Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar məni uzaqlaşdırmasa, özüm MHP-dən heç bir yerə getmərəm”


Atilla Kaya: “Onlar məni uzaqlaşdırmasa, özüm MHP-dən heç bir yerə getmərəm”


İstanbuldan millət vəkili: “Xaricdən Türkiyəyə yönəlik hər cür təhdidə, basqıya biz türk milləti olaraq, şəxsən mən Atilla Kaya olaraq var gücümüzlə sonadək dayanacağıq”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sabiq sədr müavini Atilla Kaya “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Partiyadaxili məsələlərə, qardaş ölkənin daxili siyasətinə, xarici basqılara, Qarabağ məsələsinə və digər mövzulara həsr olunan söhbətimizi təqdim edirik: 

- Atilla bəy, Türkiyə mediası son günlər sizin müsahibələrinizi, bir sıra məsələlərlə bağlı təpkilər verdiyiniz haqda xəbərləri tirajlayır. Hətta sizin MHP rəhbərliyinə qarşı olduğunuzu iddia edənlər də var. Deyə bilərsinizmi nə baş verir?

- Mən MHP ilə əlaqədar heç bir şey söyləmədim. Əslində MHP ilə bağlı məsələ də deyil. Mövzu başqadır. Bizdə qanun hökmündə qərarnamə var. Azərbaycanda prezident fərmanı deyilir. Amma qanun hökmündə qərarnamənin bu tərəfi var ki, söhbət Türkiyə Böyük Millət Məclisini (TBMM) kənarda saxlamaqla ölkəni idarə etməkdən gedir. Yəni parlamentin razılığı olmasa da, prezident fərmanı icraya yönəldir. Düzdür, Ana Yasada bunun parlamentə gəlmək məcburiyyəti var, amma gətirmirlər. Dediyim kimi, parlamenti kənarda saxlayırlar. Bu məsələ əvvəldən Ana Yasada olsa da, artıq fövqəladə tətbiqetmə halına gətirilib və həyata keçirilir. İndiyə qədər 30 qanun hökmündə qərarnamə yayınlanıb.

- Bu barədə Məclisdə də çıxışınız oldumu?

- Xeyr. İndi bir qanun hökmündə qərarnamə yayınlandı. Orada bizi narahat edən məsələlər var idi. Məsələn, Ana Yasaya görə, normalda iqtisadi məsələlərin burada olmaması gərəkdir. Burada bir sıra düzənləmələr var. Bunlardan biri də həbsxanalarda dövlət çevrilişi cəhdinin günahkarlarına vahid geyim geyindirilməsi ilə bağlıdır. ABŞ-ın Quantanamodakı əsirlərə geyindirdiyi narıncı rəngli geyim olması təklif olunur. Eynisini burada cəza evlərində saxlanılanlara, yəni hökmlülərə deyil, həmçinin terror suçlamaları ilə həbsxanalarda saxlanılan şəxslərə həmin “tektik elbise” deyilən geyimin geyindirilməsi haqqında bir qərarnamə yayımlandı. Bundan sonra bir qəzetçi məni aradı. Dedi ki, siz də cəza evində yatmısınız, sizin zamanınızda da bu geyim qaydası var idimi, bu haqda nə düşünürsünüz? Dedim ki, biz həbsdə olduğumuz zaman bu qaydaya qarşı dirəniş də göstərmişdik... Qeyd etdim ki, Avropa İnsan Haqları Məhkəməsində də bununla bağlı qərar var. Həmçinin bunun insan haqlarına, insanın şəxsiyyətinə, dəyərlərinə zidd bir qayda olduğunu və buna qarşı olduğumu söylədim. Qanun hökmündə qərarnamə ilə bağlı daha bir şey var, o da Türkiyədə dartışılır. Bu da çevriliş zamanı və çevriliş sonrakı günlərdə müqavimət göstərən şəxslərin istintaq edilməməsi ilə bağlıdır. 15 və 16 iyulda çevriliş edənlərə qarşı normal, sadə vətəndaşların dirənişləri oldu. Yəni bununla bağlı kimsə sorğu-sual edilməsin, onlarla bağlı heç bir tədbir görülməsin. Əslində mənim dediyim bu idi ki, belə qərarnamələrlə Türkiyədə demokratiya, insan haqları, hüququn üstünlüyü arxa plana keçir. Türkiyənin konstitusiyalı dövlət olmaqdan çıxaraq, təkbaşına idarəçilik rejiminə doğru getdiyini söylədim. İnternet qəzeti bu fikirləri yayımladıqdan sonra Türkiyə televiziyaları bu barədə xəbər verdilər, məsələyə diqqət çəkdilər. Bununla bağlı MHP başqanının da açıqlaması olmuşdu. Dövlət bəy sözügedən qaydalara qarşı çıxanlara əks mövqedən fikirlər səsləndirmişdi. Odur ki, fikirlərimizdə ziddiyyət yarandı.

- Demək, hazırkı məqamda Dövlət Bahçəli ilə sizin fikirləriniz haçalanır və fərqli mövqedən çıxış edirsiniz...

- Bəli, mövqeyimiz fərqlidir. Əslində 16 aprel referendumundan bəri zatən, eyni sözü demirik. Referendumda partiya “bəli” dedi, mən “xeyr”. Ona görə də mən partiyadakı vəzifəmdən istefa vermişdim.

- Fikirlərinizdə ziddiyyətlər yaransa da, MHP-də qalırsınız, eləmi?

Ermənistanı Qarabağda qoruyub-saxlayan Rusiyadır, onun hərtərəfli dəstəyidir” 

- Bəli, qalıram.

- MHP başqanı ilə aranızdakı fikir ayrılığı haraya qədər davam edə bilər? Bu, sizin partiyadan gedişinizə səbəb ola bilərmi, yoxsa belə bir niyyətiniz yoxdur?

- Vallah, mənim o niyyətim yoxdur. Mən ülküçüyəm, türk millətçisiyəm, partiyam da Milliyyətçi Hərəkat Partiyasıdır. Amma sabah onlar bizim söylədiklərimizi partiyanın rəhbər qurumlarına çıxarıb məni uzaqlaşdırmasa, özüm partiyadan heç bir yerə getmərəm.   

- Bütün bu məsələlərlə əlaqədar Dövlət bəyin özü ilə danışmısınızmı?

- Xeyr, danışmamışam.

- Azərbaycanda belə bir yozum var ki, Dövlət Bahçəli regionda ciddi proseslərin cərəyan etməsini, Türkiyədəki 15 iyul olaylarını və digər hadisələri nəzərə aldığı üçün Ərdoğan hökumətinə dəstək verir...

- Bəli, tam dəstək verir.

- Yəni belə izah olunur ki, Dövlət Bahçəli milli və dövlət maraqları naminə iqtidarla əməkdaşlığa gedib. Razılaşırsınızmı?

- Məsələ belədir: Bəli, Türkiyənin ətrafında, İraqda, Suriyada mühüm proseslər baş verir, həmçinin Türkiyəyə yönəlik təhdidlər var. Bəli, var. Amma Suriyada hadisələr başlayan zaman söyləmişdik ki, baxın, Suriyanın parçalanması növbəti hədəfdə Türkiyənin olması deməkdir. Bəs bu təhlükələri bizim başımıza gətirib çıxaran kimdir? İraqda, ya Suriyada olsun... Suriyada indi terror təşkilatı dediyimiz PYD-nin başqanı Salih Müslimi Türkiyə rəsmi şəkildə qəbul etmədimi? İraqdan gələn peşmərgələrin Kobanidəki PYD-yə yardımına Türkiyə icazə vermədimi? Həm də Cümhuriyyət bayramında... Bu kimi bir sıra məsələlər var. Türkiyə bütün bu sıxıntılara AKP-nin yanlışlıqları nəticəsində gəldi. Amma eyvallah, biz deyirik ki, belə yanlışlar oldu, amma Türkiyədə dövlət çevrilişinə cəhd etdilər, 15 iyulda daxildə savaş törətmək, işğal cəhdi oldu. Türkiyəni bu prosesə qarşı qoymaq, Türkiyənin milli maraqlarını, mənfəətini qorumaq haradan keçir? Bu, toplumun birliyini, bərabərliyini daha da möhkəmləndirməkdən keçməzmi? Amma 16 apreldə bir referendum keçirildi, toplum 2-yə bölündü, yüzdə 51-i “bəli”, yüzdə 49-u “xeyir” dedi. Sən özün atdığın addımla ölkənin, millətin bərabərliyini bıçaqla ortadan ikiyə bölürsən.

Hamımız dövlət çevrilişinə qarşıyıq, elə qarşı olduğumuzu həmin gecə ortaya qoyduq. Toplumun bütün hissələri buna qarşıdır. Amma bu çevrilişi bəhanə edərək Türkiyəni addım - addım insan haqlarına, hüququn üstünlüyünə, mətbuat azadlığına söykənən bir rejim olmaqdan çıxarıb, avtoritar rejimə doğru götürmək olarmı?

- MHP-də sizin həmfikirləriniz nə qədərdir? Günün birində sizin kimi düşünənlərə çağırışınız ola bilərmi?

- Çağırışa ehtiyac yoxdur. Amma referendumdan əvvəlki prosesdə MHP-dən qopmalar oldu. Çox sayda insan xaric edildi, yaxud istefaya getdi. Bu proses davam edir.

- MHP-dən sonra İYİ Parti yaradan Meral Akşenerlə münasibətləriniz necədir?

- Hazırda hər hansı bir münasibətimiz yoxdur. Dediyim kimi, biz MHP-dəyik, partiyamızdayıq. Odur ki, onunla hər hansı bir görüşümüz, yaxud siyasi bərabərliyimiz yoxdur.

- Xanım Akşener Türkiyəyə İYİ-lik vəd edir. Buna nail olacaqmı?

- (Gülür). Vallah hər partiya iyilik (yaxşılıq) vəd edir. Bu, millətdən dəstək aldığı zaman həyata keçirdiyi işlərlə bəlli olur. Yoxsa AKP də Türkiyəyə iyilik gətirəcəyini söyləmişdi, 15 ilin sonunda, bu gün gəldiyimiz nöqtə ortadadır.

- Amma Azərbaycanda belə baxışlar var ki, hazırkı dönəmdə Türkiyənin başında Rəcəb Tayyib Ərdoğan dayanmasaydı, vəziyyət daha ağır ola bilərdi. Bu yanaşmanı bölüşürsünüzmü?

- Bölüşmürəm. Çünki Türkiyənin başını bəlaya salan bütün xüsuslar Ərdoğanın yanlış siyasətinin nəticəsində oldu. İraqdakı, Suriyadakı siyasət, daxildə PKK ilə “barış” dedikləri proseslər... Onların yanlış siyasəti Türkiyəni ciddi sıxıntılara soxdu. Bu gün Türkiyə Avropada, orda, burda təzyiqlərlə üzləşirsə, bütün bu yanlışlıqların nəticəsidir.

“İnşallah, İstanbuldan Bakıya qatarla gəlmək istəyirəm”


- Qüds zirvəsindən sonra ABŞ prezidenti Donald Trampın qərarına qarşı çıxanlara yönəlik təhdidləri oldu. Türkiyəyə qarşı yeni sürprizlər işlə salına bilərmi?

- Xaricdən Türkiyəyə yönəlik hər cür təhdidə, basqısına biz türk milləti olaraq, şəxsən mən Atilla Kaya olaraq var gücümüzlə sonadək dayanacağıq. 

- Yəni bu məsələdə Ərdoğanla eyni səngərdəsiniz?

- Ərdoğanla deyil, Türkiyə ilə, türk milləti ilə eyni səngərdəyik. 

- Hər halda, Türkiyənin də prezidenti Ərdoğandır...

- Bəli, prezident Ərdoğandır. Amma türklüyün müzakirəsini bunlar açdı, bəy! “Ana Yasadan türklüyü çıxaraq, bayrağın adı türk bayrağı olmasın, Türkiyə bayrağı olsun” deyənlər, bütün bu müzakirələri açan bunlardır. Ona görə də biz Türkiyə dövləti, türk milləti ilə bərabərik. Bunlar da səmimi şəkildə yanlışlarını görüb türk millətinin, türk dövlətinin çıxarları ilə bağlı bir nöqtəyə gələrlərsə, əlbəttə, problem olmaz.

- Atilla bəy, bilirəm ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşmüş ülküçü olaraq siz Qarabağla bağlı prosesi də həssaslıqla izləyirsiniz. Türkiyə və Rusiya prezidentləri son zamanlar bir neçə dəfə görüşdülər və iki prezidentin Qarabağ məsələsinin həlli ilə bağlı hansısa addım atacağına ümidlər yarandı. Siz Ankara-Moskva yaxınlaşması şəraitində Azərbaycan torpaqlarının azad olunacağını gözləyirsinizmi?

- Bundan əvvəl hörmətli prezident Ərdoğan bir söz dedi. Bildirdi ki, bu məsələni çözərsə, Putin çözər. Həqiqətən də bölgədəki proseslərə baxdığımızda, Ermənistanın arxasında Rusiya dayanmasa, bu məsələ indiyə qədər çoxdan həll edilmişdi. Odur ki, Ermənistanı Qarabağda qoruyub-saxlayan Rusiyadır, onun hərtərəfli dəstəyidir. Minsk Qrupu illərdən bəri iş aparır. Amma Fransa, RusiyaABŞ ermənilərə daha yaxındır. Odur ki, bu prosesdən də bir şey çıxmaz. Mənim fikrimcə, hər şey Azərbaycandan asılıdır. Güclü bir ordusu olan, hər baxımdan güclənmiş bir Azərbaycan “öz göbəyini özü kəsər”. Türkiyə dövləti, türk milləti də Allah eləməmiş, Azərbaycanın hər hansı sıxıntılı günündə Azərbaycanın yanında olmağa məcburdur, iqtidarda kim olursa-olsun.

- Başa çatmaqda olan 2017-ci ilin ən mühüm hadisələrindən biri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı oldu. İnşallah sərnişin qatarları da xəttə buraxılacaq. Bu qatarla Bakıya gəlmək niyyətiniz varmı?

- Qarsdan Ankaraya gələn ekspress qatarı var, indi onunla gedib-gəlmək bir az da dəb olub. Odur ki, orada yer tapmaq çətindir. İnşallah, sərnişin qatarları tam gücü ilə işlədiyi zaman İstanbuldan Bakıya qatarla gəlmək istəyirəm. Dostlarla birgə daha maraqlı olar.    

 - İnşallah. Qəzetimiz vasitəsilə demək istədiyiniz ayrı nə isə varmı?

- Salam söyləyin bütün dostlara! Azərbaycana salam olsun! Qarabağdakı şəhidlərimizə Allah rəhmət eləsin! İnşallah, yeni ildə Qarabağ torpaqlarında Azərbaycanın istədiyi kimi dəyişikliklərin olmasını cənab Allahdan diləyirəm! Eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik gününü təbrik edirəm.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar