Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Bizi tısbağanın dalınca qaçmağa məhkum ediblər... "- Xalq artisti Vidadi Həsənov

“Əvvəllər, yəni bizim cavan olduğumuz vaxtlarda 35-40 yaşında rejissor tamaşa hazırlayanda və yaxud film çəkəndə özünü xoşbəxt sayırdı. İndi sənətçinin yaş həddi çox gəncləşib, 20-25 yaşında bir gənc teatrda, kinoda özünü realizə edə bilir, müstəqil və dövlət teatrlarında tamaşa hazırlayır, dövlət sifarişi ilə serial və film çəkir ”

Pedaqoq, rejissor, ssenarist, şair və tərcüməçi, “M.Teatr”ın bədii rəhbəri, Xalq artisti Vidadi Həsənovun Bakupost.az -a müsahibəsini təqdim edirik:

- Vidadi müəllim, Prezident mükafatı almağınız münasibəti ilə sizi təbrik edirik.
- Çox sağ olun. Əlbəttə, bu mükafat dövlətimizin sənət adamlarına diqqət və qayğısıdır. O adamlara ki, onlar cəmiyyətimiz həssas təbəqəsinə aiddir. Şübhəsiz, bu məbləğ, müəyyən müddət də olsa, bir çox şəxsi və ailə-məişət problemlərinin həllində əlimizdən tutacaq, dünənə qədər yalnız arzuladığımız şeyləri əlçatan edəcək... İstərdim ki, bu mükafat sıralamasının sayı daha da uzun olsun və digər sənətçi dostlarımızın da adı bu siyahıya düşsün.

- I Müstəqil Teatrlar festivalı başa çatdı. Müəyyən vaxt keçib, düşüncələrinizi bölüşə bilərsizmi?

- O qədər də çox vaxt keçməyib. Bakıda, ilk dəfə olaraq, I Müstəqil Teatrlar Festivalı keçirdik. Zənnimcə, bir həftəlik festivalımız pis keçmədi. “Uğurlu bir başlanğıc oldu!” - deyə bilərik. Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu, çox sevindiricidir.

Mədəniyyət Nazirliyi yanında İctimai Şura yaradılandan az sonra, Şuranın tərkibində mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla bağlı müxtəlif ekspert qrupları təşkil edildi. Şura üzvləri bu qruplardan birinə - “Teatr və kino ekspert qrupu”na məni rəhbər seçdilər. Mən də Müstəqil Teatrların festivalını keçirmək barədə təşəbbüs irəli sürdüm. Bu təşəbbüs bəyənildi və Şuranın rəhbəri Gəray Əlibəyov tərəfindən Mədəniyyət Nazirliyinə çatdırıldı. Onlar da sağ olsunlar dəstək oldular...

Nəhayət, festival 2-7 mart tarixində baş tutdu. Tamaşalar, həm Rəşid Behbudov adına Mahnı teatrında, həm də, müstəqil Şah Mat teatrının binasında nümayiş olundu. Çox maraqlı açılış və bağlanış mərasimi keçdi. Ümumilikdə 11 tamaşa göstərildi. Hər gün 2, ya 3 tamaşa. Müstəqil teatrlar ilk dəfə bir yerə toplaşaraq, özlərini teatrsevərlərə təqdim etdilər, öz tamaşalarını geniş auditoriyaya nümayiş etdirdilər. Həmçinin, festival çərçivəsində müstəqil teatrların problemləri ilə bağlı panellər, müzakirələr, mühazirələr də baş tutdu... Qısası, düşünürəm ki, öz zəngin proqramı ilə hələ uzun müddət, həm iştirakçıların, həm də, tamaşaçıların yaddaşında qalacaq bir festival gerçəkləşdirə bildik.

Gənclərin teatra marağı necədir?

- Ümumiyyətlə, teatrla bağlı məsələdə yaş həddi mövcud deyil. Təkcə gənclər yox, ahıllar da, hətta, qocalar da tamaşalara gəldilər. İnsanlarda teatra maraq həmişə olub. Festival pandemiya şəraitində keçirildiyi üçün tamaşaçı sayında məhdudiyyət var idi. Hər tamaşada xeyli sayda insanın qapıda qaldığının və geri qayıtmalı olduğunun şahidi olurduq və onların əksəriyyəti də cavanlar idi...
Müstəqil teatrlarda çalışanlar da, demək olar ki, əsasən gənclərdi. Onlar heç bir maddiyyat güdmədən, yalnız teatra, öz peşələrinə olan istəklə müstəqil teatrlar açırlar və ətraflarına topladıqları gənclərlə uğurlu tamaşalar hazırlayırlar. Artıq danılmaz faktdır ki, teatrla, kino ilə məşğul olan insanların yaş həddi xeyli gəncləşib. Əvvəllər, yəni bizim cavan olduğumuz vaxtlarda 35-40 yaşında bir rejissor tamaşa hazırlayanda və yaxud film çəkəndə özünü xoşbəxt sayırdı. İndi sənətçinin yaş həddi çox gəncləşib, 20 -25 yaşında bir gənc teatrda, kinoda özünü realizə edə bilir, müstəqil və dövlət teatrlarında tamaşalar hazırlayır, dövlət sifarişi ilə serial və film çəkir.

Bir məqamı da vurğulamaq istərdim. Heç şübhəsiz, müstəqil teatr müstəqil və azad düşüncə deməkdir. Bu teatrlarda hazırlanan tamaşalar mövzu aktuallığı ilə diqqəti çəkir. Biz festival çərçivəsində hər birimizi narahat edən, hər gün üzləşdiyimiz problemləri əks etdirən, mənəvi, sosial və ictimai məsələləri gündəmə gətirən, onları polemika predmetinə çevirən tamaşalara şahidlik etdik.

Festivaldan doğan bir sıra vacib və gələcəyə yönəlik nəticələr də oldu. Düşünürük ki, artıq gənclər bir az da ürəkləndilər və teatr açmaq niyyətində olanlar öz arzularının gerçəkləşdirmək üçün daha da həvəsləndilər. Biz isə bu istəkdə onlara dəyanət və uğurlar arzulayırıq.

- Vidadi müəllim, bir az da “M. Teatr ”ın yaranmasından və fəaliyyətindən danışaq.
- Məmnuniyyətlə. “M. Teatr” 2016-ci ildə yaradılıb. Açıqlaması: “Mənim teatrım” deməkdir. Öncə, teatrın yaranma səbəbindən danışım. Uzun illərdi ki, pedaqoji fəaliyyətlə məşğulam. Allah şahidiyəm ki, hər il ADMİU-nu onlarla istedadlı gənc bitirir, lakin, çox vaxt onlar özlərinə iş tapa bilmirlər. Dövlət teatrlarına düşmək asan deyil. Orada böyük rəqabət var. Özlərinə iş tapa bilməyən bu gənclər, məcburiyyətdən başqa işlə məşğul olmağa başlayır və yavaş-yavaş sənətdən uzaqlaşırlar. Amma, “M. Teatr” kimi müstəqil teatrların olması hər bir istedadlı insanın özünü realizə etməsi üçün böyük bir imkandır. Teatrı yaradanda bir neçə gənci ətrafımıza yığdıq. Qısa zaman ərzində beş tamaşa - Üzeyir Hacıbəyovun felyetonları əsasında “Məsəl, ya...”, Abdulla Şaiqin “Tıq-Tıq xanım” nağılını, Antuan de Sent-Ekzüperinin “Balca Şahzadə”sini, R. Ağayevin “Bir gecənin nağılı”, bir də Frans Kafkanın mətni ilə bizim gənc yazar Pərviz Seyidlinin, yəni yəhudi və Azərbaycan mətni, eyni zamanda da, iki millətin musiqisindən istifadə edərək,
“Maraqlı fiqur və ya siçan qadın” tamaşalarını hazırladıq... Əvvəl-əvvəl, dövlət teatrlarının kirayəsi ucuz idi. Bilet satıb tamaşa göstərə bilirdik. Sonra bu kirayə haqları bahalaşdı. Artıq tamaşamızı göstərə bilmədik. Daha sonra müstəqil teatrlara tamaşa göstərməyə şərait yaratdılar. Hər ay, bir dəfə, bu və ya digər dövlət teatrında bir tamaşa nümayiş etdirməyə icazə verdilər. İndi, təəssüf ki, bu icazə də yoxdu.

Hazırda dostum, naşir Şahbaz Xuduoğlunun “Qanun” nəşriyyatının binasında “M. Teatr”ın yeni məkanını qururuq. Səhnəmiz və avadanlıqlarımız hazırdır... Yaxın günlərdə yeni məkanımızın açılışını nəzərdə tuturuq. Bu məkanla bağlı geniş və maraqlı planlarımız var. Qısaca desəm, biz buranı hər kəs üçün, xüsusən də, sənətdə ilk addımlarını atan gənclər üçün öz istedadını, öz arzusunu həyata keçirə biləcəyi yaradıcılıq mərkəzinə çevirmək niyyətindəyik, inşallah!

- Azərbaycan teatrı dünya teatrı ilə ayaqlaşa bilirmi?
- Baxır nəyi deyirsiz... Zənnimcə, yaradıcılıqla bağlı böyük bir fərq yoxdu. Amma, teatrlarımızın maddi-texniki məsələlərində, əlbəttə, böyük fərq var. Bu yöndə biz hər zaman tısbağanın dalınca qaçan Axillə oxşayırıq. Qaçırıq, amma... Tısbağanın dalınca qaçmağa məhkum olduğumuz üçün heç vaxt ona çata bilmirik. O ki qaldı tısbağanı ötüb keçməyə!.. Burası hələ uzun zaman müşkül olaraq qalacaq. Əfsuslar olsun ki, eyni vəziyyət kino sahəsində də mövcuddur. “Bəs çıxış yolu nədir? “ - deyə, soruşa bilərsiniz. Əlbəttə, hər bir müşküldən çıxış yolu var, yenidən velosiped təkəri icad etməyə də lüzum yoxdur.

Dünyanın çoxdan təcrübədən keçirdiyi üsullar var. Məsələn, ilk növbədə, yaradıcı müəssisələrin dövlət büdcəsindən asılılığını azaltmaq. Bunun əvəzində isə, müstəqil biznes sektorunu teatra və kinoya verəcəyi maddi dəstəyə görə ödəyəcəyi verginin müəyyən faizindən azad etmək. Türklər demiş: “Bu kadar kolay!..”. Belə olan təqdirdə, biznes adamları özləri mədəniyyətə və incəsənətə sərmayə qoymağa can atacaqlar. Pul olan yerdə isə, mütləq inkişaf olacaq. Bax, belə olsa, onda biz nəinki tısbağanı, hətta, ingilis atını da ötüb keçə bilərik.

- Sizcə, niyə indi ulduz sənətçi səviyyəsində aktyorlarımız yoxdurmu?
- Bacarıqlı gənclərimiz var, onlar hələ Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, Şəfiqə Məmmədova, Fuad Poladov, Rasim Balayev... kimi deyillər, əlbəttə. Amma, elə indinin özündə, bəzi gənc sənətçilərimiz var ki, artıq məşhurdurlar və onların öz tamaşaçıları da var. İndi məşhurlaşmaq daha asandır. Sosial şəbəkədə onları izləyirlər, onlara baxmaq üçün teatra gəlirlər... Qoy heç kəs narahat olmasın, teatrımızın, kinomuzunun gələcəyi daha bacarıqlı, daha intellektual və daha dünyəvi düşüncəli insanların əlində olacaq.

Vidadi müəllim, YUĞ teatrında işlər necədir?
- Həmişəki kimi. İşləyirik, tamaşalarımızı göstəririk, yeni tamaşalar üzərində çalışırıq. Yaxın vaxtlarda yuğsevərləri yeni bir tamaşaya - M.F.Axunzadənin “Mürafiə vəkilləri”nə (rej: Gümrah Ömər) baxmağa dəvət edəcəyik. Məncə, bu tamaşa da teatrımızın uğurlu işlərindən biri olacaq... Bilirsiz ki, teatrımızın baş rejissoru Mehriban xanım Ələkbərzadə, artıq Gənc Tamaşaçılar teatrına baş rejissor təyin olunub. Yeri gəlmişkən, bu fürsətdən istifadə edərək, ona teatrımızdakı səmərəli fəaliyyətinə görə təşəkkür edirəm və yeni iş yerində daha böyük uğurlar arzulayıram! Bu təyinatdan sonra teatrımızın yaradıcı kollektivi adından Mədəniyyət Nazirliyinə müraciət etmişik. Bu müraciətdə teatrımızda uzun illərdi çalışan, Yuğun poetikasına yaxından bələd olan, Vaqif İbrahimoğlunun tələbəsi kimi onun dəsti-xəttini layiqincə davam etdirən, yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də bir sıra uğurlu işlərə imza atmış rejissorlarımızdan biri Mikayıl Mikayılovun namizədliyini irəli sürmüşük. Mədəniyyət Nazirliyi bizim bu xahişimizi nəzərə alarsa, yaxşı olar...

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib 

“Bloomberg”: “Rusiyanı defoltdan saatlar ayırır”

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb

"ABŞ dünyanın gülüş obyektinə çevrildi" - Tramp

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Rusiyanın Ka-52 “Alliqator” helikopteri vurulub

Azərbaycan və İran rəsmiləri birgə tikinti layihələrini müzakirə ediblər

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

Ən çox oxunanalar