Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu qədər ədalətsizlik olmaz axı" - Sahil Babayev sosial siyasətin əleyhinə gedir

Bu gün Milli Məclisdə deputat Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayeylə bağlı layiqli fikirlər səsləndirib...

Bəli. Sahil Babayev nazir təyin olunandan sonra ən yaxşı işi qotur danaları kasıb camaata sırımaq oldu. Ayaqüstə qırxı çıxan inəkləri kəl qiymətinə “aformut” edən nazir və onun yaxın ətrafı ilə bağlı bu cür adekvat fikirlərin Milli Məclisdə səslənəcəyi şübhəsiz idi. Heç kim ağız-burun büzməsin. Mən Sahil Babayevin ən sevimli nazirlərdən sayıldığı vaxtlarda da sözümü deyib, yazımı yazmışam. Biz gənclərin önünün açılmasının tərəfdarı olmuşuq. Ümid edirdik ki, bütün gənclər bizim kimi xalq, dövlət maraqlarını üstün tutur və səlahiyyət sahibi olanda camaata gün ağlayacaqlar. Ancaq Sahil Babayev və gənclərdən ibarət komandası bizə qısa müddətdən yanıldığımızı xatırlatdı. Hətta sələfi Səlim Müslümova rəhmət oxutduran addımları da oldu. Heç olmasa, Səlim Müslümov “çörək verən adam” idi, amma gənc nazir işıq gələn yerə barmaq tıxamaqla ad çıxardı. Nə isə, sözümün canı başqadır.

Karantin dönəmi Sahil Babayevi xalqın gözündə “günah keçisi” elədi. Xalq haqlı idi. Ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılması siyasətini ona tapşırmışdı. Amma Sahil Babayev ağır dönəmdə Prezidentin etimadını doğrultmadı, xalqın gözündən də düşdü. Zatən bir dəyərdə deyildi, olan-qalan imici sıfırın altına düşdü. Mənə görə xalq hər zaman haqlıdır.

Bəli, 190 manatlıq müavinətin təyinatı olduqca ağır proses idi. Təsəvvür edin ki, yüz minlik maşını, 50 evi olan adam da müraciət edir. Bəs o müraciətləri kimlər araşdırdı, kimlər əziyyət çəkdi? Təbii ki, yüzlərlə sıravi işçi. Bu yük Məşğulluq Mərkəzlərindəki kasıb camaatın balalarından ibarət işçilərin boynuna düşmüşdü. Bildiyim qədəriylə həmin ərəfədə gün ərzində 14-15 saat belə işləmək zorunda qalmışdılar. Minlərlə insanın problemini dinlə, ah naləsini eşit, axırda da…

Əldə etdiyim məlumata görə , Sahil Babayev 190 manat prosesində əziyyəti olan onlarla sıravi işçinin əziyyətini yüksək “qiymətləndirib”. Elə təkcə Bakıdakı Məşğulluq Mərkəzlərində çalışan yüzə yaxın işçıni ixtisar adı ilə işsiz qoyub. Özü də karantin dövründə. Halbuki Prezident İlham Əliyevin “heç kimi işdən çıxarmayın” mesajına rəğmən. Belə görünür ki, Sahil Babayev birbaşa vəzifəsi olan sosial siyasətin əleyhinə gedir. Bu, bir tərəfə, axı o işçilər son iki ayda bir ilin işini görüb, əziyyətini çəkiblər. Bu qədər ədalətsizlik olmaz axı.

Azərbaycanda ədalət tərəzisi illərdir ki, yaxşı işləmir. Amma bir məqamı unutmayaq. Bizdə tərəzi illərlə yaxşı işləməsə də, qəflətən öz ədalətini göstərir. İnanıram ki, Sahil Babayevin də ədalət tərəzisinin bir gözünə qoyulacağı gün uzaqda deyil. O zaman yoldaş Babayevin nazir kimi gördükləri ortaya çıxacaq. Tələsməyin…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"Bu qədər ədalətsizlik olmaz axı" - Sahil Babayev sosial siyasətin əleyhinə gedir

Ən çox oxunanalar