Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğluma vəsiyyət”

Səhər Əhməd yazır...


 Səhər Əhmədin “Oğluma vəsiyyət” yazısını təqdim edirik

Gözlərini açmayıb hələ, yuxuda sayıqlayırmış kimi qırıq-qırıq, amma təlaşla soruşur:

- Ana, sabah məktəbdi, ana?

- Hə.

- Iııı, ahəng qanununu öyrənməliyəm, ahəng... qanun...-və mışıldamağa davam edir.

Səkkiz yaşlı uşağı bayram tətilində, sabahın şirin yuxusunun içində “ahəng qanun”u haqda düşündürən insafsız həyat.
 

...Eh, oğlum, kaş sənə “Ahəng qanunu da başqa qanunlar kimi mənasızdı, öyrənmə onu, rahat yat, uşaqlığını yaşa”-deyə bilsəydim...

Deyə bilmərəm, lənət olsun!  Deyə bilmərəm, çünki mən təkcə sənin anan deyiləm, həm də başqa uşaqların müəllimiyəm, neçə illərdi, bu ahəng qanununu xalqın uşaqlarına tədris eləyən adamam. Və çox gözəl anlayıram ki, bu dünyada ahəng qanuna tabe olmayan o qədər dillər var ki, o qanundan xəbərsizdi, heç bir problemləri də olmur. Mən bu həqiqəti xalqın uşaqlarına deyə bilmirəmsə, sənə heç deyə bilmərəm, yavrum.
 
Kaş mən də ancaq ana olaydım, o kitablarda yazılanlardan iyrənməmiş biri,  düşünəydim ki, bu ahəng qanunu hər nədisə, sən onu öyrənmədən məktəbə gedə bilməzsən, sabaha qədər onu öyrənmək üçün sənə kömək etməliyəm.

Bağışla məni, gözəl gözlüm, bağışla ki, bəxtinə bu qədər yorğun  ana düşüb.

Kaş bütün təcrübəmi, oxuduqlarımdan, gördüklərimdən aldığım bütün dərsləri, məntiqin, fəlsəfənin, ədəbiyyatın, həyatın, cəmiyyətin sənə öyrədəcəyi hər şeyi beyninə bir kod kimi yükləyə biləydim. Amma yox, olmaz, mümkün deyil, sən özün qazanmalısan bunları, özün oxumalısan, mənim başım dəyən daşlara sənin də başın bir-bir dəyməlidi. Niyə? Çünki tanrı belə istəyir. Bəs tanrı niyə belə istəyir, onu soruşma, onun cavabını heç mənə də deməyiblər.

Sən də Sokrat demiş, əslində heç nə bilmədiyinə əmin olana qədər oxumalısan mütləq. Bir vaxt mən də oxuyurdum, özü də dəlicəsinə, bu dünyanın sirrini açacaqmış kimi.

Uff, oğlum, ömrün boyu uğrunda döyüşdüyün dəyərlərin əslində bir heç olduğunu anlamaq necə çətindi, bir bilsən. İndi sən məni anlamazsan, necə ki bir vaxtlar mən özüm eynən belə düşünən atamı anlamırdım.

Mən sənə ahəng qanunu haqda danışa bilməyəcəm, bağışla, başqa nədən istəyirsən danışım sənə, ondansa qoy səni Şaxta Babanın varlığına inandırım, çünki az qala özüm də buna inanmaq istəyirəm, nəinki ahəng qanuna.  Çünki heç dərində özüm də bilmirəm, saitlər niyə “incə” və “qalın” deyə iki yerə bölünürlər, hansı ehtiyacdan, bəs insanlar niyə bu təsnifatla min yerə bölünürlər?! Yəni, saitlərin ahəngi, insanların ahəngindən çoxmu vacibdi?!

Sən yaşda olanda bir oyun oynayardıq, bəzi sözləri o qədər təkrarlayardıq ki, onlar anlamını itirib gülməli səslənərdi. İndi çox şeylər mənimçün elədi, o qədər düşünmüşəm ki, hər şey anlamını itirib. Elə sizin keçən dərsiniz olan o qanunu da bu səbəbdən sevmirəm, durğu işarələri kimi, bədii ifadə və təsvir vasitələri kimi, bütün yoxsul və zəngin, daxili və xarici qafiyələr kimi, ideya, məzmun, forma və başqa sayıqlamalar kimi. Yox e, axı formanın məzmuna nə dəxli var, hansısa fikri hansısa janra pərçimləmək niyə elm olsun ki...

Hələ bu harasıdır, sənə əsərlər keçəcəklər, Haqverdiyevin “Mirzə Səfər” hekayəsini oxudacaqlar, məsələn.  O yaşda Mirzə Səfəri anlamaq olmaz, vəziyyətdən düzgün nəticə çıxarmaq mümkün deyil. Mən hələ indi anlayıram ki, o, əslində bizə sırıdıqları kimi təkcə müsbət qəhrəman deyil, həm də faciəvi qəhrəmandı. Bütün mübarizələrin sonunda “Mirzə Səfər, papağını da götür, get burdan!” cavabını almaqda müsbət nə ola bilər axı.

Kimə lazımdı o müsbətlik, körpə beyinlərə bunu aşılayıb, əslində, həyat səhnəsi üçün yeni faciə qəhrəmanları yetişdirməyin anlamı nədi, bilmirəm.

İnanma, oğlum, Mirzə Səfərin “Gedəndə papağımı burda qoyan deyiləm” sözləri heç də tutarlı cavab atəşi, xeyrin şər üzərində qələbəsi  zad deyil.

“Xeyrin şər üzərində qələbəsi”, gülməyim gəlir, oğlum, həm də ağlamağım.

Hərdən düşünürəm, bu dünyaya bax elə  o əsərdəki Həsən Ağa kimi gəlmək də vardı. Yox, yanlış anlama, sənə Həsən Ağa ol, demirəm, istəsən də ola bilməzsən, sadəcə, bu dünyanın harmoniyasına uyğun Həsən Ağalar onun harmoniyasını “pozan”  Mirzə Səfərlərdən qat-qat rahat yaşayırlar.

Sən  hələ bilməzsən ( istəyərdim, heç bilməyəsən),  xorda xaric vurduğunu hiss eləmək necə bir hissdi.

Sonra sənə yazıçıları, şairləri anladacaqlar, tutaq ki, Mirzə Şəfi  Vazehi. Sən məsələnin ancaq görünən tərəfini görəcəksən, yaşın düşməyəcək görünməyən tərəfləri görməyə. Amma indi məni çox ağrıdır,  şeirləri Avropada dillərdə dolaşan o  şairin Gəncədə qapı-qapı düşüb evlərdə dərs deməsi səhnəsi. Əsərləri yüz illərlə ədəbiyyatda hökmranlıq edən Füzulinin İmam Əlinin məqbərəsi ətrafında keçən ömrü də eləcə. Mirzə Fətəli Axundovun taleyi də onun kimi...

Bu qarışıq dünyanın mirzəsi olmaq çətin məsələdi.

Sənə uzun illər riyaziyyat keçəcəklər, quzum mənim, balaca barmaqların inciyənədək  lövhədə yüzlərlə misal həll edəndən çox sonralar anlayacaqsan ki,  iki üstəgəl iki  heç də dörd eləmirmiş.  Teoremlər isbat edəcəksən, mənim yaşa gələndə isə biləcəksən ki, əslində aksiomların isbata daha böyük ehtiyacı var (mış).

Sənə vətənpərvərlikdən mühazirə oxuyacaqlar, körpəm, “Vətən mənə oğul desə, nə dərdim” inşası yazdıracaqlar. Yazacaqsan, hər kəs yazar, çünki...

“Və”lər çoxdu, saymaqla bitməz və bütün “və”lərin  ən pisi, bəlkə də,  odu ki, sən sevəcəksən bir gün. Bütün mənəvi dəyərləri, ruhunun  arının çiçəklərdən topladığı bal kimi yığdğı bütün gözəlliklərini ifadə etmək istəyəcəksən. Amma, amma... Eh, oğlum, bir bilsən, bu ammalardan necə zəhləm gedir.

Kimisə sevmək onu özündən yuxarı qaldırmaqdı, mənim balam, bununla fəxr eləmə, çünki bir gün başından yuxarı qaldırdığın birini yerə çırpmalı olanda özün öz gözündən düşəcəksən.

Yıxıla-yıxıla böyüyəcəksən, ruhun yaralana-yaralana bütövləşəcək. Bir gün anlayacaqsan ki, ən ali hiss belə, sadəcə hissdi,  sabun köpüyü kimi, ən azından, ona nələrisə qurban vermək olmaz. Çünki, əbədi deyil, bu gün hər şeydi, sabah heç nə ola bilər.

Həyat imtahan deyil ki, dörd səhv bir düzü aparsın, hər səhv nəsə aparacaq səndən, hər yanlış...

“Alternativ bir yol yoxdumu?”, - soruşma,  “yoxdu”, - deyəcəm, oğlum, “vallah, yoxdu, axtarma”.

Amma sən axtaracaqsan təbii ki, mənim oğlumsan, axtaracaqsan, mən də axtarmışdım çünki, həm də inadla.

Bir gün hər şeyi öyrənib bitirəcəksən, bütün qanunları, ahəngləri, onları pozan hər şeyi, bütün dərslərini, yəni. Heyrətin ölüb qurtaranda  bütün süjetləri asanlıqla proqnozlaşdıracaqsan,  “bütün kinolara baxmış” hesab edəcəksən özünü. Yanında olmayacam onda, amma indidən görürəm, necə güclü görünəcəksən. Güclü və bitkin. Çox istəyərdim, onda  bu yazını oxuyasan. Heç pessimist də adlandırma məni, həqiqət kədərlidi, neyləyə bilərəm,  mənsə heç vaxt heç kimə şirin yalan demək istəmədim.

Hələliksə sənə yalan demək zorundayam, çünki körpəsən , çünki əksi mümkün deyil, elə sirlər var ki, onları açmaq olmaz, həyatın qaydası budu, biz öz övladlarımızı aldada-aldada  atəşin içinə yollamalıyıq. Bu səbəbdən  səni Şaxta Babanın varlığına inandırmaq  (özüm də səninlə birgə inanmaq) üçün  bu qədər çabalayıram. Onun əslində “saxta baba” olduğunu bir il də gec bil, deyə. Xəyal qırıqlığı bir az ertələnsin deyə.

...Bu bulaşıq dünyada müqəddəs işlərlə məşğul olmağa məcbur olmaq zülm işdi, oğlum.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar