Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Əvvəl-axır kimin hansı “zibilin” içində olması hamıya bəlli olacaq” - Əkrəm Həsənov


Bank üzrə ekspert: “Ən iri bankımızın timsalında banklarımızın maliyyə hesabatlığında min cür oyundan çıxaraq vəziyyətlərinin olduğundan daha yaxşı göstərməsi açıq görünür”


“Məlumatda bildirilir ki, ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır – 806 mln. manat. Lakin əslində bu bank ötən ili tarixində ən böyük zərərlə başa vurub”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov Azərbaycan banklarının hamısının 2017-ci il üzrə açıqladığı maliyyə göstəricilərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi 31 Yanvar 2018-ci il tarixinədək Azərbaycanda fəaliyyətdə olan 30 bankının hamısı 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb. Açıqlamaya görə 2017-ci ili 30 bankdan 19-u xalis mənfəət, 11-i isə xalis zərər ilə başa vurub. Ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank” ən çox xalis mənfəət əldə etmiş banklar sırasındadır.

Qeyd edək ki, 2016-cı illə müqayisədə ötən il zərər edən bankların sayı azalıb. Ötən ili zərər ilə bağlamış bankların bir çoxunun 2018-ci ili mənfəətlə başa vuracağı gözlənilir. Zərərdə olan banklardan bir neçəsi (“AccessBank”, “Bank Respublika”, “Bank of Baku”) kapitalın artırılacağını bəyan edərək 2018-ci ilə olduqca pozitiv yanaşdıqlarını bəyan ediblər.

2018-ci ildə bankların indiki vəziyyətinin düzəlməsi nə qədər mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Əslində, bankların çoxu, o cümlədən problemli kreditlərinin real həcmini azaldaraq və nəticədə daha az ehtiyat yaradaraq hesabatlarını bəzəyirlər”.


Ötən il dövlətin Azərbaycan Beynəlxalq Bankının 3,337 mlrd. borcunu öz üzərinə götürdüyünü xatırladan bank üzrə ekspert Əkrəm Həsənov PİA.AZ-a açıqlamasında qeyd edib ki, dövlətin bu hədiyyəsi olmasaydı, bank sektorumuz ötən ili 804 mln. manat mənfəətlə deyil, 4,8689 mlrd. manat zərərlə başa vuracaqdı:

“Məlumatda bildirilir ki, ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır – 806 mln. manat. Lakin əslində bu bank ötən ili tarixində ən böyük zərərlə başa vurub. Çünki sözügedən 806 mln. manatlıq mənfəət bank fəaliyyətindən əldə edilməyib. Bəs haradan əldə edilib? Dövlətin Azərbaycan Beynəlxalq Bankına öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində etdiyi hədiyyədən! Xatırladıram ki, ötən il dövlətimiz bu bankın 3,337 mlrd. borcunu öz üzərinə götürdü. Milli valyuta ekvivalentində bu, 5,6729 mlrd. manata bərabərdir. 

Yəni faktiki ABB təkcə dövlətdən bu qədər əvəzsiz gəlir götürüb. Deməli, dövlətimizin bu hədiyyəsi olmasaydı, bank sektorumuz ötən ili 804 mln. manat mənfəətlə deyil, 4,8689 mlrd. manat zərərlə başa vuracaqdı! Maraqlısı həm də odur ki, ABB 2016-cı ili təxmini 1,7 mlrd. manat zərərlə başa vurmuşdu. 2017-ci ildə dövlət ona 5,6729 mlrd. manat hədiyyə edibsə, deməli, təkcə bu hədiyyə nəticəsində ötən il üzrə mənfəəti təxmini 4 mlrd. manat olmalı idi. Bəs onda niyə mənfəəti cəmi 804 mln. manatdır? Belə çıxır ki, dövlətdən aldığı 3,16 mlrd. manatı da cəmi 6 ay ərzində zərərlə işləyərək itirib? Bütün bunlar onu göstərir ki, ABB böyük zərərlə işləyir, deməli, cari ili necə başa vuracağı böyük sual altındadır.

Əkrəm Həsənov: “Cari ildə banklar kapitallarını real artıra bilsələr, problemlərin çoxu həllini tapacaq”.


Ən iri bankımızın timsalında banklarımızın maliyyə hesabatlığında min cür oyundan çıxaraq vəziyyətlərinin olduğundan daha yaxşı göstərməsi açıq görünür. Əslində, bankların çoxu, o cümlədən problemli kreditlərinin real həcmini azaldaraq və nəticədə daha az ehtiyat yaradaraq hesabatlarını bəzəyirlər. Buna görə də bəyan edilmiş məlumata tam etimad etmək olmaz. Əvvəl-axır kimin hansı “zibilin” içində olması hamıya bəlli olacaq. Bu o demək deyil ki, həqiqətən də mənfəətlə işləyən banklarımız yoxdur. Əlbəttə, var. Amma bəyan edildiyi kimi deyil. 

Bununla belə, cari ildə banklar kapitallarını real artıra bilsələr, problemlərin çoxu həllini tapacaq. Lakin inanmıram ki, bunu sırf yerli sərmayə hesabına etmək mümkün olsun. Xarici investorlar cəlb edilməlidir. Bu halda vəziyyəti düzəltmək olar. Amma xarici investoru cəlb etmək üçün biznes mühitini sağlamlaşdırmaq, qanunun aliliyini, məhkəmələrin müstəqilliyini təmin etmək lazımdır”.

Nərminə UMUDLU
pia.az
Etiket:
loading...