Çərşənbə axşamı, 26 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Xalqın şairi” yarışmasında Qalib Olan Şeirlər

ARB kanalında yayımlanan “Xalqın şairi” layihəsində ikinci yerə layiq bilinən Salyanlı şair Həsən Kürün şeirlərini təqdim edirik


Boynubükük Xeyir Duası
 
Boynunu büküb deyəsən
Anamızın boynumuzdan
Asdığı xeyir duası
Bir ağaca söykənmişik
Ayağını tikan basıb
İçini qurd-quş dağıdır
Başında bayquş yuvası
 
Boğduq körpə ümidləri
Gözlərini açan kimi
Beşikdəcə, nəfəs-nəfəs
Biz heç kimə daş atmadıq
Bu küçüklər kimindi bəs!?
 
Belimdə xəncər pas atıb
Cibimə saldığım əli
Şaxta vurdu, boran kəsdi
Bu nə abırsız həyatdı
Dünən dost dediyim adam
Bu günləri "filankəsdi"
 
Sən də ağ günə çıxmadın
Az qalxmadın hündürlüyə
Ürəyini yormaq üçün
Az öz-özündən qaçmadın
Ayağını qırmaq üçün
Bir ovuc torpağı büküb
Döş cibində saxlayırsan
Başını basdırmaq üçün.
 
Nə deyirsən, bəlkə gedək
Onsuz bir işə yaramır
Muradını itirənlər
Bəlkə xoşbəxtliyi tapır
Həyatını itirənlər
 
Çək belini bu ağacdan
Ayağını tikan basıb
Başında bayquş ulayır
Bu ağac bar verməyəcək
Başımızı qurdalayır
 
Dilənçi
 
Səni vaqon-vaqon gəzib
Soruşmuşam qatarlardan
Küçələrdən, səkilərdən
Hörümçəkli divarlardan
 
Soruşmuşam səni inan
Sənə oxşar hər qadından
Hətta qəbristanlıqdakı
Gor qazanın arvadından
 
Unutmuşam ev-eşiyi
Sizin qapıda yatmaqdan
Dilənçi cildinə girib
Qardaşını aldatmaqdan
 
Qapı qonşularınız da
Baxıb şübhələnir hərdən
Hər gün axşam anan mənə
Yemək verir pəncərədən
 
Arada bir dərdləşmişik
Atandan da söz almışam
Atan mənə qardaş deyir
Gör nə qədər qocalmışam
 
Sən Allah qurtar tərsliyi
Təmizlə qəlbindən kini
Yoxsa gec-tez qapınızdan
Qovacaqlar dilənçini
 
Allaha əmanət
 
Hərə bir şeylə başını qatır bu dünyada
Külək yarpaq yeyir, torpaq yağış, əcəl ət
Bir gün hamı gedir,
Bir gün hamının arxasınca göz yaşı atırlar
"Allaha əmanət!"
 
Biz də gedəcəyik hamı kimi
Tapdaladığımız qarışqaların balaları meyitimizi didəcək
Mənim atam, qaz kəsiləndə əsəbiləşən,
işıq gedəndə qarğış edən adamdı
Mən gedəndə kimə qarğış edəcək?!
 
Mən öləndə çaqqallar ulayacaq sevincindən
Bayquşlar nəğmə oxuyacaq
Sonra yağış yağacaq
Torpaq fəhlə paltarı qoxuyacaq
 
Heç sən də çox qalmazsan
Sən də gedərsən, unudularsan
Zaman ötdükcə qərənfillə baş daşını aldadar əzizlərin
Bir gün yiyəsini axtarar
Sahildəki ayaq izlərin
 
Gəl gedək, qaçaq
Bu dəfə yaşamaq üçün yox, ölmək üçün yorulaq
Nə qədər ki Adəm kimi qovulmamışıq
özümüz cəhənnəm olaq
 
Doxsan altının martı
 
Qalmadı bahardan, payıza qədər
Yenə qaranquşlar bizi aldatdı
Dünyanı yaxşı yer bilib gəlmişdik
Bizi Yaradanın özü aldatdı
 
Mən uşaq olmadım, ola bilmədim
Nə ay işıq saldı yolumun üstə
Nə səhər açıldı ay çəkiləndə
Bütün oyuncaqlar andını pozdu
Atamız əliboş evə gələndə
 
İlahi! Üzümün nurun itirdim
Torpağın içində, tozun içində
Heç biri mən deyən kimi baxmırdı
Baxdığım o qədər qızın içində
 
Mən idim küçədə sevinc dilənən
Hər üzü güləni doğma kəs bilən
Otağın küncünü ana qucağı
Evin divarını müqəddəs bilən
 
Payıza əyildi, qışa əyildi
Yazın əvvəlində bitən uşaqlıq
Bəlkə də gözümdən yerə düşərək
Yem oldu köpəyə, itə uşaqlıq
 
Qalmadı bahardan, payıza qədər
Yenə qaranquşlar bizi aldatdı
Dünyanı yaxşı yer bilib gəlmişdik
Bizi Yaradanın özü aldatdı
 
Pəncərə
 
Oğlu müharibədə itkin düşən analara ithaf edirəm
 
Yenə həmin pəncərə
Yenə həmin intizar
Nə ölüsün gətirən
Nə "diridir" deyən var
 
İyirmi dörd yaşı var
Ağrısı-acısının
Əlləri tir-tir əsir,
Üzünə qırış düşüb.
Küçəyə boylanmaqdan
Gözünə qırış düşüb
 
Səhər yediklərini
Axşam çağı unudur
Hərdən yerə yıxılır,
Evin divarlarından
Yapışmağı unudur
 
Nə yaşını düz bilir
Nə yetmiş illik adın
Bircə...
Oğlunun getdiyi gün
"Gül kimi" yadındadı
 
Təqvimin rəqəmləri
Amansız cəllad kimi
Hər gün bir az öldürür
Nə zəng gəlir, nə məktub
Nə həyətdə it hürür
 
Yazıq əldən düşdüyün
Cana doyduğun bilir
Nə oğlunun yerini
Nə də şəkillərini
Hara qoyduğun bilir
 
Heç kim ondan danışmır
Hamı onu unudur
Ən yaxın bildiyi də
Bir gün evin nömrəsin
Bir gün yolu unudur
Ayda-ildə bir dəfə
Qəfil qapı döyülür
Qonşunun kiçik qızı
Duz istəyib qayıdır
 
Yenə həmin pəncərə
Yenə həmin intizar
Sabah gün doğacaqsa
Demək hələ ümid var
 
Öləsən
 
Bir gün qələmin sına
Yox olasan, öləsən
Səssiz-səssiz bir küncə
Sıxılasan, öləsən
 
Mən axı gün görmədim
Nə qəribə həyatdı
Allah məni yaratdı
Doğulasan, öləsən?
 
Heç xəbərin olmaya
Qarasından, ağından
Bir gecə yatağından
Yıxılasan, öləsən
 
Bəsdir oyuncaq oldun
Bu dünyanın nazına
Ananın ağ saçını
Keçirib boğazına
Boğulasan, öləsən
 
Gözümün yaş vaxtı
 
Cavan ömrün ilişə
Əcəlin boş vaxtına
Yaradan rəhm etməyə
Gözünün yaş vaxtına
 
Can verəsən qadası
Rəngin ola sap-sarı
Atanın duaları
Düşə sərxoş vaxtına
 
Anan özün itirə
Saçı boğa barmağın
Ağlayıb, sızlamağı
Düşə əzrail bəyin
"Ürəyi daş "vaxtına
 
Həmişə dərd-qəm yeyən
Gün üzünü görməyən
Cismini tapşıralar
Torpağın qış vaxtına
 
Bayquş Yuvası
 
Yuxuya getmək olmur
Döşəyin soyuq yanı,
Qucağımda balışla
Qırışmış ağ köynəyim
Dolabdakı ütüyə
Dillənir ki, bağışla
 
"Zibil maşınlarına"
Hopan qoxu kimidir
Tənhalığın qoxusu
Uzaqdan hiss olunur
Burnunu tutanların
Tanıyıram çoxusun
 
Əllərim, nəbzim kimi
Dinc dayanmır yerində
Əsir, əsir...
Qırış doğan sifətim
Qocalmağa tələsir
 
Nə qapımın zəngi var
Nə mətbəxin qadını
İndi yaxşı bilirəm
Üç gün əvvəl dəmlənmiş
Acı çayın dadını
 
Bir qərar ver İlahi
Çək daha birimizin
Ayağının altından
Cırıldayan stulu
Ya bu tənhalıq, ya mən!
Bir şəhid atasının
Başındakı sonuncu
qara tüklər kimiyəm
Tənhayam mən!(kulis)
 
pia.az
Etiket:
loading...