqsirləndirilən Yasin Məmmədov isə Ə.Həsənəliyevdən pul almadığını deyib.

Məhkəmə prosesi fevralın 1-də davam edəcək.(virtualaz)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar