Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lal hekayə”

Ayxan Ayvazdan yeni hekayə


PİA.AZ gənc yazıçı Ayxan Ayvazın "Lal hekayə" adlı yeni hekayəsini təqdim edir. 
 
Sən bu hekayəni oxumağa başlayanda saçları dizinə çatan bir qız oturacaqda ayağını ayağının üstünə aşırıb uzaqlara baxacaq. Külək bayraqtək yelləyəcək onun uzun saçlarını. Bilirəm, sən indi o qadının bəzənib-düzənməyini, avtobusdakı basabasdan necə xilas olduğunu da xırdalığına qədər bilmək istəyəcəksən. Amma mən sənin niyyətini əvvəldən duydum və hekayəni elə parkdan başladım. Buna görə mısmırığını sallama, deyinmə də. Əcəb oldu sənə. Gör sən necə şorgözsən. İki gözüm aydın, oxumursan-oxuma. Hekayə mənimdir, özüm bilərəm. Bəyənmirsən, gedə bilərsən.
 
Bir dəqiqə! Sakit dur görək. Qızla üzbəüz oturacağa iki gənc oğlan oturdu. Aha, deyəsən, xoşuna gəldi. Küskünlüyün getdi, necə də gözlərini bərəldib iştahla oxumağa başladın. Səni xatakar!
 
Fikir verdinsə, gənc oğlanlar qadını baxışları ilə sığallayırdılar. Sən indi onların nə danışdığını da bilmək istəyəcəksən. Bax, ikisinin də əlləri bir yerində durmur, elə hey tərpənir. Amma təəssüf ki, mən də onları başa düşə bilmirəm. Yox, xarici dildə danışmırlar. İkisi də laldır.
 
Yaxşı, mısmırığını sallama. Bu hekayənin Tanrısı mənəm. İstədiyimi edə bilərəm. İndi də gəl o iki lalın əl hərəkətlərini sözə çevirdiyimə bax:
 
- Birinci mənim xoşuma gəldi.
 
- Pah! İkimiz də gördük. Hardan birinci oldun?
 
- Yaxamı burax, mən gedəcəm.
 
- Dostluğu pozursan, vallah. Adam dostunun sevdiyinə göz dikər?
 
- Elə bil, illərdir sevirsən axı.
 
- Burax görüm.
 
- Özüm ölüm, vuracam səni.  
 
Yaxalaşmağa başladılar. Az qala bir-birilərinin ətini yeyəcəklər. Qadın da bu dəm qulaqlarını şəklədi, ətrafa döyükdü. Küləyin səsi gəzirdi parkda, bir də hərdən keçib gedənlərin ayaq səsləri.
 
Uzun saçlı qız ayağa qalxdı, əlindəki əsanı asfalta döyə-döyə ürkək addımlarla yeriməyə başladı. Bağışla, sənə bu əsadan söz açmamışdım. Desəydim, əvvəldən hər şeyi başa düşəcəkdin.
 
İndi deyirsən hekayə alınmayıb? Sənin başın üçün elə! O iki lal oğlan qızın kor olduğunu hiss edərdilər deyirsən. Burda səninlə razıyam. Amma klassik fikri nə tez unutdun: “Sevginin gözü kordur”. 
 
O qadın qaranlıqları yara-yara gedir. İki cavan oğlanı soruşursan? Onlar yaxalaşmağa ara verib təəssüflə qadının arxasınca baxırlar, üzlərində tərifsiz bir kədər var.
 
Deyirsən ki, nəsə elə, qaytar o qadını. Qışqırırsan üstümə: “Bəs Tanrı deyirdin özünə?” Bağışla, hekayəni burda dondurmaqdan başqa çarəm yoxdur. İndi bu hekayədə dördümüz qaldıq.(kulis)
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar