Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Axır ki, həqiqət deyildi...


“Qızılgül” və “narıncı” inqilabların gətirdiyi ilk siyasi məyusluq onunla bağlı oldu ki, hakimiyyətə gəlmiş demokratlar keçmiş sovet ölkələrinin bəzi avtoritar liderləri ilə çox sıcaq münasibətlərə girdilər


M.Saakaşvili bir tərəfə, Ukrayna lideri V.Yuşşenko hakimiyyətə gələrkən Azərbaycan müxalifəti onun siyasi tədbirlərində çox yaxından iştirak etmişdi. M.Saakaşvilinin isə Azərbaycan rəsmilərinin haqqında dediyi pafoslu cümlələri toplasan çox gözəl bir tostlar-sağlıqlar kitabı alınar. 

Amma o vaxt bu iki liderin hərəkəti anlaşıqla qarşılandı. Məsələ bundadır ki, biri var, hakimiyyətdə olasan, biri də var ki, müxalifətçi olasan. 

Müxalifətçi olanda adam çox şeyi özünə rəva bilir, hətta diplomatik və siyasi baxımdan məqbul olmayan bəyanatlar verir. Hakimiyyətdə olmaq isə tamam başqa məsələdir, sən özünü dövlətçi kimi aparmalısan. 

Amma Gürcüstan prezidentinin “suçu” bununla bitmir. Onun haqqında belə fikirlər gəzirdi ki, bu adam rəsmi Bakıya lobbiçilik edir. Bunu nə təsdiq edə, nə də inkar edə bilərik. Amma onun çıxışları, Bakı rəsmiləri haqqında dedikləri belə gümanların heç də əsassız olmadığını düşünməyə əsas verirdi.

Budur, M.Saakaşvili artıq siyasi baxımdan sərbəstdir. Əvvəlcə onun Bakıdakı hakimiyyət haqqında sərt fikirlər dediyi bildirildi. Amma sonradan həmin fikrin ona deyil, məqalə müəllifinə aid olduğu yazıldı. 

Amma o, özünə əsl demokrat imicini qaytara da bilər. Hərçənd, insanlar böyük siyasətdən gedəndən sonra yaltaqlanmağı, yarınmağı daha çox sevirlər. Ona görə ki, birdən-birə böyük vəzifə əldən çıxır, amma tələbatlar əvvəlki kimi qalır, həm də özlərinin ödənməsini tələb edir.

Bəli, prezident olarkən M.Saakaşvili Azərbaycan rəsmilərinə yarınmaq üçün fürsəti əldən vermirdi. 

İndi isə belə etməyə də, həqiqəti deyə də bilər, çünki belə bir fikir də vardı ki, rəsmi Bakıya o, özü üçün deyil, daha çox ölkəsi üçün yarınırdı. Onların isə Azərbaycanın dəstəyinə ehtiyacı həqiqətən də böyük idi.

Müxalifətçi demokrat bir şeydir, prezident isə tamam başqa. Təəssüf ki, bunu Azərbaycanda da başa düşmədilər - nə hakimiyyətdəkilər, nə də müxalifətçi liderlər. 
Müxalifəti başa düşmək olar, onlar rəsmi siyasətin çərçivələri ilə məhdudlaşmayıblar, daha sərbəstdirlər. Amma hakimiyyətdəkilər də öz siyasi simpatiyalarını, avtoritar liderlərə öz sevgilərini gizlətməyi sevmirlər. Azərbaycan müxalifəti V.Yuşşenkonu müdafiə edərkən və onun prezident olacağı hamıya aydın ikən rəsmi Bakı Rusiyanın və Belarusun avtoritar liderlərinə qoşularaq kimi müdafiə etmişdi? 

Hətta Rusiyanın özünün ehtiyatla yanaşdığı, bəzən də məsafə saxlamağa cəhd etdiyi A.Lukaşenkonu Bakıda təntənə ilə qarşılamamaq, ona bir necə yüz milyon dollarlıq faizsiz və müddətsiz krediti verməmək də olardı... 

Bəli, yaddaşımızı qurdalasaq çox şey tapa bilərik. Nəyə dəlalət edir bütün bunlar? Ona ki, hakimiyyətdəkilərin hisləri və maraqları bir çox hallarda milli maraqların, cəmiyyətin istəklərinin fövqündə dayanır.

Hakimiyyət bu ölkənin şəriksiz sahibi olmasını gözə soxmağı, onu qabartmağı sevir, bundan həzz alır. 

“Mən heç kimdən asılı deyiləm, nə hökumətin ümumi rəyindən, nə də parlamentin təzyiqindən!”- onlar hər addımda bunu nəzərə çarpdırmağı çox sevirlər.
Bu nədir? Adi mütləqiyyət əlamətləri. Elə o səbəbdən də M.Saakaşvili olmasa da, məqalə müəllifi hər şeyi öz adı ilə adlandırıb. 

Ola bilsin, kimsə bundan mənəvi həzz alacaq, kimsə də qeyzlənəcək, “Haram olsun sizə verdiyimiz pullar, göndərdiyimiz kürü!”-deyəcək.

Siyasət isə öz ahəngi ilə davam edəcək. Diqqət çəkən bilirsiniz nədir? İndi Ə.İnsanovun məhkəmə çıxışlarını, S.Təbrizlinin bəyanatlarını xatırlayırıq və gözümüzün önündə adı çəkilən məqalənin tezisləri olan qəzet səhifəsi dayanıb. 

Bunların arasında əlaqə varmı? Var. Heç kim bu hakimiyyəti ürəkdən sevmir, hamı o günü gözləyir ki, bunlardan üzlüşsün, “açsın sandığı, töksün pambığı” və bir mənəvi rahatlıq tapsın.

İmkan düşdükcə belə də edirlər. Deyilənə görə, bu hakimiyyətlə birgə fəaliyyətini salamat başa vuran böyük çinli məmurlar ziyafətlər verir, qurban kəsib paylayırlar ki, şükür, salamat qurtardıq...

Hüseynbala SƏLİMOV

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar