Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmiz son 25 ildə korrupsiya sistemi üzərində inşa edilib”

42 yaşlı Aleksandr Danilyuk ötən ilin aprel ayından etibarən Ukraynada maliyyə naziri postunu tutur


O, hakimiyyətə özəl sektordan gəlib və liberal islahatçılar düşərgəsinə aid edilir. Qeyd edək ki, bu düşərgənin Kiyevdə təsiri son vaxtlar çox azalıb. Nazir yoluna çıxan çətinliklər barədə “Le Monde” nəşrinə danışıb.

– Sizdən əvvəl maliyyə naziri postunda çalışan Natalya Yaresko hakimiyyətin manevr azadlığı və islahatçı planlarına qarşı kəskin tənqidlə çıxış edib. Nəticə əldə etmək üçün bəs sizin şansınız necədir?

– Artıq nəticələr var. Məncə, komandamın ən vacib islahatı ƏDV-nin qaytarılma mexanizminə aiddir. Aydındır ki, köhnə sistem sahibkarların əsas korrupsiya mənbəyi olub. Bu gün isə yeni sistem tam şəffaflıq təminatı verir ki, bu da korrupsiya üçün keçilməz bir səddir. Büdcə sahəsində iqtisadi xadimlər və tərəfdaşlarımız üçün perspektivlər açmağa imkan verən üçillik planlaşdırma tətbiq etmişik.

Natalya Yareskonun işlədiyi şərait, mənimkindən elə də fərqlənmir. Nə münaqişələrlə, nə də parlamentlə birgə, lazım gəldikdə, parlamentə qarşı çalışmaqdan qorxmuram. Deputatlar korrupsiyaya uğraması ilə tanınan vergi polisi islahatımızı bloklamağa çalışanda parlamentə getdim və istədiyimə nail oldum. Köhnə sistemə partizan müharibəsi ilə qalib gəlmək olmaz. Münaqişəni ictimaiyyətə təqdim etmək nəticə əldə etmək və rəqibi geri çəkilməyə məcbur etmək üsuludur.

— Müharibə ölkə büdcəsinə neçəyə başa gəlir?

— Büdcəmizin 5%-i təhlükəsizliyə gedir. Krımın və Donbasın bir hissəsinin işğalı sənaye potensialımızın 20%-nin itirilməsi deməkdir. 2014-ci ildən bizim xarici ticarətdə Rusiyanın payı 10% -ə qədər azalıb, halbuki RF əvəllər əsas ticarət tərəfdaşımız idi. Artıq iki ildir Rusiyadan qaz almırıq.

Kiyev qarşıya qoyulan bütün şərtləri, xüsusilə şəffaflığın bərqərar olunması ilə bağlı islahatları yerinə yetirmədiyi üçün Avropa Birliyi 600 milyonluq maliyyə yardımını dayandırıb. Qorxmursunuz ki, Qərb müttəfiqləriniz bundan yorula bilər?

— Tranşın ayrılması üçün qarşıya qoyulan 21 şərtdən 19-nu yerinə yetirmişik. Əlbəttə, yardımın dayandırılması yaxşı siqnal deyil, ancaq biz AB ilə etibarlı münasibətlərimizi davam etdiririk. Brüssel yaxın iki il üçün yeni yardım planına razılıq verib. Bunun da həcmi əvvəlki planla demək olar eynidir [1,8 milyard avro].

Avropanın öz problemləri var. Bunu başa düşürük. Ancaq bizim də köməyə ehtiyacımız var. Özü də təkcə maliyyə yardımına deyil. AB-nin təcrübəsi bəzi islahatları, məsələn hazırda reallaşdırdığımız geniş miqyaslı səhiyyə islahatlarının aparılması üçün çox vacibdir. Nəticədə, özümüz irəliləməli və yolumuzu seçməliyik.

— İslahatların tam reallaşdırılmasına nail olmaq üçün Brüssel və BVF tərəfindən belə bir təzyiq qismən yeganə üsul olub. Sizcə, bu müqavimət nə ilə əlaqədardır?

— Ukrayna son 25 ildə korrupsiyaya uğramış və qeyri-sağlan sistem üzərində inşa edilib və inkişaf etdirilib. Sistemlə mübarizəmizdə daha çox irəlilədikcə, mərkəzə daha çox yaxınlaşırıq və hər şeyi dayandırmaq daha çətin olur. Bir döyüşü uduzuruq, digərini uduruq. Məncə, sistemin belə bir müqavimət göstərməsinin səbəbi islahatlar tərəfdən hiss edilən təhlükədir.

Bu sistemin nümayəndələri hər yerdədir. Həm administrasiyanın aşağı təbəqələrində, həm də yüksək vəzifəli məmurlar arasında. Həm xüsusi xidmət orqanlarında, həm də parlamentdə. Özü də, nəsildən asılı bir şey deyil. Hətta gənclər arasında da köhnə sistemdə özünə yer tapa bilənlər var. Problemin bir hissəsi ondadır ki, biz onlara yaxşı əmək haqqı təklif edə bilmirik. Effektiv şəkildə qayda-qanun yaratmaq üçün bizə xüsusi anti-korrupsiya məhkəməsi lazımdır.

— Necə fikirləşirsiniz, indi müxalifət düşərgəsində döyüşən və korrupsiyanı kəskin tənqid edən Gürcüstanın sabiq prezident Mixail Saakaşvilinin təqib edilməsi köhnə və təzə sistemin mübarizəsini əks etdirir?

— Məncə, söhbət siyasi mübarizədən gedir. Mixail Saakaşvilinin öz planları var. Mən bu vəziyyəti şərh edəcək durumda deyiləm.

— Bir sıra dövlət idarələri Milli Anti-Korrupsiya Bürosunun (MAKB) səlahiyyətlərini və müstəqilliyini məhdudlaşdırmaq üçün mütəmadi şəkildə ona hücuma keçirlər. Korrupsiya ilə mübarizənin digər iştirakçıları da hədəfə alınır. Bu mübarizənin arxasında nə gizlənir?

— MAKB səhv buraxa bilər, ancaq büro ölkədə ən effektiv və müstəqil anti-korrupsiya təşkilatıdır. Prezident administrasiyasında işlədiyim vaxt bu layihəni hazırlayanlardan biri olmuşam. Bilirdik ki, ona bütün mümkün müdafiə vasitələrini təqdim etməliyik. Təşkilatın rolu çox əhəmiyyətlidir, MAKB bütün sistem üçün təhlükə kəsb etməyə başlayıb. Məhz bu səbəbdən hədəfə çevrilib.

Büroya son hücum qanunvericiliyə dəyişiklik vasitəsilə parlament tərəfindən olub. Qərb tərəfdaşlarımızın müdaxiləsi sayəsində uğursuz nəticələnib. Qəbuledilməz haldır, amma ən əsası qələbədir.

— Bu hücumların bir hissəsi yuxarılardan gəlir. Prezidentin dostları və müttəfiqləri arasında MAKB-ın qatı düşmənləri var.

— Köhnə mentalitet ən yuxarılada da qala bilər.

— Artıq çoxdan belə bir qərara gəlinib ki, iqtisadiyyat sahələrini korrupsiyadan qorumağın ən yaxşı üsulu özəlləşdirmə prosesidir. Bu işdə də gecikmə müşahidə edilir.

— Hökumətin əsas prioritetlərindən biri də budur: nəinki korrupsiya ilə mübarizə aparmalı, həmçinin iqtisadiyyata dinamika gətirməli və investorları cəlb etməlidir. Özəlləşdirmə prosesi gələn il İqtisadiyyat Nazirliyinin himayəsi altında başlamalı və 2019-cu ilin sonunadək başa çatmalıdır. Proses müxtəlif ölçülü 100 müəssisəni əhatə edəcək.

— BVF-nin tələbi ilə həyata keçirdiyiniz siyasətin nəticələrindən biri əhalinin yoxsullaşması ilə əlaqədardır. Kommunal tariflər və qazın qiyməti dəfələrlə artıb… Uzunmüddətli perspektivdə bunu qoruyub saxla biləcəksinizmi?

— Əks halda belə bir siyasət aparmazdıq. Bu gün əhalinin böyük bir hissəsi (təxminən 60%) qazla bağlı sosial güzəştlər alır. Bu, çox böyük göstəricidir. Həqiqətən yardıma ehtiyacı olanlara kömək etməli, başqalarına daha çox imkan təklif etməliyik. Bundan başqa, iqtisadi artımın bərpası ilə yoxsulluq səviyyəsində azalma müşahidə edilir.

İstənilən halda vətəndaşlara düzünü deməliyik: ölkədə dəyişikliklər uzun və ağrılı olacaq. Populistlər möcüzələr, dörd ayda yaşayış səviyyəsinin artacağını vəd edir, biz isə dərin islahatlar həyata keçirməyə çalışırıq. Və belə bir islahatlar proqramını müharibə aparan, iqtisadiyyatı remissiyadan keçən ölkədə reallaşdırırıq.

— Ukrayna iqtisadiyyatının perspektivləri necədir? Rusiya bazarı sizin üçün demək olar bağlıdır. AB ilə assosiasiya sazişi lazımi alternativi təqdim edibmi?

— Assosiasiya haqqında saziş indidən bizə kömək edir və ümidverici dinamika yaradır. Saziş invesstorlar cəlb etməyə imkan verir. Özü də təkcə Avropadan deyil. Xüsusilə Yaponiyadan investisiya artımı müşahidə edirik. Yaponiya üçün Ukrayna Avropaya açılan rahat qapıdır. Rus bazarını itirmək ciddi zərbə olsa da, eyni zamanda yeni imkanlar açıb. Yaranmış vəziyyət bizi daha rəqabət qabiliyyətli edir və siyasi dəyişikliklərdən asılı olmayan bazarlar kəşf etməyimizə yardım edir. Bəzi sahələr artıq adlarından söz etdiriblər: bu, ilk növbədə kənd təsərrüfatı, yüksək texnologiyalar və yüngül sənaye sahələrinə aiddir. (Xpressa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar