Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji” rəsmisi: “Enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək”


Qurumun baş mühəndisi Həsən Həsənov enerji istehsalı sahəsində vəziyyət, texnoloji yeniliklər barədə Reportun suallarını cavablandırıb


Ötən həftə Azərbaycan energetikləri peşə bayramını qeyd etdi. 

Bu münasibətlə "Azərnerji" ASC-nin baş mühəndisi Həsən Həsənov enerji istehsalı sahəsində vəziyyət, texnoloji yeniliklər barədə "Report"un suallarını cavablandırıb: 

- Həsən müəllim, əməkdar energetik kimi ölkənin enerji sisteminin SSRİ və müstəqillik dövründəki fərqini necə görürsünüz? 

- Əvvəla, energetiklərin peşə bayramı ərəfəsində belə bir təşəbbüs irəli sürüb enerji sisteminin mövcud vəziyyətinə ictimaiyyətin diqqətini çəkdiyinizə görə sizə təşəkkür edirəm. Azərbaycanda ilk elektrik stansiyalarının tikintisi ötən əsrin əvvəllərinə təsadüf edib. Bu da, ilk növbədə, Bakıda və onun ətrafında neft sənayesinin inkişafı ilə bağlı olub. Həmin dövrdə bir neçə elektrik stansiyası tikilib, şəhərin müəyyən yerlərini və mədənləri enerji ilə təchiz etmək üçün xətlər çəkilib. SSRİ dövründə isə ölkədə genişmiqyaslı elektrikləşdirmə tədbirləri həyata keçirilib, böyük generasiya gücləri işə salınıb, ötürücü və paylayıcı şəbəkələr yaradılıb. Enerji sisteminin vüsətli inkişaf mərhələsi isə Ulu Öndər Heydər Əliyevin respublikaya rəyhbərlik etməsindən sonra başlayıb, 1970-80-ci illərdə bu sahədə misilsiz nailiyyətlər əldə edilib. Generasiya potensialının artırılması məqsədilə 22 MVt gücündə “Araz” SES, 50 MVt gücündə Tərtər SES, 380 MVt gücündə Şəmkir SES, Cənubi Qafqazın ən iri istilik elektrik stansiyası - 2400 MVt gücündə olan “Azərbaycan” İES həmin illərdə inşa edilib istismara verilib. Enerjiötürücü infrastrukturun inkişaf göstəriciləri də diqqətəlayiqdir: 220 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək”, 330 kV-luq “Yaşma”, “İmişli”, “Gəncə”, “Ağstafa”, 500 kV-luq “Abşeron” qovşaq yarımstansiyaları, 330 kV-luq 3-cü “Əli Bayramlı”, “Şirvan İES-Ağdam-Gəncə-Ağstafa”, “Şirvan İES-Yaşma-Dərbənd”, 500 kV-luq 1-ci və 2-ci “Abşeron”, “Muxrani-Vəli”, 4-cü və 5-ci “Mingəçevir” yüksək gərginlikli elektrik verilişi xətlərinin (EVX) inşası nəticəsində ötürücü şəbəkə respublikanın ən ucqar guşələrini belə əhatə edə bilib. Bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə elektrik energetikası sektorunda aparılan quruculuq işlərinin miqyasını və əhəmiyyətini göstərir. Məhz belə quruculuq işləri sayəsində Azərbaycan artıq 1980-ci illərdə elektrik enerjisinə olan tələbatını öz imkanları hesabına ödəməklə yanaşı, qonşu respublikaların ehtiyacları üçün də elektrik enerjisi buraxılışını həyata keçirirdi. Ulu Öndərin yaratdığı bu potensial müstəqil dövlətmizin elektrik enerjisi sisteminin keçmiş SSRİ-nin vahid enerji sistemindən asılı olmadan, müstəqil şəkildə öz işini davam etdirməsinə şərait yaratdı.

Təbii ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə enerji sistemi də müəyyən çətinliklərlə üzləşdi ki, bu da ilk növbədə, mövcud potensialın qorunub saxlanmasına laqeyd münasibət, idarəçiliyin zəif olması, respublikadakı ümumi böhranın mənfi təsirləri ilə bağlı idi. Yalnız Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması və müstəqil dövlət quruculuğuna başlaması elektrik enerjisi sektorunda da ciddi dəyişikliklər üçün zəmin oldu. Bu sektorun sosial-iqtisadi inkişaf üçün çox mühüm əhəmiyyət daşıdığını çox yaxşı bilən dahi rəhbər enerji sisteminin güc çatışmazlığını aradan qaldırmaq istiqamətində zəruri tədbirlər gördü. Xarici investorlar cəlb etməklə Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və “Şimal” ES-də 400 MVt gücündə buxar-qaz qurğusu tikilib istismara verildi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda 3500 meqavata yaxın generasiya gücü, 70 min kilometrə yaxın elektrik verilişi xətləri istismara verilib və beləliklə, enerji sisteminin texniki imkanları iki dəfədən çox artırılıb.

Müstəqillik dövründə enerji sistemində əsaslı yenidənqurma və sürətli inkişaf mərhələsinə keçid isə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanıb. Müasir texnologiyaların tətbiqi ilə yeni generasiya güclərinin və ötürücü infrastruktur obyektlərinin, idarəetmə sisteminin yaradılması, enerjisistemin mübadilə və tranzit imkanlarının genişləndirilməsi bu mərhələnin ən mühüm xüsusiyyətləridir. Dövlətimizin Başçısının müəyyənləşdirdiyi strategiya 2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına, həmçinin 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında öz əksini tapıb. Bu proqramlarda nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində Dövlət Başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikada elektrik enerjisi təchizatında vaxtilə özünə büruzə verən güc çatışmazlığı problemi tamamilə aradan qaldırılıb, iqtisadiyyatın və əhalinin tələbatının ödənilməsində fasiləsizlik və dayanıqlılıq təmin olunub. Son 15 ildə ümumi gücü 2300 MVt-dan artıq 20-dən çox elektrik stansiyası tikilib istismara verilib, ümumi uzunluğu 10 min kilometrdən artıq olan elektrik verilişi xətləri çəkilib, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub, ən son elmi-texniki yeniliklərə əsaslanan rəqəmsal texnologiya – SCADA sistemi tətbiq olunub. Bununla yanaşı, elektrik enerjisinin ixrac potensialı yaradılıb və son bir il ərzində ixracda artım 4 dəfədən çox olub.
 
- Mövcud istilik və su elektrik stansiyalarının modernləşdirilməsi hesabına generasiya imkanlarının genişləndirilməsi, yeni stansiyaların inşası istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Elektrik enerjisi istehsal edən stansiyalarda avadanlıqlara texniki qulluq normativlərinə vaxtında və keyfiyyətlə əməl edilsə də, onların hər birinin konkret istismar müddəti var. Həmin müddət başa çatdıqdan sonra avadanlıqların istismarı həm texniki, həm də iqtisadi cəhətdən əlverişsiz olur. Məhz buna görə də generasiya güclərinin və ötürücü infrastrukturun təzələnməsi davamlı bir proses kimi enerjisistemin dayanıqlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Ölkədə elektrik enerjisi istehsalının 40%-dən çoxunu təmin edən “Azərbaycan” İES-də son dəfə əsaslı yenidənqurma işləri 12 il əvvəl aparılıb, burada enerji bloklarının gücü artırılib. Belə ki, 55 ildən artıq müddətdə istismar edilən “Şirvan İES”-in isə yenidən qurulması texniki-iqtisadi baxımdan əşverişsiz sayılıb, onun ərazisində 780 MVt gücündə müasir tipli yeni “Cənub” elektrik stansiyası inşa edilib istismara verilib. Yenidənqurma işləri eyni silsiləyə daxil olan Minçəçevir və Varvara SES-lərdə, Şəmkir və Yenikənd SES-lərdə aparılıb. Dövlət başçısının tapşırığı əsasında respublikanın müxtəlif bölgələrində kiçik SES-lərin tikintisi uğurla davam etdirilir. Bu gün respublikanın elektrik enerjisinə olan tələbatı “Azərenerji”ninn tabeliyindəki ümumi qoyuluş gücü 5230 MVt olan 12 istilik və ümumi qoyuluş gücü təqribən 1055 MVt olan 12 su elektrik stansiyaları hesabına təmin edilir. Enerji sisteminin inkişaf perspektivləri, yaxın və uzaq hədəfləri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə təsbit edilib. “Azərenerji” bu sənəddə nəzərdə tutulan tədbirlərin icrasında fəal iştirak edir.

- Enerji sisteminin idarəetmə sistemlərinin effektiv fəaliyyətinin təmin edilməsində müasir texnologiyaların tətbiqi vəziyyəti necədir?

- Enerji sisteminin dispetçer idarəetməsində müasir standartalara uyğun - SCADA/EMS/Telekommunikasiya/Enerjinin uçotu sisteminin tətbiqi “Elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı” layihəsi çərçivəsində 2007-2011-ci illərdə həyata keçirilib. Bu sistem “Azərenerji”nin balansında olan elektrik stansiyalarının, yarımstansiyaların və sistem təşkiledici elektrik verilişi xətlərinin vəziyyətinə, texnoloji proseslərə və dəyişikliklərə real vaxtda alınan teleölçülər əsasında fasiləsiz nəzarət və idarə etmək imkanına malikdir və hal-hazırda 46 enerji obyektini əhatə edir. SCADA/EMS sistemi beynəlxalq rabitə protokollarından (İCCP) istifadə olunmaqla ölkə enerjisisteminin qonşu dövlətlərin müvafiq sistemləri ilə texnoloji-dispetçer məlumatlarının mübadiləsini təmin edir. Telefon-rabitə avadanlıqları sistemi fibro-optik şəbəkə üzərindən yaradılaraq tam yenilənib, enerji sistemində çoxsaylı abunəçiləri sürətli, itkisiz və etibarlı rabitə ilə təmin edən telekommunikasiya stansiyalarından ibarətdir. SCADA/EMS sistemi açıq struktura malikdir və sistemə yeni obyektlərin birləşdirilməsinə texniki imkan yaradır.
 
- Enerji sisteminin ən mühüm tərkib hissəsi olan ötürücü infrastrukturun təkmilləşdirilməsi, yenidən qurulması və genişləndirilməsi işləri hazırda hansı səviyyədədir?

- Ötürücü infrastrukturun generasiya gücünə mütənasibliyi enerjisistemin dayanıqlı fəaliyyəti üçün başlıca şərtdir. Yeni elektrik stansiyalarının istismara verilməsi ilə əlqədar olaraq, eyni zamanda, mövcud ötürücü potensialın təkmilləşdirilməsi məqsədilə son illərdə “1-ci, 2-ci Mingəçevir Elektrik Veriliş Xətlərinin yenidənqurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq “Ağdaş” yarımstansiyasının (YS), 220 kV-luq ikidövrəli Mingəçevir ES - Abşeron YS HX-nin tikintisi və 500 kV-luq “Abşeron” yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılıb, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi istifadəyə verilib. Yeni 220 kV-luq “Şimal ES-Hövsan YS” hava xətti, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyası və 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xətti şəbəkəyə qoşulub. Ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər isə enerjisistemin dayanıqlılığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və transsərhəd ticarətinin həyata keçirilməsi üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradıb.

- Regional enerji bazarlarında, xüsusən də, Şimal-Cənub və Şərq-Qərb enerji dəhlizlərininin yaradılmasında ölkəmizin fəal iştirakını təmin etmək üçün enerjisistemdə hansı zəruri işlər görülür?

- Azərbaycanın iqtisadi-coğrafi mövqeyi bizə qonşu ölkələrin enerji əlaqələrinin formalaşmasında birləşdirici rol oynamaq imkanı verir. Bu baxımdan Şimal-Cənub və Şərq-Qərb enerji dəhlizlərinin yaradılmasında ölkəmizin maraqlarını nəzərə alaraq biz enerjisistemin tranzit imkanlarının artırılmasını daim diqqət mərkəzində saxlayırıq. Bununla yanaşı, Azərbaycan enerji sisteminin qonşu dövlətlərin enerji sistemləri ilə paralel iş rejimində işləməsi sahəsində də həm texniki, həm də təşkilati tədbrlər həyata keçiririk.

Hazırda respublikamızın elektrik enerjisi sistemi 330 kV gərginlikli elektrik verilişi xətləri vasitəsilə Rusiya enerji sistemi ilə paralel rejimdə işləyir. Bundan başqa, enerji sistemimiz Gürcüstanın enerji sistemi ilə 330 kV və 500 kV, İran enerji sistemi ilə isə 330 kV, 230 kV və 110 kV gərginlikli elektrik verilişi xətləri vasitəsilə əlaqədədir.

Eyni zamanda, Azərbaycan-İran Hökümətlərarası Komissiyanın 21-22 dekabr 2015-ci il 10 saylı protokolunda Azərbaycan, Rusiyaİran enerji sistemlərinin paralel iş rejiminə keçirilməsi üzrə müzakirələrin aparılması öz əksini tapib. Qarşılıqlı razılaşmaya uyğun olaraq, yol xəritəsi hazırlanır ki, onun da əsasında birinci mərhələdə hər üç enerjisistemin texniki vəziyyətinin qiymətləndirilməsi, sinxron və ya qeyri-sinxron qoşulma imkanları araşdırılmaqdadırlar.
 
- “Azərenerji”nin payız-qış mövsümünə hazırlığı ilə bağlı indiyə qədər görülmüş və hazırda icra edilən işlər barədə də məlumat verərdiniz. 

- Ölkəmizin iqlim şəraiti elədir ki, ilin müxtəlif fəsillərində elektrik enerjisinə tələbatda ciddi fərq müşahidə edilmir. Buna görə də istər yaz-yay, istərsə də payız-qış mövsümlərində enerjisistemin dayanıqlılığını təmin etmək üçün energetiklər gecə-gündüz çalışırlar, öhdələrinə düşən vəzifələri daim vaxtında və keyfiyyətlə yerinə yetirməyə səfərbərdirlər. Bununla belə, elektrik stansiyalarında, yarımstansiyalarında, elektrik verilişi xətlərində 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı yenidənqurma, əsaslı, orta və cari təmir işlərinin aparılmasına dair kompleks tədbirlər planı icra edilib. Bu işlər həmçinin "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində icrası nəzərdə tutulan elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi kimi prioritet tədbirlərin tərkib hissəsidir. 

Eyni zamanda payız-qış mövsümünə hazırlıq dövründə “Mingəçevir” SES-də 330 kV-luq açıq paylayıcı qurğu və “Varvara” SES yenidən qurulub, 1,5 MVt-lik “Balakən” və 1,6 MVt-luq “İsmayıllı-2” kiçik SES-ləri istismara verilib. “Azərbaycan” İES və “Şirvan” İES-in enerji bloklarında əsaslı təmir, ”Sumqayıt”, ”Cənub” və “Şimal-1” elektrik stansiyalarının buxar-qaz avadanlıqlarının planlı təftişi aparılıb, profilaktik baxışlar keçirilib. 110-500 kV-luq yarımstansiyalarda təsdiq olunmuş təmir cədvəlinə əsasən, avadanlıqların əsaslı və cari təmir işləri yerinə yetirilib, 93 ədəd transformator, 314 ədəd eleqaz açarı, 268 ədəd vakuum açarı əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsi, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri davam etdirilir.
Enerji müəssisələrinin payız-qış mövsümündə hazırlıq səviyyəsini noyabrda “Azərenerji”nin xüsusi komissiyası qiymətləndirəcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək. 

Sonda fürsətdən istifadə edərək, Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edən və ölkəmizin enerji təhlükəsizliyinə töhfə verən energetiklərimizin peşə bayramını təbrik edirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar