Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Yəhudiliklə bağlı mütəxəssislər hazırlanacaq”


“Amerika və Avropa ölkələrinin də dini təhsil verən, araşdırma aparan təhsil müəssisələri ilə əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır”


“Hazırda İnstitut fəaliyyətini Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində davam etdirir. İnstituta yeni binanın ayrılması ilə bağlı iş gedir”.

Teleqraf.com Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla müsahibəni təqdim edir.

- Ceyhun müəllim, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Nizamnaməsində nələr öz əksini tapacaq?

- Nizamnamədə İnstitutun gələcək fəaliyyəti, habelə tələbə qəbulu, tədris və elmi fəaliyyəti, idarə olunması, təhsil alanların, təhsil verənlərin, digər işçilərin hüquq və vəzifələri, təhsil müəssisəsinin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələrlə bağlı bir çox məsələlər əksini tapacaq.

- Sizcə, belə bir İnstitutun təsis edilməsi hansı ehtiyacdan yarandı?

- Bildiyiniz kimi, hazırda dünyanın bir çox universitetlərində dünya dinləri akademik səviyyədə öyrənilir və tədqiq olunur. Azərbaycanın bir sıra universitetlərində dinlə bağlı fənlər tədris edilir. Təhsil müəssisələrində və dövlət qurumlarında bu sahədə dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyacın olduğunu nəzərə alsaq, bu sahənin önəmi daha da artır.

- İnstituta tələbə qəbulu necə həyata keçiriləcək? 2018-2019-cu tədris ili üzrə tələbə qəbulu olacaqmı?

- İnstituta qəbul Dövlət İmtahan Mərkəzinin xəttilə test əsasında həyata keçirilir. 2018-2019-cu tədris ili üzrə tələbə qəbulu olacaq. İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən tələbələr eyni zamanda Psixoloji Komissiyadan keçəcəklər. Onların bu sahəyə maraq, həvəs və hazırlıqları nəzərdən keçiriləcək.

- Kvota müəyyənləşib? Əsasən hansı ixtisaslar üzrə kadrlar hazırlanacaq?

- 2018-2019-cu tədris ilində İnstituta 60 tələbənin qəbulu planlaşdırılır. Onlardan 35 tələbənin İslamşünaslıq, 25 nəfərin Dinşünaslıq ixtisası üzrə təhsil alması nəzərdə tutulur. Dinşünaslıq-pedaqogika ixtisasının açılması gələcək planlar içərisində yer alır.

- İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması gözlənilirmi?

- Növbəti illərdə İnstitutda digər dinlər, xüsusilə, xristianlıq və yəhudilik dinləri üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bu sahədə müəyyən kadr çatışmazlıqları var. Düşünürəm ki, yaxın bir neçə ildə bu istiqamətdə işlərə başlamaq olar, hazırda sözügedən sahədə xarici təcrübə öyrənilir.

- Tədris prosesi necə olacaq? Mütəxəssis seçimi necə aparılacaq? İnstituta xaricdən müəllim və ya mütəxəssis cəlb olunacaqmı?

- İslamşünaslıq ixtisasında əsasən İslam elmləri ilə bağlı fənlərin, Dinşünaslıqda isə dinşünaslığa aid fənlərin tədrisinə üstünlük verilməsi məqsədəuyğun sayılır. Gələcəkdə bir çox xarici universitetlərlə əməkdaşlıq çərçivəsində ölkəmizin maraqları daxilində müəllim və tələbə mübadiləsinin aparılması, həmçinin yaxın zamanda İnstitutda ingilis və ərəb dilində qrupların yaradılması imkanlarını da nəzərdən keçiririk.

- Zaman-zaman belə fikirlər səslənir ki, xarici ölkələrdə dini təhsil alanların bir çoxu həmin ölkənin təsiri altına düşür. Bu baxımdan dini yönümlü xarici ali təhsil müəssisələri ilə münasibətləri hansı prinsiplə quracaqsınız?

- Təəssüf ki, belə bir problem mövcuddur. Ancaq sizin də qeyd etdiyiniz kimi, bu fikri xaricdə təhsil alanların hamısı haqqında söyləmək yanlış olardı. Onların da içində kifayət qədər savadlı, dərin biliklərə malik, dövlətini sevən insanlar var. Hazırda əməkdaşlıq edə biləcəyimiz xarici universitetləri nəzərdən keçiririk. Burada əsas məqsəd həmin universitetlərin təcrübəsini öyrənməkdir.

Bir sıra müsəlman ölkələrinə səfərlər edərək onların aparıcı universitetlərinin təcrübəsindən yararlanmağı düşünürük. Bu baxımdan Amerika və Avropa ölkələrinin də dini təhsil verən, araşdırma aparan təhsil müəssisələri ilə əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.

Sözügedən əməkdaşlıqlar ölkəmizin maraqlarının və təhlükəsizliyinin qorunması prinsipləri əsasında həyata keçiriləcək.

- Ölkə başçısı Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil olunmasını təmin etməyi tapşırıb. Adətən, belə situasiyada müəyyən kadr islahatları aparılır. Siz bu barədə nə düşünürsünüz?

- Hazırda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi istiqamətində iş aparılır. Prosesdə söhbət hansısa kadr islahatından getmir. İşə qəbul qaydalarında beynəlxalq standartların tətbiqinə çalışırıq. Burada əsas meyar işə götürülənin savadı, biliyi və təbii ki, tədris bacarığı olacaq.

Yeni kadrların işə qəbulunu komissiya həyata keçirəcək ki, bu da 3 mərhələdə reallaşdırılacaq. Əvvəlcə komissiyaya təqdim edilən CV-lər nəzərdən keçiriləcək. Bu mərhələdən keçənlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər sınaq dərsinə cəlb ediləcəklər. Komissiya üzvlərinin və müəllimlərin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar qəbul ediləcək.

- Bakı İslam Universitetindən fərq nə olacaq? Onların kadr bazasından istifadə oluna bilərmi?

- Bildiyiniz kimi zəngin tarixə və dini ənənələrə malik Qafqaz Müsəlmanları İdarəsi din sahəsində kadrların hazırlanmasında yaxşı təcrübəyə malikdir. Şeyxülislam Allahşükür Paşazadənin bu sahədə xidmətləri böyükdür. O, təkcə Azərbaycanın yox, bütün müsəlman dünyasının nüfuzlu şəxslərindən sayılır. Gələcəkdə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığı və Bakı İslam Universitetinin kadr bazasından istifadəni nəzərdə tuturuq. İnstitutumuz bütün savadlı və bilikli mütəxəssislərlə əməkdaşlıq edəcək.

- İnstitut üçün bina müəyyənləşibmi?

- Hazırda İnstitut fəaliyyətini Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində davam etdirir. İnstituta yeni binanın ayrılması ilə bağlı iş gedir. Yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.

pia.az
Etiket:
loading...